AZ EN RU

Münhen Təhlükəsizlik Konfransından dünyaya verilən ən sərrast ismarıc

Bir ilə yaxın müddətdə Rusiyanın Ukraynaya qarşı davam edən birbaşa hərbi müdaxiləsi və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin vurduğu yaraların sarılması fonunda gündəmə gələn 59-cu Münhen Təhlükəsizlik Konfransı dünyada, eləcə də Avropada davamlı sülh və əməkdaşlıq məsələləri baxımından önəmli bir diskussiya platforması kimi ötən həftənin önəmli hadisələrindən biri oldu. Qlobal güc mərkəzlərinin qanlı hesablaşmalarının hələ də davam etdiyi bir dövrdə təhlükəsiz dünyanın qurulması layihəsinə xidmət edən bu prestijli platformanın gündəmində Cənubi Qafqazın da gələcəyinin müzakirəsi istər ölkəmizdə, istərsə də dünyada böyük maraq doğurdu. Bu baxımdan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu önəmli beynəlxalq toplantıdan verdiyi məsajlar Ermənistanı və onun havadarlarına oturduğu yeri göstərmək, ölkəmizlə hansı dillə danışmağı bilmək və attdıqları adımların sabah nə verəcəyi baxımından önəmli bir hadisə oldu. Xüsusən, revanşist ölkənin baş nazirini gülünc vəziyyətə salan “quş buraxmaları” ilə yadda qalmış 2020-ci ilin 15 fevralındakı birinci nokautdan və həmin ilin 10 noyabr kapitulyasiyasından da nəticə çıxarmayan erməni lider Paşinyan üçün bu toplantı Azərbyacan Respublikası Prezidentindən aldığı cavablar nəticəsində yaşamış olduğu üçüncü nokaut kimi tarixə düşdü.

Ancaq, iştirakçı sayına görə bu dəfə ən çox liderin və tanınmış ictimai-siyasi xadimin qatıldığı Münhen Təhlükəsizlik Konfransının budəfəki toplantısı həm də region hegemonu Rusiyanın heç bir birbaşa təması olmadan üç Cənubi-Qafqaz ölkəsi liderinin bir yerə toplanması və eləcə də cənub qonşumuz İrandakı molla rejiminin yürütdüyü siyasətə qarşı dünyada formalaşdırılan yeni siyasi konfiqurasiyanın da aktiv mərhələyə keçməsi ilə yadda qaldı. Şübhəsiz, hər bir dövlətin özünün maraqları və ölkəsinin qatıldığı beynəlxalq əməkdaşlıq platformalarında güddüyü milli mənafelər baxımından keçirilən belə tədbirlərin əhəmiyyəti   əski dünyadakı acı təcrübələrdən dərs çıxarmaq və gələcəkdə insanların yalnız qorxulu təbii fəlakətlərə qarşı mübarizə aparmaq lazım gəldiyini   görmək baxımından önəmli idi. Belə ki, bu gün bütün dünya qardaş Türkiyədəki zəlzələdə həlak olan 40 mindən artıq insanın həyatı üçün üzülüb, ona dəstək olduğu halda bir il davam edən Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində hər iki tərəfdən 300 mindən artıq insanın həlak olması, Ukraynanın kritik infrastruktur obyektlərinə dəyən yüz milyardlarla zərərin daha da artmaması üçün praktik olaraq heç bir iş görülməməsi sadəcə təəssüf doğurur. Məhz buna görə də konfransda xalqlar arasında davamlı sülhün yaradılması üçün ƏDALƏT formulunun tapılması baxımından edilən səylər gələcək əməkdaşlıq baxımından əhəmiyyətli idi. Buna görə də dövlət başçımızın təkcə keçmişdə qalmış Qarabağ münaqişəsindən sonra məğlub Ermənistanla sülh müqaviləsinin bağlanılması, eləcə də Azərbaycının etibarlı partnyor kimi Avorpanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr baxımından verdiyi açıqlamalar da bu konfrans iştirakıçılarının və medianın ciddi marağına səbəb oldu. Bunun əksinə, hər dialoqda olduğu kimi bu dəfə də sülh prosesini bilərəkdən uzatmağa, bunun üçün müxtəlfi bəhanələr gətirib hələ də keçmiş xəyallarla yaşayan erməni liderinin moderatorun davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualını “Ukraynadakı münaqişə”  kimi dəyərləndirməsi hayların Münhen kimi Avropanın orta göbəyində otursalar da belə Kremlin şəbəkə xaricindən kənara çıxa bilməmələrinin bir sübutu idi. Rusiyanın qorxusundan bu dəhşətli işğalı “Ukraynanın daxili münaqişəsi” kimi qələmə verməyə çalışan erməni liderin Azərbaycının Qarabağ bölgəsinə hələ də burun soxması cəhdləri də onun sülh prosesinə nə qədər hazırlıqsız gəlməsini  açıqca göstərirdi.  

