AZ EN RU

Müqəddəs Ramazan ayı – günahların bağışlandığı, mənəviyyatı zənginləşdirən birlik, həmrəylik ayı

Dini-mənəvi dəyərlərimiz

    Milli-mənəvi dəyərlərimizi özündə yaşadan, bütün müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayındayıq. On bir ayın sultanı olan bu ay qəlbimizi nurlandıran, bizi əxlaqi saflığa dəvət edən, Allah və din qarşısında borclarımızı yerinə yetirmək üçün bir İlahi fürsətdir. Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda dini-mənəvi dəyərlər qorunub yaşadılır, Ramazan bayramı hər il böyük təntənə ilə qeyd edilir. 

    2022-ci il mart ayının 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran məsələlər barədə keçirilən müşavirə də qədim diyarımızda dini-mənəvi dəyərlərə böyük diqqət və ehtiram göstərilməsinin ifadəsidir. Ali Məclisin Sədri cənab Vasif Talıbov həmin müşavirədə deyib: “İslam elm və təhsilə, mənəvi saflığa çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu olmuşdur. Peyğəmbərimiz də elmi dinin nizamı kimi dəyərləndirmişdir. Müqəddəs kitabımız “Qurani-Kərim” də “Oxu” əmri ilə başlayır. Naxçıvanda elmə və təhsilə yüksək dəyər verilməsinin başlıca səbəblərindən biri də onun mənəviyyatımızla sıx bağlı olmasıdır. Belə bir yanaşma da var ki, elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır. Buradan o nəticəyə nail oluruq ki, sağlam mənəviyyatın formalaşdırılmasının ikinci yolu – elmlə dinin vəhdəti günün tələbidir”. Adıçəkilən müşavirədə muxtar respublika rəhbəri dini-mənəvi dəyərlərimizə tariximizin mirası kimi yox, bu günümüzün və gələcəyimizin təminatı kimi yanaşılması zərurətini də vurğulamışdır. Biz də bu ayın fəzilətləri, yerinə yetirilməli ibadət və əməllər barədə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədovla həmsöhbət oluruq.
    Müsahibim bildirir ki, bu gün Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərimizin yaşadılması, təbliği istiqamətində geniş işlər görülür. Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın əsas fəaliyyətlərindən biri də elə budur. Diyarımızda insanlarımız tərəfindən mənəvi dəyərlərə böyük önəm verilir. Naxçıvanda İslam aləmində iki böyük bayramımız olan Qurban və Ramazan (Fitr) bayramları milli adət və ənənələrimizə uyğun şəkildə keçirilir. Müqəddəs Quranın bir ayəsində Allah-Taala buyurur ki, yeyin, için, amma israf etməyin. Çünki Allah israf edənləri sevməz. Diyarımızda yas mərasimləri sadə şəkildə, israfa yol verilmədən icra olunur. Bayram namazları vaxtlı-vaxtında qılınır. Burada milli-mənəvi dəyərlərimizin yaşadılmasının bir nümunəsi də nəinki şəhərlərimizdə, ən ucqar kənd yerlərində belə, məscidlərin, mərasim evlərinin tikintisi, bərpasıdır. Bu gün muxtar respublikamızda 214 məscid vardır. Naxçıvan şəhərində inşası davam etdirilən, 5 min nəfərin ibadət edə biləcəyi yeni məscid, eyni zamanda Ordubadda bərpa olunan qədim Cümə məscidi də dini-mənəvi dəyərlərimizə hörmət və qayğının bariz nümunələridir. Bu tarixi-dini abidələrdə islam dəyərlər və milli memarlıq üslubu qorunub saxlanılır. Beləliklə, görülən işlər hesabına Ramazan ayında da insanlarımız rahat şəkildə  öz ibadətlərini yerinə yetirə bilirlər.  Xüsusilə qeyd etmək istərdim ki, bu il Ramazan ayı bizim üçün ikiqat sevinclidir. Dövlət başçımızın apardığı düzgün siyasət, qeyrətli Vətən oğullarımızın şücaəti, qəhrəmanlığı nəticəsində işğaldan azad edilən torpaqlarımızda da azan səsləri ucalır, namazlar qılınır, ibadətlər, dualar edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz heç vaxt onları unutmuruq, unutmayacağıq, gələcək nəsillərə də bunu aşılayırıq. 
