AZ EN RU

Münxen Təhlükəsizlik Konfransı

    Münxen Təhlükəsizlik Konfransı ilk dəfə NATO ölkələrinin 60-a yaxın nümayəndəsinin iştirakı ilə 1963-cü ilin payızında “Ümumdünya Hərbi İşlər Konfransı” adı altında toplanmışdır. Öz kateqoriyasında dünyanın ən böyük müzakirə platforması olan konfransın iştirakçılarının sayı və nüfuzu getdikcə artmaqda, miqyası və coğrafiyası genişlənməkdədir. Bu il keçirilən platformaya 800-dən artıq şəxs dəvət olunmuşdu. Onların da 45-i dövlət və hökumət başçıları, 83-ü müdafiə və xarici işlər nazirləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri, şirkət sahibləri, nüfuzlu politoloqlar və media nümayəndələri idi. Rusiya Ukrayna ilə ədalətsiz müharibə səbəbindən uzun illərdən sonra ilk dəfə builki konfransa dəvət almayıb.

 

     Ən müxtəlif aktual qlobal məsələlərin müzakirə müstəvisinə çıxarıldığı platformada, şübhəsiz ki, builki konfransın əsas müzakirə mövzusu artıq bir ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi oldu. Təsadüfi deyil ki, platformanın rəhbəri Kristof Heusgenin konfransda açılış çıxışından dərhal sonra Ukrayna prezidenti Volodimir Zelenskinin canlı videoyazı formatında müraciəti baş tutdu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, Rusiya-Ukrayna müharibəsində bu və ya digər formada iştirak edən ölkələrin sayına və coğrafiyasına nəzər salsaq, faktiki olaraq, qeyri-ənənəvi formada üçüncü dünya müharibəsinin getdiyinin şahidi oluruq. Belə bir şəraitdə bu müharibə iki dövlət arasındakı hərbi münaqişə yox, qlobal təhlükəsizliyi və beynəlxalq sülhü təhdid edən dünya müharibəsidir. Maraqlıdır ki, bu istiqamətdə əsas müzakirə mövzusu Ukraynaya yardım və Qərbin yeni dünya düzəninin qurulmasındakı rolu olsa da, bu perspektivin heç də indikindən daha az mürəkkəbliyə və qeyri-müəyyənliyə malik olmadığını, münaqişələrin və onların hərbi həll yollarının gələcəkdə də istisna edilmədiyini göstərir. Belə ki, konfransın gündəliyinə Rusiya-Ukrayna müharibəsinə və onun tərəflərinə münasibətdə NATO hərbi bloku daxilindəki fikir ayrılıqları, Rusiya əleyhinə vahid və effektiv blokun yaradılması,  Avropa ölkələrinin müdafiə xərclərinin artırılması,  Avropa İttifaqının Çinlə münasibətləri, enerji və iqlim məsələləri, texnologiyalar və kibertəhlükəsizlik mövzuları daxil idi. Yəni, əslində, bütün müzakirə mövzularının bu və ya digər dərəcədə bir-biri ilə əlaqəli olduğu danılmazdır.
    Qeyd edək ki, 2020-ci ildə olduğu kimi, builki konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı və fəallığı milli diplomatiya tarixinə yenə də uğurlu hadisə kimi yazıldı. İlk növbədə, dövlət başçımızın keçirdiyi görüşlərin əhəmiyyətinə nəzər salaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə dövlət başçısı Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini bəyan edib, eləcə də Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərinin davam etdirilməsi, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti müzakirə olunub. 
