AZ EN RU

Münhendə bəyan edilən güc: işğalçıya vəkillik dövrü bitdi və ya sülh gündəliyi Azərbaycanın arzusu yox, təklifidir

Ötən həftə – fevralın 14-dən 16-dək keçirilən Münhen Təhlükəsizlik Konfransı Azərbaycan Prezidentinin dünyaya verdiyi bir çox açıq mesajlarla yadda qaldı.  Qalib Lider 2 gün ərzində Almaniyada müxtəlif dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə bu konfransın ən təcrübəlilərindən biri kimi dövlətimizin hədəf və məqsədlərini də bəyan etdi. Demək olar ki, baş tutan bütün görüşlərin təşəbbüskarları isə qarşı tərəflər oldu. Bu, Azərbaycan Liderinin şəxsi nüfuzu ilə yanaşı, dövlətimizin dünyada etibarlı tərəfdaş, siyasi münasibətlərdə isə səmimi olmasının daha bir ifadəsidir. Ölkəmizin siyasi nüfuzu qlobal məkanda hər keçən gün artır, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri kimi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin də sayı çoxalır. Bu da bir reallıqdır ki, açıq etiraf etməsələr də, Qərbdəki dairələr bəzi məsələlərdə cənab Prezidentin mövqeyini və rəyini öyrənmək istəyirlər. Biz buna nəinki Münhendə, hətta 44 günlük Vətən müharibəsi, eləcə də ondan sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı keçirilən çoxsaylı görüşlərdə şahidlik etmişik.

Diqqətli oxucularımız yaxşı xatırlayır ki, Azərbaycan İspaniyanın Qranada şəhərində 2023-cü il oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina etmişdi. Buna səbəb Ermənistan baş nazirinin də iştirakı nəzərdə tutulan görüşdə təşkilatçılardan olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığı olmuşdu. Bundan sonra Qərbdəki bəzi dairələr Azərbaycana qarşı çirkin təbliğat kampaniyası apararaq belə bir imic yaratmağa çalışırdılar ki, guya dövlətimiz özünü münasibətlərdən təcrid edir, başqa sözlə, sülh gündəliyinə yaxın gəlmək istəmir. Halbuki Brüssel və Praqada keçirilən çoxsaylı görüşlərdə məhz Ermənistanın manipulyasiyası və qeyri-səmimiliyi ucbatından sülh müqaviləsinin bağlanılmasına nail olunmamışdı. Üstəgəl, Qərb, xüsusilə indiki dövrdə heç bir aktiv rolu olmayan, bir vaxtlar Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında məsuliyyəti öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən Fransa açıq-aşkar tərəf saxlayaraq Ermənistanın bədbin və işğalçı mövqeyini müdafiə etmişdi.

Qalib Liderin dünyanın aparıcı siyasi və hərbi xadimlərini bir araya gətirən 60-cı Münhen Təhlükəsizlik Konfransıda iştirak etməsi və çoxsaylı görüşləri bir daha göstərir ki, süni şəkildə ortaya atılan iddialar əsassızdır, Azərbaycan daim münasibətlərə açıq dövlətdir, bölgədə sülhün və təhlükəsizliyin tərəfdarıdır. Konfrans çərçivəsində kansler Olaf Şoltsun təşəbbüsü ilə Ermənistan və Azərbaycan liderlərinin görüşü təşkil olunsa da, burada Almaniya heç də vasitəçi qismində deyildi. Bəli, görüşdə vasitəçi yox idi. Məhz bu ideya da Azərbaycan Prezidentinə məxsusdur. O dəfələrlə çıxışlarında bəyan edib ki, münasibətlərdəki normallaşma ikitərəfli xarakter daşımalıdır, burada üçüncü dövlətin iştirakına ehtiyac duyulmur. Başqa sözlə, heç kimin saxta səmimiyyətinə, özünə sərf edən məsləhətinə ehtiyacımız yoxdur. Münhendə liderlər arasındakı birbaşa görüş də sübut etdi ki, kolonialist Makron Fransası və Fransa təfəkküründəki dövlətlərin nazı ilə oynamağın vaxtı çoxdan keçib. Necə ki, Azərbaycan 44 gün ərzində dəmir iradə nümayiş etdirərək öz məsələsini özü həll etdi, sülh gündəliyi məsələsində də, həmçinin... Çünki biz Cənubi Qafqazın lideri, geosiyasi proseslərə müsbət yön verən, qlobal siyasətdə aktiv dövlətik.