    Ramazanın tarixi, orucun mahiyyəti barəsində  danışan müsahibim deyir ki, müqəddəs kitabımız “Qurani-Kərim”in “Bəqərə” surəsinin 183-cü ayəsində Yaradanımız buyurur: “Ey iman gətirənlər! Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə, təqvalı olasınız”. Bu ayənin məzmun və təfsirinə baxanda görürük ki, Ramazan ayının tarixi Adəm Peyğəmbərin dövrünə təsadüf edir. Bir ayədə Allah-Taala buyurur ki, ey Peyğəmbər (Məhəmməd peyğəmbəri (s.a.v) nəzərdə tutur) mən sənə “Quranı-Kərim”i nazil etməklə bütün İslam dinini kamil etdim. Yəni bu din kamil bir din olaraq gələcək nəsillərə çatdırılmalıdır. Hər Peyğəmbərin dövründə bu müqəddəs ayda müəyyən oruc növü bəyan olunmuşdu. “Qurani-Kərim”in “Məryəm” surəsində böyük yaradanımız buyurur ki, Həzrəti Məryəm (s) ozamankı dövrdə susmaq orucu tutmuşdu. Peyğəmbərimizdən bir hədis var, buyurur ki, oruc tutmaq səni cəhənnəm odundan saxlayar. O oruc ki kamil oruc ola. Bu gün dinimiz İslam bizə başa salır ki, nəinki insanın mədəsi, ağzı, gözü, əli, qulağı da oruclu olmalıdır. Yəni təkcə mədəni ac saxlamaqla oruc tutmuş sayılmazsınız. Bütün bədən üzvləri oruc olmalıdır. Oruc tutmaq insanları bütün günahlardan saxlamalıdır. Məsələn, gözü oruc olmalıdır deyəndə  naməhrəmə, pis şeylərə gözünü yummalıdır. Dil oruc tutmalıdır deyəndə böhtan deməməli, qəlb qırmamalıdır. Qulağı oruc olmalıdır o mənada ki, qeybətdən uzaq olmalıdır. Bir rəvayətdə var ki, qeybət edən adamı dinləmək və yaxud onun dediklərinin şahidi olmaq belə, günah sayılır, bu anda bağışlanmaq lazımdır. Əli oruc olmalıdır o mənada ki, oğurluq etməməlidir. Ayaqları oruc olmalıdır dedikdə günah yerlərə getməməyi tövsiyə edilir. Ürəyi oruc olmalıdır, o mənada,  qəlbi daş olmamalıdır. Yuxarıda sadaladıqlarımızı təkcə Ramazan ayında deyil, bütün aylarda yerinə yetirmək lazımdır.
    Sahib Məmmədov söhbət əsnasında onu da  bidirdi ki, ümumiyyətlə, İslam dini insanı mənəvi paklığa, halallığa, dürüstlüyə səsləyən mənəvi dəyərlərlə zəngin bir dindir. Bu dinin gənclərimizin mənəvi tərbiyəsində böyük rolu vardır. Təsadüfi deyil ki, müşavirədə də Ali Məclisin Sədri gənclərin vətənpərvərlik tərbiyəsində İslam dininin mühüm rolunu qeyd etmiş,  dindarların üzərinə, bu mənada, mühüm vəzifələr düşdüyünü vurğulamış, din xadimlərinə bu məramı əsas götürməyi tövsiyə etmiş, gənclərimizin Vətənə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuraya bu sahədə sistemli iş aparmağı tapşırmışdır. Şuranın sədri bundan sonrakı fəaliyyətlərini məhz bu mühüm tövsiyə və tapşırıqlar istiqamətində quracaqlarını söyləyir. Həmçinin bildirib ki, şura muxtar respublika rəhbərinin verdiyi tapşırıqlara uyğun olaraq dini bayramların, ayinlərin və yas mərasimlərinin bundan sonra da dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsinə diqqət edəcək, məscidlərdə oxunan xütbələrin mənəvi dəyərlərimizə zidd olmayan mövzulara həsr edilməsinə, vətənpərvərlik və torpağa bağlılıq kimi ali dəyərlərin İslam əxlaqı prizmasından izahına səy göstərəcək. Həmçinin Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birlikdə muxtar respublikada Ramazan və Məhərrəmlik aylarının fəzilətlərinə və dəyərlərimizə uyğun keçirilməsi istiqamətində işlər görəcək. 