    Elə buradaca qeyd edək ki, Prezident İlham Əliyevin keçirdiyi görüşlər arasında ictimaiyyətə açıqlanan “ən xəsis” məlumat ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid ilə görüşü haqqındadır. Amma dövlətimizin başçısının mətbuata verdiyi müsahibədən, xüsusilə Ermənistan baş naziri ilə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda səsləndirdiyi fikirlərdən başa düşmək olur ki, müzakirələr postmünaqişə dövrü proseslərində ATƏT-in iştirakı, o cümlədən bədnam Minsk qrupunun taleyi istiqamətində olub. Həmin paneldə ATƏT-in Baş katibi vurğuladı ki, bu təşkilatın regional əməkdaşlığı, ticarət əlaqələrini və bağlılığı təşviq etmək üçün mandatı var. Sərhədlər, itkin düşmüş şəxslər, həbs olunmuş insanlar, qarşılıqlı etimadın qurulması, həmçinin minalarla bağlı həll edilməli olan açıq məsələlər var. Buna görə ATƏT əlində olan bütün vasitələrdən istifadə etməyi zəruri sayır. Başqa sözlə, aydındır ki, Minsk qrupunun mövcud olmadığını ATƏT özü də qəbul edir, lakin bölgədəki postmünaqişə dövründə hansısa şəkildə iştiraka da can atır. Lakin maraqlıdır ki, xanım Şmidt münaqişənin həll olunduğu iki ildən artıq müddətdə ATƏT-in mandatının olduğunu iddia etdiyi məsələlərlə bağlı təmsil olunduğu təşkilatın “gördüyü” işlərdən də danışıbmı? Məsələn, postmünaqişə dövrünün ən başlıca humanitar məsələsi olan minaların basdırılması, özü də məhz münaqişə bitdikdən sonra ermənilərin cinayətkar minalama fəaliyyətləri ilə bağlı ATƏT-in hər hansı təsirli addımı, bəyanatı olubmu? 
    Əvəzində ölkəmiz Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar şəraitində Avropa məkanı üçün, obrazlı şəkildə desək, əsl nəfəsliyə, ümid pəncərəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 17-də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakı zamanı ölkə­mizin ötən il Azərbaycanın qaz təchizatını artırmasının qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışıb, orta və uzunmüddətli perspektivdəki hədəfin Azərbaycanın təşəbbüsçüsü olduğu Cənub Qaz Dəhlizinin genişləndirilməsi olduğunu bildirib. Ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi qərara alınıb. Belə ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycanla Avropa İttifaqı arasında bərpa olunan enerjinin xüsusi rolu vardır. Artıq 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər, o cümlədən 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli memorandum imzalanıb. 
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi görüşlərin bir çoxu məhz enerji, xüsusilə “Yaşıl enerji” ilə bağlı məsələlərin müzakirəsi və həllinə yönəlik idi. Belə ki, Almaniyanın Şərqi Biznes Assosiasiyasının Baş icraçı direktoru Mixael Harms ilə görüşdə müxtəlif sahələrdə, xüsusən azad edilmiş torpaqlarda bərpa-quruculuq, nəqliyyat, logistika və bərpa olunan enerji sahələrində əməkdaşlıq üçün alman şirkətləri dövlətimizin başçısı tərəfindən Azərbaycana dəvət edildi. Azərbaycanın təşəbbüsçüsü olduğu Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində maliyyə tərəfdaşı kimi yaxından iştirak edən Avropa İnvestisiya Bankının (AİB) prezidenti Verner Hoyerlə görüşdə də rəqəmsal transformasiya, bərpa olunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsində AİB-in tərəfdaş kimi iştirakı müzakirə olunub. Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpa olunan enerji potensialının reallaşdırılması istiqamətində artıq üç ölkə (Gürcüstan, Rumıniya və Macarıstan) ilə birlikdə Anlaşma Memorandumu və eləcə də beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpa olunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Həmçinin Orta Dəhliz üzərində yerləşən ölkə olaraq Azərbaycanın nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması istiqamətində də AİB-lə əməkdaşlıq imkanları böyükdür. AİB prezidentinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını və xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini vurğulaması görüşün məhsuldar keçdiyini deməyə əsas verir. Bu istiqamətdə cari il fevralın 13-də Bakıda “Gülüstan” sarayında təməlqoyma mərasimi keçirilən, İtaliyanın “Ansaldo Energia” şirkətinin iştirakı ilə inşa ediləcək 1280 MVt gücündə istilik elektrik stansiyası həmin konsepsiyanın icrasında mühüm addımdır. Ümumiyyətlə, Avropa İttifaqı məkanında ən yaxın strateji tərəfdaşımız olan İtaliya şirkətlərinin yalnız enerji deyil, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qurucu­luq işlərində yaxından iştirakı iki ölkə arasında çoxsahəli əməkdaşlığın uğurla inkişaf etdiyini göstərir. Bu baxımdan dövlət başçımızın İtaliyanın kosmik fəza, müdafiə və təhlükəsizlik sahələri üzrə ixtisaslaşan “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşdə Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulanıb. 