Erməni baş nazirin təkcə ingilis dilində deyil, bütün liderlik parametrlərində     sinifdə qalması onun sahib olduğu erməni düşüncəsinin dəyişilməməsi və məsələyə ənənəvi olaraq “ermənicə” yanaşmasından qaynaqlansa da moderatorun, bəlkə də, bilərəkdən provokativ suallar verməsindən cəsarətlənərək Zəngəzur dəhlizinin açılmaması ilə bağlı inad  edərək   kimlərə güvənməsi heç kimi sirr deyildi. İran! Bəli, özünün ermənipərəst siyasətini hər zaman, Azərbaycan özünün dövlət müstəqillinin elan edəndən sonra dərhal biruzə verən, bundan sonra Qarabağın işğalı dövründə azərbaycanılıların qəsb olunmuş əmlakını bazarlarında xuruş edən İran hətta 44 günlük Vətən müharibəsində belə işğalçını açıqca dəstəkləməkdən çəkinmədi. Azərbaycan Ordusunun parlaq qələbəsindən sonra özünə gələ bilməyən Ermənistandan da pis mənəvi vəziyyətə düşən molla rejimi ölkəmizlə sərhəddə hərbi təlimlər keçirib, Araza pantom körpü salmağa cəsarət etdi. Tehrandakı Azərbaycan Respublikası səfirliyinə təşkil olunmuş və bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnmiş xain terror əməli isə fars rejiminin Azərbaycana qarşı tutduğu şovinist mövqeyi tamamilə ifşa edir. Özünün qədim dövlətçilik tarixi, siyasi təcrübəsi ilə öyünən farsların bütün bu bədnam çılpaqlıqlar fonunda revanşist Ermanistanla yaxınlaşmasını isə təkcə liderlərinin qucaqlaşması səviyyəsində deyil, bəlkə də konyak diplomatiyası” kimi aşagı dərəcədə düşünmək təəccüblü olmaz. Axı, bu gün kasıb Ermənistana səfər edən iranlı turislərin dilə gətirilə bilmədiyimiz “əsas motivlərinin nə olduğunu təkcə biz yox, bütün dünya bilir.    

Bəs belə bir vəziyyətdə mövcud konyunktur nəyi vəd edir?! Azərbaycan tərəfi Laçın dəhlizi üzərindəki yolun tikntisini vaxtından qabaq yüksək keyfiyyətlə tikdiyi kimi Zəngəzur dəhlizi üzrə üzrə bütün işləri də sürətlə aparmaqdadır. Ölkəmizin təbii sərvətlərinin talanmasının qarsını almaq üçün davam edən ekoaksiyanın istəyimizə çatana qədər davam edəcəyini vurğulayan ölkə başçımız bu istiqamətdəki qərarlılığını bu toplantıda bir daha ortaya qoydu.  Qafandakı İran konsulluğunun binasını təmir etməyə maddi imkanı olmayan Ermənistanın isə Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım bəhanəsi ilə yeni bir siyasi həmlə işlətməsi, fikrimizcə, bu diskussiyada moderatordan başqa keç kimə səmimi gəlmədi. Çünki, zaman-zaman cənublu, şimallı bütün “ağa”larına alət olmuş Ermənistanın bu zəlzələ qurbanları üzərindən də sağlam qonşuluq münasibətləri və sırf humanitar addımlar atacağına heç kimi inanmırdı.

Və beləcə, yumşaq desək, üzərindəki işğalçı etiketindən utanmayıb, kapitulyant sözündən özünü təhqir olunmuş hesab edən Paşinyanın üçüncü nakautla üzləşdiyi Münhen Təhlükəsizlik Konfransının plenar iclasına son nöqtəni qoyan ölkə başçımız cənab İlham Əliyevin sözləri öz damğasını vurdu: “Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar. Bu, əslində, bölgədə azadlıq mübarizəsi aparan xalqlara, onların liderlərinə göndərilən ən sərrast ismarıc idi.   

"Şərq qapısı"

 

 

Nəşr edilib : 20.02.2023 11:16