AZ EN RU

Mühəndis-proqramçılar üçün Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə onlayn təlim keçirilib

    Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə keçirilən onlayn təlimdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları da iştirak edib. Təlimdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Elvin Balacanovun “Sosial mediada dezinformasiyaya qarşı mübarizə”, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidmətinin əməkdaşı Günay Əbdiyevanın “Təhlükəsizliyin bilik və davranışların qədər güclüdür” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyevanın isə “Kiberdələduzluq və növləri” mövzularında çıxışları dinlənilib. Həmçinin məlumatların qorunmasında istifadəçilərin mümkün kiberhücumlardan mühafizə olunmaları barədə ətraflı məlumatlar verilib, o cümlədən iştirakçıların diqqətinə çatdırılıb ki, kiberdələduzluq vasitəsilə istifadəçiləri aldadıb müxtəlif yollarla eyni olan, amma saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə onların fərdi məlumatları oğurlana bilər. Burada istifadəçilərin şəxsi məlumatları, İD nömrələri, elektron poçt ünvanları və sair məlumatları ola bilər. Bu təhlükələrdən qorunmaq üçün şəxsi məlumatlarını kənar şəxslərə ötürməmələri, yönləndirilən hər hansı saytın və həmin saytda tələb olunan kredit kartı, bank hesabı və bu kimi məxfi məlumatları yazmamaları, tələb olunan sorğulara şübhə ilə yanaşmaları və etibarlı mənbələrdən istifadə etmələri tövsiyə olunur. 
    Bu səbəbdən informasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş hücumların riskini azaltmaq üçün istifadəçilər təhlükəsizlik qaydalarını yaxşı bilməli, daim informasiya təhlükəsizliyi mövzusunda maariflənməlidirlər. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar

 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 21:03