    Azərbaycan Prezidentinin mətbuata müsahibəsində bildirdiyi kimi, enerji təhlükəsizliyi məsələlərinin ön sıralarda olduğu bütün beynəlxalq tədbirlərdə Azərbaycan yeni enerji mənbələrinə malik və Avropanın enerji təhlükəsizliyi üçün mühüm işlər görən ölkə kimi böyük ehtiramla qarşılanır və dövlət başçımıza bu fəaliyyətinə görə təşəkkür edilir. “Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək”, – deyən Prezident cənab İlham Əliyev özünün müstəsna müəllifi olduğu Azərbaycan dövlətinin enerji siyasətini yalnız iqtisadi sahədə yox, həmçinin geostrateji sahədə və təhlükəsizlik kontekstində milli maraqların təmin edilməsinə uğurla yönəldib.
    2008-ci ildən sonradan “Bakı prosesi” adlandırılan və dinlərarası dialoqu təşviq edən və BMT tərəfindən dəstəklənən platformanı beynəlxalq icmaya qazandırmış Azərbaycan artıq uzun müddətdir ki, bütün dünyada müxtəlif xalqların, ayrı-ayrı dinə etiqad edən icmaların dinc yanaşı yaşadığı multikultural və tolerant ölkə olaraq şöhrət qazanıb. Konfrans çərçivəsində Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşdə yəhudi icmasının ölkəmizdə dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün optimal şəraitin yaradıldığı məmnunluqla vurğulanıb. Yeri gəlmişkən, ölkə başçısının İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü də son dövrdə baş verən hadisələrin gərgin dinamikası fonunda əlamətdar görünür. Təsadüfi deyil ki, görüşdə iki dövlət arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığı, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyi vurğulanıb, Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyi bildirilib.  
    Rusiya Federasiyasının bəzi milli respublikalarını çıxmaq şərti ilə, Azərbaycan rəhbərinin hansısa ölkənin ayrıca götürülmüş bir regionu ilə yüksək səviyyədə görüş keçirməsi əlamətdar deyildir. Bu baxımdan Prezident cənab İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü də maraq doğurur. Nəzərə alsaq ki, Azərbaycan türkləri ilə eyni soykökə malik İraq türkmanlarının böyük bir hissəsi məhz bu regionun ərazisində yaşayır, bu baxımdan görüşdə Bərzani tərəfindən İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunun, eləcə də bu regionun Türkiyə ilə də çox sıx münasibətlərinin və bu kontekstdə birgə əməkdaşlıq layihələrinə baxıla biləcəyinin vurğulanması təsadüfi deyildir. Dövlət başçımızın da məhz Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcudluğu çərçivəsində üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini qeyd etməsi də bu regionla Azərbaycan dövləti arasında əlaqələrin qurulmasına qanunauyğun yanaşmadır. Bu əlaqələrin iqtisadiyyat, ticarət sahələri üzrə inkişaf etdirilməsinin böyük potensialı olduğundan biznes dairələri arasında birbaşa əlaqələrin qurulması da gözləniləndir. Prezident cənab İlham Əliyevin Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət etməsi və dəvətin məmnunluqla qarşılanması görüşün perspektivdə real nəticələrinin olacağından xəbər verir.
    Heç şübhəsiz ki, bütün ölkə ictimaiyyətinin böyük maraqla gözlədiyi hadisə ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Ermənistanın hökumət başçısı arasında keçirilən görüş idi. Dövlət başçımızın görüşdən sonra jurnalistlərə verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən iki ölkənin rəhbərləri arasında danışıqların konstruktiv məcrada keçdiyi aydın oldu. Bu da bildirildi ki, Ermənistanla Azərbaycan arasında həllini gözləyən bir çox məsələlər, o cümlədən sülh sazişinin imzalanması üçün lazım olan şərtlər də müzakirə müstəvisində olub. Ermənistanın mövqeyində müşahidə olunan tərəqqinin qaneedici olmadığını bildirən dövlətimizin başçısı görüşdə prinsipial olaraq milli maraq və mənafelərdən çıxış edərək növbəti dəfə Qarabağ haqqında hər hansı iddianın qəbuledilməzliyi barədə mövqeyini ortaya qoyub. Görüşün əsas yekunlarını tezislər şəklində aşağıdakı kimi sıralamaq olar: 
    - Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə edilib;
    - Sülh müqaviləsinin beynəlxalq norma və prinsiplərə əsaslanması vurğulanıb; 
    - Sülh müqaviləsində Qarabağ haqqında hər hansı iddianın olmasının qəbuledilməzliyi barədə Azərbaycanın əsaslı mövqeyi diqqətə çatdırılıb; 
    - Sərhədlərin tarixi xəritələr əsasında delimitasiya olunması prinsipi irəli sürülüb;
    - Regionda vəziyyətə aşağıdakı iki istiqamətli yanaşmanın zəruri olması təsbit edilib: Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti və Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri;
    - 2020-ci ildə baş vermiş Vətən müharibəsinin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub.
