AZ EN RU

Murovda donan arzular

Onun ən böyük sevgisi elə Vətənin özü idi. Belə olmasa idi hərbçi olmaq kimi çətin peşəyə sahiblənməyə can atmazdı, bəlkə də. Boy, buxununa elə də yaraşırdı ki hərbi forma. Hər qapıdan girəndə boyuna qurban kəsim, deyirdi anası. Hər həftə sonu Heydər Əliyev adına Hərbi Liseydən çıxıb evə gələndə bayram olardı evdə. İbrahim gəlir deyə ləvin-ləvin yeməklər bişirərdi Xurşud xala. Nə qədər liseydə bizə hər cür yemək verirlər, desə də İbrahim, yeməyi öz əli ilə yedirdərdi anası. Ana yeməyinin dadı bir başqadır, ye sınıxmısan, deyərdi.

İllər tez-tez ötür İbrahim böyüyüb kəndin yaraşıqlı oğlanlarını da keçirdi. İdmanla məşğul olur, xarici dil öyrənirdi. Xüsusi təyinatlı olmaq keçirdi, çünki ürəyindən. Artıq Ali Hərbi Məktəbə getmək vaxtı çatanda ananın ürəyi dözmür, Bakıya necə gedib gələcəyini düşünürdü. Səməd kişi səbirli idi, oğul düşmən qarşısında Vətənə sipərdir, deyirdi. Təhsil də alsın, təcrübə də qazansın, ta ki layiqli oğul olsun. Tez-tez gedib görərik İbrahimi qəm yemə, xanım deyirdi.

Vaxt gəldi, vədə yetişdi İbrahim təhsilini tamamlayıb Vərməziyara qayıdanda əynindəki formanı, çiynindəki ulduzları görən Xurşud ananın ürəyi dağa döndü. Necə də bəy paltarı yaraşar balama, dedi. Amma ana nə qədər tələssə də, İbrahimin fikri işğalda olan torpaqlarda idi. Ovunu gözləyən pələng kimi hazırlaşırdı düşmən üstünə atılmağa. Yenə də sağollaşıb gedəndə məndən nigaran qalmayın dedi və getdi. Yollara dikilən baxışlarda əbədi həsrətin donacağını bilməzdi həmin gün əzizləri. Vətən müharibəsi başlayan gün sanki od düşdü bütün analar kimi Xurşud ananın da ürəyinə. 44 gün dua etdi hamının balası sağ-salamat qayıtsın deyə.

 Kiminin balası bayrağı özünə kəfən bilib qayıtdı, kimisi gözünün nurunu, kimisi əlini, ayağını Vətənə qurban verib, kimisi bədəni dolu qəlpə ilə qayıtdı, amma İbrahimdən səs gəlmədi ki, gəlmədi. Düz 4 il keçib 44 günlük savaşın bitməsindən, Xurşud ananın gözləri yenə də yollara dikilir kəndə gələn yollara. Bu yollar axı aparmışdı İbrahimi Murova kimi. Kim bilir, bəlkə, bir gün o qarlı dağların buzları bir ananın ürəyinin oğul həsrətinin alovları ilə əriyib suya dönəcək. Bəlkə, onda Murovun buz kəsmiş qəlbi isinəcək, igid oğullara, qızlara məzar olmaqdan əl çəkəcək. Bəlkə, onda İbrahim də geri qayıdıb anasının hər gün onun üçün ayırdığı payını götürəcək, gözaltı etdiyi gözəli bəyənib bəy taxtına çıxacaq…

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 11.06.2024 11:00