AZ EN RU

Mülki müdafiədə fiziki sağlamlıq anlayışı

    Sağlamlıq orqanizmin elə bir vəziyyətidir ki, o, bioloji cəhətdən tam keyfiyyətlidir, yəni onların bütün üzvləri və sistemləri normal anatomik-fizioloji xüsusiyyətlərə malikdir. Deməli, sağlamlığın əsas əlaməti xarici mühitin təsirinə asanlıqla uyğunlaşmaq qabiliyyətidir. O, böyük həcmdə psixi və fiziki təsirə yüksək uyğunlaşma qabiliyyətinə malik olur. Bu zaman insan əmək qabiliyyətini tamamilə saxlayır və onda heç bir xəstəlik əlaməti nəzərə çarpmır. Xəstəliklərin baş verməsində rol oynayan xarici amillər aşağıdakı qruplara bölünür:

    Fiziki amillər. Bu amillərə mexaniki zədələnmələr, yüksək və aşağı temperaturlar, şüa enerjisi, elektrik cərəyanı, atmosfer təzyiqinin dəyişkənliyi və sair aiddir.
    Mexaniki amillər zərbə, kəsiklər, sıxılma, dartılma, silkələnmə şəklində təsir göstərərək toxumaların əzilməsini, sıyrıqlar, yaralar, sınıqlar, çıxıqlar, sinirlərin parezi və iflici, daxili üzvlərin parçalanmasını, qanaxma və qansızma törədə bilər. Hər bir mexaniki amilin təsiri nəticəsində arterial qan təzyiqinin kəskin şəkildə enməsi, bədənin hərarətinin azalması, tənəffüsün pozulması kimi əlamətlər meydana çıxır. Bu cür əlamətlər xəstədə travmatik şokun baş verməsini sübut edir. 
    Havanın yüksək temperaturu, xüsusilə yüksək rütubətli və küləksiz hava şəraitində orqanizmin həddən artıq qızması (günvurma) müşahidə olunur.

