AZ EN RU

Müqəddəsdir, müdrikdir müəllim ömrü

    Müəllim– bu söz özündə böyük bir məna ifadə edir. Elə peşələrin ən məsuliyyətlisi və ən şərəflisi  də məhz müəllimlikdir. Fikrimcə, əsl müəllimlik, pedaqoqluq anadangəlmə bir istedaddır, vergidir. Müəllimlərin hər birimizin taleyində böyük rolu vardır. O təkcə bilik öyrətmir, tərbiyə edir, bəzən də ən yaxın dostumuz olur. Gələcəyimizi etibar edəcəyimiz gənclərin istedadlı, bacarıqlı, milli ənənələrə sadiq yetişməsində mühüm rolu olan müəllimlərimizi unutmaq mümkün deyil. Belə müəllimlərdən biri də 70 illik həyatının yarısından çoxunu riyaziyyat elminin inkişafına, gənclərin maariflənməsinə həsr edən, səmimi insan, yaxşı pedaqoq, alim, Naxçıvan Müəllimlər İnstitutunun professoru Yaqub Məmmədovdur. Gəlin Yaqub müəllimi yaxından tanıyaq.

    O, 1952-ci il noyabr ayının 25-də Naxçıvan şəhərində anadan olub, Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli orta ümumtəhsil məktəbində təhsil alıb. Riyaziyyat elminə olan sevgi və həvəsi Yaqub Məmmədovu 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Mexanika-riyaziyyat fakültəsinə imtahan verməyə sövq edib. Qəbul imtahanlarında yüksək uğur qazanan Yaqub Məmmədov həmin il Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasına daxil olub, 1976-cı ildə həmin ixtisası müvəffəqiyyətlə bitirib. 1976-1978-ci illərdə təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis-proqramçı-riyaziyyatçı vəzifəsində işləyib. 1979-cu ildə göndərişlə Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna  Elektron Hesablayıcı Maşınlar üzrə  rəis vəzifəsinə təyin olunub, sonralar Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin  aspiranturasına yüksək balla qəbul olub, 1992-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda “Naməlum sərhədli elliptik məsələnin ədədi-analitik tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1996-cı ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. 1996-2003-cü illərdə “Naxçıvan” Universitetində kafedra müdiri, dekan vəzifələrində işləyib. 2004-2018-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun elmi-metodik işlər üzrə prorektoru vəzifəsində çalışıb. 
    Yaqub müəllim 2007-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul olub və 2015-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında “Dankl operatorunun doğurduğu funksiyalar fəzasında və  Heyzenberq qrupunda təyin olunmuş inteqral operatorlar” mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini alıb. 2013-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2019-cu ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri vəzifəsində işləyir. O, 150-dən çox elmi-metodik əsərin müəllifidir. Onun 1 monoqrafiyası, 1-i xaricdə olmaqla, 3 dərs vəsaiti, 2 metodik vəsaiti, 2 metodik tövsiyəsi, 4 fənn proqramı, 14-ü xaricdə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda olmaqla, 64 elmi-metodik məqaləsi, 41 beynəlxalq konfrans materialı, 34 respublika konfrans materialı nəşr edilib. Yazdığı məqalələrə 179 istinad olub. 2020-ci ildə  riyaziyyatın Harmonik analiz sahəsində tanınmış alimlərdən Yaponiya Tokio Metropolitan Universitetinin professoru Yoshihiro Sawano, İtaliya Kataniya Universitetinin professoru Giuseppe Di Fazio və İndoneziya Bandung Universitetinin doktoru DennyIvan Hakimi ilə birlikdə hazırladıqları “Morri fəzaları: inteqral operatorlar və xüsusi törəməli diferensial tənliklərə giriş və əlavələr” adlı ikicildlik mono­qrafiya nəşr olunub. Həmin mono­qrafiyaya Yaqub Məmmədovun da Nyu-Yorkda və Hindistanda dərc olunmuş iki məqaləsi daxil edilib. Professorun 20-dən çox məqaləsi indeksləşdirilərək Amerika Riyaziyyatçılar Cəmiyyətinin saytında yerləşdirilib. Bu isə onun bir alim kimi beynəlxalq aləmdəki nüfuzunun təzahürüdür.
    Yaqub Məmmədov həyatını elmə həsr edən alim, qayğıkeş müəllimdir. Onun xarakterindəki bütövlük, zənginlik, sözü və əməlindəki vəhdət insana çox şey öyrədir. Çünki o, daim müəllim-tələbə kollektivi ilə ünsiyyətdə olur, onlara çətin anlarında köməklik edir. Onun pedaqoji, təşkilatçılıq və idarəçilik keyfiyyətləri sayəsində yüzlərlə gənc bu gün cəmiyyətimizdə layiqli yer tutub və ölkənin elm həyatında fəal iştirak etməkdədir. Yaqub müəllim hazırda iki doktoranta rəhbərlik edir. Hər iki doktorantın fəlsəfə doktoru proqramı üzrə dissertasiyaları hazırdır və ilkin müzakirə üçün Naxçıvan Dövlət Universitetinin elmi seminarına təqdim edilib. Yaqub Məmmədov  həyatda qazandıqları ilə kifayətlənmir, daim axtarışlarını davam etdirir, ictimai fəaliyyətini gündən-günə genişləndirərək elmimizin inkişafı üçün əlindən gələni əsirgəmir.
    Qəlbi təmiz, əməli düz insanlar həmişə zirvələrə ucalır, daim uğurlar qazanır, bütün kollektivin istəklisi olurlar – Yaqub Məmmədov kimi. Naxçıvan Müəllimlər İnstitutunun kollektivi adından Yaqub müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.

Nazilə MURADOVA
  Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Nəşr edilib : 25.11.2022 21:53