AZ EN RU

Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclas, eləcə də iclasdan sonra prezident cənab İlham Əliyevin Azərbaycan televiziya kanallarına aktual müsahibəsi ölkə, eləcə də muxtar respublika  gündəminin əsas mövzularındandır.

Tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev bizimlə müsahibəsində bu mühüm və tarixi görüş barədə fikirlərini bölüşdü.

 – Arzu müəllim, Münxen Təhlükəsizlik Konfransının iclasında Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı tarixi məsələlər müzakirə edildi. Bu iclası necə şərh edərdiniz? Onu digərlərindən fərqləndirən nə idi?

Bu günlərdə Münxendə “Dialoq vasitəsilə sülh” şüarı altında yenidən toplanan Təhlükəsizlik Konfransının bu dəfəki missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər və sair  arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək idi. Münxen Təhlükəsizlik Konfransının yeni sədri səfir Kristof Heusgenin rəhbərliyi ilə təşkil edilən bu sessiya  indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması ilə səciyyələndi. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirdi. Bu konfransa ölkəmizin başçısının ali qonaq kimi dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. O da xüsusi vurğulanmalıdır ki, Prezident cənab İlham Əliyev builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunan və diqqət mərkəzində olan çox az sayda dövlət başçılarından biridir.

 – Bildiyimiz kimi, bu görüş bir daha ölkə başçısı Prezident cənab İlham Əliyevin regionda sülhü, təhlükəsizliyi təşviq edən böyük siyasi dövlət xadimi kimi dünyadakı nüfuzunu göstərdi...

 – Bəli, Münxen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, cənab İlham Əliyev kimi uğurlu Liderin fikir və yanaşmaları beynəlxalq birlik üçün olduqca əhəmiyyətlidir. Bunun nəticəsidir ki, beynəlxalq birlik Prezident cənab İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir.

 – Arzu müəllim, Münxendə mühüm görüşlər və müzakirələr həyata keçirildi. Ermənistan tərəfi bu konfrans çərçivəsində də müxtəlif bəhanələri və qeyri-obyektiv fikirləri  ilə yadda qaldı. Siz Ermənistan baş nazirinin Münxendəki bu dəfəki çıxışlarını necə  dəyərləndirərdiniz?

 – Ölkə rəhbəri cənab İlham Əliyevin konfransın əsas proqramı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirakı, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmaqla yanaşı Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bir daha bəyan etdi. Sonuncu panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakdan imtina etməsi görünür, Paşinyanın 2020-ci ildə Münxendə onun üçün utancverici məğlubiyyəti və biyabırçılığı yenidən yaşamamaq istəyindən irəli gəlib. Xatırladaq ki, həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, Ermənilərin əsassız iddialarını beynəlxalq müstəvidə alt-üst etdi. Bu toplantıdan cəmi bir neçə ay sonra isə 44 günlük Vətən savaşında  Azərbaycanın şanlı qələbə çalması Paşinyana və dünya erməniçiliyinə  verilən tarixi dərs oldu.  Bir sözlə Ali Baş Komandanın 59-cu Münhen Təhlükəsizlik Konfransında ortaya qoyduğu mövqe, siyasi iradə, dövlətimizin dünya miqyasında bir çox istiqamətdə növbəti beynəlxalq qələbəsi  kimi yazıldı.

 –Müsahibə üçün sağolun.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.02.2023 12:36