    Müsahibimin sözlərinə görə, Peyğəmbərimizdən bir hədis var, buyurur ki, bu ay sizin üçün özəl bir aydır. Allah-Taala bizi bu ayda ona görə  oruc tutmağa çağırır ki, bağışlanaq və özümüzü bağışladaq. Bu, o demək deyil ki, digər 11 ayı günah işləyib  bu bir ayda bağışlanaq. Xeyr. Əsası budur ki, biz nəinki bu bir ayda  paklanmalıyıq, biz başqa aylarda, günlərdə də oruc olmalıyıq, heç vaxt günah etməməliyik, kiminsə qəlbinə dəyməməliyik, tövbə etməliyik. Bu bizi mənəviyyata aparar. Bu ayda qocaları, ahılları ziyarət etməliyik, iftarlıq verməliyik. Küsülü insanlar bu ayda barışmalıdır. Əhya gecələrində oyaq qalaraq dualar edilməlidir. Əhya “ihya” sözündən olub dirilmə, canlanma, oyanma deməkdir. Burada oxucularımızın, xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, bu il  əhya gecələri aprel ayının 19, 21, 23-nə, bir rəvayətdə də var ki, 27-nə də təsadüf edir. Müqəddəs “Qurani-Kərim” məhz bu gecələrin birində nazil olub. Buyurulur ki, Qədr gecələri min aydan xeyirlidir. Müqəddəs kitab nazil olan gecədə insan Allahından nə istəsə ona nəsib edər. Həm də bu gecədə gələn il əhya gecələrinə kimi insanın  təqdiri-ilahisi yazılır. Qeyd edim ki, bu gecələrdə ən mühüm ibadətlərdən biri də namaz qılmaq və dua etməkdir. Tövsiyə edirəm ki, bu ayda dualarınızı çox eləyin. Xüsusilə əhya gecələrində “Cövşən-Kəbir” duaları, Aşura ziyarətnaməsi oxunacaq. “Qurani-Kərimi” başımızın bərabərinə qaldırıb deyəcəyik ki,  Xudaya, sənə and verirəm, Qurana xatir bizi din-islam yolunda sabitqədəm gedənlərdən qərar ver. Bu gecələrdə xəstələrə, qazilərimizə şəfa tapmaları üçün dua edirik. Vətən yolunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxuyuruq. Allah-Taala buyurur ki, sizin qərar tapdığınız Ramazan ayının gecələri o biri gecələrdən, gündüzləri o biri gündüzlərdən fərqlidir. Bizim hər birimizin borcudur ki, bu ayda  qəlbimizdəkiləri ondan istəyək, Allahın rəhməti və məğfirətindən qafil olmayaq. “Ğafir” surəsində Allah-Taala onu da buyurur ki, siz məndən istəyin, mən də sizin dualarınızı müstəcab eləyim. Gəlin bu Ramazan gecələrində Allahın hüzurunda olaq, ona bəndəlik edək. Xoş o insanların halına ki bu Ramazan ayından yetəri qədər istifadə edir, orucunu tutur. Kimlər də ki xəstəlik səbəbi ilə orucu tuta bilmirlər, Allah onlara da tezliklə şəfa  versin. 
    Müsahibim onu da qeyd edir ki, susuzluq gətirən xəstəliklərə düçar olanlar, şəkər xəstələri,  hamilə qadınlar, süd verən analar, əqli cəhətdən sağlam olmayan insanlara oruc  vacib deyil. Qəsdən yemək, içmək, başını suya batırmaq və sairlə yanaşı, orucu batil edən əməllərdən  biri də yalan danışmaqdır. Oruc tutmaq elə bir ibadətdir ki, insan burada həm canı ilə, həm də pulu, maddiyyatı ilə oruc tuta bilər. Belə ki, oruc tutmayan, tuta bilməyən insanlar gün ərzində bir fəqirin qarnını doyuzdurmalıdırlar. Bir insan əgər oruc tutmursa, gündəlik 5 manat öz büdcəsindən çıxarıb bir fəqirə verməlidir. 
    Ramazan ayında yerinə yetirilməli olan vacib əməllərdən biri də fitrə zəkatı verməkdir. Müsahibim bu barədə də danışaraq dedi ki, Ramazan ayının orucunu tutandan, əhya gecələrini qeyd edəndən sonra elə ki insan özünü bağışlatdı – Allah tərəfindən bizə əmr olunur: Ey mənim bəndəm, necə ki sən oruc tutdun, qəlb qırmadın, böhtan demədin – sən bağışlandın. Sən malından da bir şey çıxartmalısan. Malıynan insan fitrə zəkatını çıxarır. Zəkat verən sanki yeni dünyaya gəlmiş körpə təki pak olur. Zəkat həm də onu deyir ki, əgər sən xeyirxahlıq, xeyriyyəçilik, insanlıq etmirsənsə,  sənin tutduğun oruc, yerinə yetirdiyin digər ibadətlərin də  Allah qatında qəbul olunmaz. Fitrə zəkatı o insanlara verilməlidir ki, gündəlik dolanışığını təmin edə bilmir və həqiqətən, ona ehtiyacdır. Allah bütün tutulan orucları, verilən iftar süfrələrini qəbul etsin. Allah-Taala xalqımıza, millətimizə, dövlətimizə yaman gün verməsin, onları qorusun. Allah-Taala dövlət rəhbərimizi qorusun, muxtar respublika rəhbərimizə cansağlığı versin. Bu ayda muxtar respublikada iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi, şəhid və qazi ailələrinə, ahıl, xəstə və kimsəsizlərə, aztəminatlı ailələrə, əcnəbi vətəndaşlara və xüsusilə də xarici ölkələrdən gələrək muxtar respublikamızda ali təhsil alan tələbələrə Ramazan sovqatlarının verilməsi müqəddəs dinimizə, dini-mənəvi dəyərlərimizə böyük ehtiramdan irəli gəlir. Biz bu diqqətə görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımızı bildiririk. 
    Yazımızın sonunda qeyd edək ki, muxtar respublikamızda may ayının 2-də Ramazan bayramı böyük təntənə ilə qeyd ediləcək. Bütün məscidlərimizdə bayram namazları qılınacaq, fitrə zəkatları  çıxarılacaq. Beləlikə, bu il də milli birlik, həmrəylik, dostluq bayramımız Ramazan xalqımızın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 12.04.2022 19:04