    Aşağı temperatur orqanizmin yerli (donvurma) və ümumi (donma) zədələnmələrinə səbəb ola bilər. Soyuq orqanizmə uzun müddət təsir etdikdə yuxusuzluq, tənəffüsün zəifləməsi, arterial qan təzyiqinin aşağı enməsi, maddələr mübadiləsinin zəifləməsi, şüurun itməsi və baş beyində sinir mərkəzlərinin iflici inkişaf edir. 
    Şüa enerjisinin xarakterindən asılı olaraq orqanizmdə müxtəlif dəyişikliklər meydana çıxa bilər. Belə ki, Günəşin infraqırmızı şüaları dərinin yanması və beyinin həddən artıq qızmasını (günvurma) törədir.
    Radioaktiv maddələr, rentgen şüaları orqanizmə böyük təsir göstərir. Onlar toxumalara ionlaşdırıcı təsir göstərərək fizioloji, biokimyəvi və immunoloji proseslərin gedişini pozur. 
    Elektrik cərəyanı orqanizmə təsir etdikdə elektrik zədələnməsi meydana çıxır. Bu zaman elektrik cərəyanının gərginliyindən, gücündən, onun xarakterindən, təsir müddətindən, orqanizmdə yayılma yollarından və zədələnmiş şəxsin funksional vəziyyətindən asılı olaraq və ümumi pozğunluqlar meydana çıxır. Elektrik cərəyanı termiki, mexaniki və kimyəvi təsirə malik olduğuna görə dəridə yanıqlar və yaralar əmələ gətirir. Onun ümumi təsiri isə huşun itməsi, tənəffüsün qısamüddətli dayanması, bəzi hallarda isə tənəffüsün iflici, ürəyin dayanması müşahidə edilir və ölüm baş verir.
    Atmosfer təzyiqinin dəyişkənliyi orqanizmə əhəmiyyətli dərəcədə təsir göstərir. İnsan yüksək atmosfer təzyiqi şəraitindən normal şəraitə keçdikdə və ya normal atmosfer təzyiqi kəskin endikdə orqanizm təhlükəli vəziyyətə düşür. Bu zaman həll olmuş azot sərbəst qaz qovuqları şəklində xaric olur və onlar ürəkdə, ağciyərlərdə, beyində arterial qan damarlarını sıxaraq qəfil ölümə və ya müxtəlif xarakterli ifliclərin meydana çıxmasına səbəb olur.
    Kimyəvi amillər. Kimyəvi maddələr orqanizmin zəhərlənməsinə gətirib çıxara bilir. Bu maddələr zəhər adlanır. Bəzi zəhərlər orqanizmə xaricdən daxil olur (ekzogen zəhərlər). Digərləri isə orqanizmin daxilində yarana bilir (endogen zəhərlər). Endogen zəhərlənmələr və ya intoksikasiyalar böyrək, qaraciyər, bədxassəli şiş və sair xəstəliklər zamanı inkişaf edir.
    Zəhərlər qeyri-üzvi və üzvi mənşəli olurlar. Qeyri-üzvi zəhərlərə turşular, qələvilər, qurğuşun, civə, mərgümüş xlor, yod birləşmələri, üzvi maddələrə isə efir, sianidlər və sair aiddir. Üzvi zəhərlər bitki mənşəli (məsələn, alkoloidlər, qlikozidlər və sair) və heyvan mənşəli (ilan və bəzi balıqların zəhərləri) ola bilir. 
    Kimyəvi zəhərləyici maddələrə, həmçinin zəhərləyici maddələr iprit, fosgen, difosgen, zarın, zoman və sair aiddir.
    Zəhərlər seçici və spesifik xarakterə malikdir. Zəhərlər hüceyrənin plazmasına (xlor), qana (dəm qazı), qaraciyər hüceyrələrinə (floridzin), sinir hüceyrələrinə (strixnin, mərgümüş) təsir edə bilir. Onların hər biri mərkəzi sinir sisteminə təsir etməklə həm də orqanizmə ümumi təsir göstərir. Zəhərlərin kiçik dozaları isə müalicəvi təsir göstərə bilir. 
     Bioloji amillər. Orqanizmə daxil olaraq xəstəlik törədə bilən canlı törədicilər bioloji amillər hesab edilir. Onlara heyvani və bitki parazitləri, viruslar, göbələklər aiddir.
    Heyvani parazitlərə qurdlar, gənələr, ibtidai təkhüceyrəli orqanizmlər (məsələn, malyariya plazmodiyaları, spiroxetlər) daxildir. Müxtəlif növ qurdlar (askaridlər, tükbaş qurdlar, trixinlər, enli lentvari qurdlar və sair) qurd xəstəlikləri və ya helmintozlar törədir. Xəstəliklər zamanı onların həyat fəaliyyəti nəticəsində orqanizmdə intoksikasiyanın əlamətləri, yəni arıqlama, qanazlığı, fiziki işgörmə qabiliyyətinin azalması, bəzən ölüm (xüsusilə uşaqlarda ) müşahidə olunur. 
    Bitki mənşəli parazitlər iki qrupa bölünür: göbələklər və bakteriyalar. Onlar patogen, yəni xəstəlik əmələgətirmə qabiliyyətinə malik olurlar. Digərləri isə qeyri-patogen, yəni zərər verməyən xassəlidirlər.
    Patogen göbələklər dəri və dırnaqları zədələyir (dəmrov, epidermofitiya), daxili üzvlərdə xəstəlik əmələ gətirir (aktinomikoz). Epidermofitiya çox vaxt idmançılarda müşahidə olunur.
    Xəstəliktörədən mikroblar orqanizmə su, qida, hava və bilavasitə təmas yolu ilə daxil olur. Onlar orqanizmə, həmçinin gənələr, ağcaqanad, birələr və sair vasitəsilə düşür. 
    Viruslar çox xırdaölçülü canlılar olub orqanizmə müxtəlif yollarla daxil olur. İnsanda qızılca, qrip, çiçək və sair xəstəliklər törədir.
    İctimai amillər. Xəstəliklərin meydana çıxmasında, yayılmasında ictimai şərait, yəni insanın yaşadığı mühit amillərinin böyük əhəmiyyəti vardır. İşsizlik, ağır əmək və məişət şəraiti, rəzil sanitar mədəniyyəti əsas ictimai amillərdən hesab edilir. Bəzi xəstəliklər ictimai xarakter daşıyır. Məsələn, raxit və vərəm, narkomaniya, sinir sisteminin xəstəlikləri, ruhi xəstəliklər və sair.
    Alimentar səbəblər. (yunanca: “alimentos” – qida məhsulları mənasındadır). Qidalanmanın pozulması xəstəliklərin meydana çıxmasında böyük rol oynayır. Qida məhsullarının çatışmazlığı və artıq miqdarda qəbulu, qida rasionunda zülalların, yağların və sulu karbohidratların münasibətinin pozulması, vitaminlərin, mineral maddələrin çatışmazlığı və ya çox olması, qida rejiminin pozulması xəstəliklərin meydana çıxmasına səbəb olur. Məsələn, həddən artıq miqdarda qida qəbulu piylənməyə və ateroskleroza, şəkərli diabet xəstəliyinin inkişafına səbəb ola bilir, qida rejiminin pozulması (məsələn, kobud, çətin həzm olunan qida, gərgin məşqdən əvvəl və sonra qida qəbulu və sair) mədə və bağırsaq xəstəliklərinə, müxtəlif vitaminlərin çatışmazlığı hipovitaminoza və avitaminoza (sinqa, pellaqra, nevritlər və sair) gətirib çıxara bilir.

Oktay RZAYEV
Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə 
kafedrasının dosenti

 

Nəşr edilib : 12.01.2023 21:09