AZ EN RU

Münhendə Azərbaycanın növbəti diplomatiya qələbəsi

Dünyanın, xüsusən də Avropa və Yaxın Şərqin ənənəvi olaraq böhranlı günlərini yaşadığı bir dövrdə keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransının gündəliyi qlobal və regional problemlər baxımından olduqca gərgin idi. Fevralın 16-dan 18-dək dünyanın siyasi elitasının və iqtisadi nəhənglərinin bir araya gəldiyi bu platformada iştirak edən dövlət başçıları və ölkə təmsilçilərinin hər kəsi narahat edən bir çox problemlərin həlli baxımından mümkün yolların tapılması üçün aparacaqları müzakirələr keçən həftə maraq doğuran əsas başlıqlardan biri idi. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə bu konfransa qatılmış Prezident cənab İlham Əliyevin regional və qlobal problemlər barəsində dünyaya verəcəyi mesajlar isə daha da maraq doğururdu.

II Dünya müharibəsindən sonra planetin qarşılaşdığı ən dərin böhranlı bir dövrdə siyasi liderlərin və özəl sektor təmsilçilərinin bir araya gələrək yaranmış və yaradılmış problemlərin həlli üçün fikir mübadiləsi aparmaq baxımından budəfəki Münhen konfransı bir sıra maraqlı cəhətlərlə yadda qalıb. BMT, NATO baş katibləri və 50 ölkənin dövlət və hökumət başçıları da daxil olmaqla, 180 yüksəkvəzifəli nümayəndənin iştirak etdiyi, Rusiya və “onunpərəst” dövlətin dəvət olunmadığı, Ukraynaya qarşı müharibə başlayandan sonra bu dövlətin başçısının Azərbaycanın isə ərazi bütövlüyü tam təmin olunmuş dövlət kimi ilk dəfə qatıldığı konfransda aparılan müzakirələrin ana mövzusu, əslində, öncəsindən bəlli idi. İki il ərzində yüz minlərlə insanın ölümünə və yüz milyardlarla dollar maddi zərərə səbəb olmuş Rusiyanın Ukraynaya təcavüzü, həmçinin Qəzzada davam edən hərbi əməliyyatlar, enerji təhlükəsizliyi və iri dövlətlərin dəniz və dəhliz savaşlarının doğurduğu reallıq, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə və şübhəsiz ki, Cənubi Qafqazda sabit sülhə nail olunması kimi problemlər bu konfransın gündəliyində duran əsas başlıqlar idi. Bütün bu vacib məsələlərin mahiyyətinə baxdıqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mühüm beynəlxalq tədbirdəki görüşləri və edəcəyi çıxışlar maraqla qarşılanırdı. Konfrans günlərində dövlət başçımızın Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, Ukrayna Prezidenti Volodimir Zelenski, Banqladeş Xalq Respublikasının baş naziri xanım Şeyx Hasina, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir və digər iştirakçılarla apardığı görüşlər Azərbaycan Prezidentinin nüfuzuna, şəxsiyyətinə, başçısı olduğu dövlətin qazandığı müsbət imicə verilən qiymətin ifadəsidir.

          Üç gün ərzində davam etmiş görüşlərin intensivliyinin çox olmasına baxmayaraq, qarşı tərəflərin müraciətləri əsasında dövlət başçımızla baş tutmuş təmaslarda müasir dünyanın siyasi və iqtisadi xəritəsində, həmçinin təhlükəsizlik arxitekturasının qurulmasında Azərbaycanın tutduğu yer dialoq iştirakçıları arasında məmnunluqla qarşılanıb. Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmış dövlət başçımızla söhbətlər zamanı ölkəmizlə iki və çoxtərəfli əməkdaşlıqların zəruriliyi vurğulanıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində, həmçinin enerji və o cümlədən yaşıl enerji təminatında ölkəmizin tutduğu yer ABŞ başda olmaqla dünyanın aparıcı dövlətlərinin Azərbaycanla apardığı müzakirələrdə diqqətçəkən məqamlardan idi. Xüsusən ötən ilin sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatından sonra öz suverenliyini tam bərpa etmiş Azərbaycanın qalib Lideri ilə aparılan danışıqlarda bir sıra dövlət başçılarının və beynəlxalq təşkilat rəhbərlərinin əvvəlkindən fərqli olaraq dil üslubunu artıq dəyişməsini bu konfransda açıqca görmək mümkün idi. Bu, ölkəmizin Cənubi Qafqaz timsalında özünün formalaşdırdığı konfiqurasiyanın dünyaya tanıtması, Azərbaycanın hazırkı dünyada çox nadir rast gəlinən dediyi, etdiyi və düşündüyü eyni olan ölkələrdən biri olması, həmçinin problem yaradan deyil, problemləri həll etməyə yönəlmiş siyasi xətt güdməsi ilə izah olunur. Bununla da Azərbaycan Prezidentinin Münhenə gətirdiyi tezislərin Azərbaycandan daha çox qlobal təhlükəsizlik məqsədilə Almaniyaya üzünü dikmiş dünyaya daha çox lazımlı olduğunu bir daha gördük. Konkret olaraq Cənubi Qafqazdakı dominant mövqeyindən başqa, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və başqa regionlarla geniş əlaqələrə malik olan Azərbaycanın nüfuzu, onun Liderinin imzası imici bu konfransda ölkəmizə qarşı münasibəti bir daha ortaya qoyurdu.

Budəfəki Münhen konfransında diqqətləri çəkən bir mühüm məqam da bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar dünyanın iri dövlətlərini təmsil edən nümayəndələrin ölkəmizə verdiyi dəstəklə ifadə olunurdu. ABŞ dövlət katibi ilə görüşdə Prezident cənab İlham Əliyevin ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın, həmçinin Ermənistanla sülh müqaviləsinin bağlanılmasının ölkəmizin maraqlarına uyğun gəlməsini ifadə etməsini xüsusilə qeyd etmək lazımdır.

          Və bu konfransın gedişində ölkəmiz, eləcə də dünya üçün maraqlı olan digər bir mühüm dialoq ev sahibi Olaf Şoltsun təşəbbüsü ilə dövlət başçımızla erməni baş nazir arasındakı görüş idi. Bu mənada, Fransanın, yaxud erməni lobbiçiliyi aparan hər hansı digər dövlətin Azərbaycan-Ermənistan dialoquna vasitəçilik etməsinə gərək qalmadığının, ATƏT-in Minsk qrupu və buna bənzər turfirma tipli təşkilatların fəaliyyətinin dayandırılması zərurətinin prezidentimiz tərəfindən səsləndiyi bu konfrans həm də bizi yaddaş olaraq 2020-ci ildəki həmin o məşhur dialoqa və Paşinyanın “Kokeyşn büro”suna qaytardı. Ancaq üzərindən 4 il keçəndən sonra buradakı mənzərəni görməyə dəyərdi. O vaxt üzündəki tipik erməni cizgiləri ilə Tiqranın heç zaman olmamış xəritəsindən basıb-bağlayan erməni baş nazir bu dəfə dərsini bilməyən uşaq kimi boynubükük görkəmdə cənab Şoltsun sağ qanadına sığınıb susmuşdu. Geriyə artıq yolun olmadığını bu dəfə hamıdan yaxşı dərk edən erməni liderin özü kimi saqqallı nazirinə Azərbaycanın diqtə etdiyi müvafiq tapşırıqları verməsi, bəlkə də, bu konfransdan yaddaqalan ən böyük hesablı qələbə idi. Azərbaycanın dipolmatiya qələbəsi!

 Əli CABBAROV

Nəşr edilib : 19.02.2024 12:41