Sülh gündəliyi, sərhədlərin delimitasiyası, xalqların birgə yaşayışı ideyası isə Azərbaycana məxsus olsa da, bu bizim arzumuzdan daha çox təklifimizdir. Bizim masa üzərindəki sülh paketimiz isə kifayət qədər anlaşıqlı və başa düşüləndir və burada itirəcək əlavə vaxtımız yoxdur. Cənab İlham Əliyev andiçmə mərasimindəki genişməzmunlu nitqində də qeyd etdi ki, “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə durmur”. Yəni Ermənistan sülhə yaxın gəlmək əvəzinə, Münhen Təhlükəsizlik Konfransının keçiriləcəyi ərəfədə şərti sərhəddə təxribat törədərək Azərbaycan əsgərini yaralayırsa, İrandan, Hindistandan, Fransadan silah-sursat alırsa, deməli, bu ölkə hələ də revanşizmdən bəslənir. Yox, əgər belə deyilsə, bəs onda rəsmi İrəvan sürətlə silahlanmanın səbəbini, yaxud bir vaxtlar Qarabağda oturub Azərbaycanla təhdid dili ilə danışan qondarma rejimin İrəvandakı tör-töküntülərinin indiki şəraitdə yenidən qınından boylanmasını nə ilə izah edəcək? Yəni sözümün canı budur ki, gərək işinlə əməlin düz gəlsin... Sülh gündəliyinə pərdələnib arxa planda naqis işlərlə məşğul olmaq Paşinyan iqtidarına heç bir fayda verməyəcək.

Dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransında ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla da görüşdü. Qalib Lider avropalı rəsmiyə açıq bəyan etdi ki, bu təşkilat uzun illərdir ki, fəaliyyətsizdir və öz üzərinə düşən missiyanı heç vaxt lazımi səviyyədə icra edə bilməyib. Bu fikir həm də onu diqtə edir ki, daha Cənubi Qafqazda işğalçıya vəkillik etmək dövrü bitib. 30 ilə yaxın regiona kabab yeyib əylənmək, vaxt keçirmək üçün gələn, missiyasını icra edə bilməyən yarıtmaz təşkilatın – ATƏT-in yenilənmək vaxtıdır. İki siyasi sima kimi qətiyyən onları müqayisə etmək fikrində deyiləm, amma cənab İlham Əliyev belə bir beynəlxalq qurumun rəhbərini Münhendə qarşısına alıb siyasi dərs keçdiyi vaxt hayastanın baş naziri konfransla bağlı erməni icmasının təmsilçilərinə hesabat verməklə məşğul idi. Heç bir siyasi çəkisi olmayan bir fiqurdan bundan artığını gözləmək erməni cəmiyyəti üçün sadəlövhlük olardı.

Son olaraq Azərbaycan üçün bu konfrans növbəti siyasi uğur kimi yaddaşlara yazıldı. Xalqımızın böyük inam və etimad bəslədiyi Prezidentin keçirdiyi görüşlərin, verdiyi açıq mesajların  ümumi qənaəti belədir: ölkəmiz üçün yeni tarixi mərhələdə strateji məqsəd və növbəti vəzifələr dayanır.

Mübaliğəsiz, filansız deyirəm, heç bunun üçün siyasət adamı olmağa da ehtiyac yoxdur: qoca qitəni – nəhəng Avropanı bir vaxtlar torpaqlarının 20 faizini itirən, vətəndaş müharibəsindən, işğaldan əziyyət çəkən, bu gün isə dünyanın qalib kimi tanıdığı dövlətlə hesablaşmaq, onunla iqtisadi və siyasi əməkdaşlıq etmək mərhələsinə qədər yüksəltdiyiniz üçün var olun, möhtərəm Prezident. Məncə, hər bir azərbaycanlı üçün bundan böyük qürur ola bilməz.

Muxtar RZAZADƏ

Nəşr edilib : 22.02.2024 10:28