AZ EN RU

Muradına çatan Murad

    Bir igid də uyuyur Şərur elində.  Muradına çatan Murad deyir ona əzizləri. O da həmin igid oğullardandır ki, xalqımıza qələbə sorağı gətirib, özü torpağa, Vətənə döndü. Şərur rayon Çomaxtur kəndinin Vətən müharibəsində igidlik göstərən oğullarındandır Murad. Azadın, Aqilin, Zülalın tale yoldaşı. Hərəsi bir yerdən üz tutmuşdu Vətən döyüşlərinə. Aqil Murovda, Azad, Zülal Şuşa uğrunda, Murad isə Xocavəndin azad olunmasında döyüşmüş, əhdinə çatmışdı. O da ürəyində Vətən sevgisi, köksündə üçrəngli ay-ulduzlu bayraq, çiynində silah daşıyıb, qarlı aşırımları, keçilməz dağları aşıb, illərdir, arzusunda olduğumuz o günü – şanlı Qələbə gününü xalqımıza yaşadanlardan biri olmuşdu.
    Kiçik çavuş  Murad Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə, oktyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. O, igidliyi ilə yoldaşlarından geri qalmayıb son nəfəsinə kimi döyüşüb, bir ovuc torpaq olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin  sərəncamları ilə “Vətən uğrunda”,  “Şuşanın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Onun ailəsi də dövlətimiz tərəfindən hər bir şəraitə malik olan mənzillə təmin edilib. Muradın yadigarı bir qız övladı böyüyür indi o mənzildə. Gözünün nuru bircə balası  bütöv Azərbaycanın bəxtəvər övladı kimi böyüyür. İllər keçdikcə, dünyanı dərk etdikcə, o öz şəhid atası ilə fəxr duyacaq. Biləcək ki, onların atalarının sayəsində alnımızdakı qara ləkə silindi. Vətənimiz bütöv oldu. Şuşamız, Ağdamımız, cənnət Qarabağımız şəhidlərin qanı, canı bahasına Vətəninə qovuşdu. 
    O, qürur duyacaq ki,  artıq kənd­lərinə gedəndə atasının rəsmi qarşılayacaq onu bu yaşayış məntəqəsinin dörd igidinin rəsmləri ilə birlikdə. Çomaxtur kəndinə gələn qonaqları da. Onların məğrur duruşu tarix dərsi keçəcək illər boyu hamıya. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 20.09.2023 17:56