    Ən nəhayət, konfrans çərçivəsində əvvəlcədən də ölkəmiz üçün diqqət mərkəzində olan daha bir tədbir Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluğu, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Gürcüstan baş naziri İrakli Qaribaşvili, Ermənistan baş naziri Nikol Paşinyan və ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirakı ilə keçirilən plenar iclas idi. Bu, SSRİ dağılandan sonra Cənubi Qafqazın üç ölkəsinin rəhbərlərinin, plenar iclas formasında olsa da, ilk üçtərəfli görüşü idi. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan bu panel növbəti dəfə erməni baş nazirin qorxaq və qətiyyətsiz sima, arqument kasadlığı və siyasi savadsızlığı ilə beynəlxalq auditoriya qarşısında acizliyi fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin verilən suallara savadlı, inamlı, qətiyyətli, arqumentləşdirilmiş, səlis və lakonik cavabları ilə yadda qaldı. Geniş auditoriya kimin Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsində daha səmimi şəkildə maraqlı olduğunu gördü. Təsadüfi deyil ki, Azərbaycan dövləti həm Avropa İttifaqının (Brüssel formatı), həm artıq tarixə qovuşmuş Minsk qrupunun keçmiş üzvləri Rusiyanın və ABŞ-ın, həm də hər iki dövlətlə mehriban qonşuluq münasibətlərinə malik olan Gürcüstanın vasitəçiliyi aparılan danışıqlara müsbət yanaşma nümayiş etdirir. Yalnız qəti iradəmiz ondan ibarətdir ki, Fransa açıq-aşkar qərəzli və subyektiv şəkildə ermənipərəst mövqe tutduğu və bununla da bütün digər platformalarda danışıqları qəsdən pozmaqda maraqlı olduğu üçün bundan sonra danışıqlar masasında vasitəçi qismində təmsil edilə bilməz.
    Prezident cənab İlham Əliyevin konfrans çərçivəsində keçirilən paneldəki iştirakı ilə bağlı bir faktı da qeyd etmək yerinə düşər. Biz, təxminən, eyni mənzərənin, yəni dövlət başçımızın liderlik xüsusiyyətlərinin və ədalətli mövqeyinin yüksək səviyyədə ifadə etməsinin 2020-ci ildə keçirilmiş 56-cı Münxen Təhlükəsizlik Konfransındakı debat zamanı da şahidi olmuşduq. O zaman ölkəmiz hələ Vətən müharibəsinə başlayıb onu zəfərlə bitirməmişdi. Başqa sözlə, hələ faktiki olaraq müvəqqəti məğlub durumda idik. Builki paneldə isə qalib ölkənin Müzəffər Ali Baş Komandanı iştirak edirdi. Qürurvericidir ki, dövlət başçımız hər iki debatda eyni qətiyyət, məğrurluq və əminliklə diplomatiya tariximizə zəfər dolu anlar yazdı. 
    Beləliklə, 2023-cü il fevralın 17-19-da keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransı Azərbaycan üçün müsbət çalarlarla, ölkəmizin dünyada artan nüfuzunun, beynəlxalq icmadakı layiqli yeri və rolunun bir daha təsdiqi ilə yaddaqalan oldu.

Elman Cəfərli
Yeni Azərbaycan Partiyası Naxçıvan 
Şəhər Təşkilatının sədri, 
tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Nəşr edilib : 20.02.2023 19:18