AZ EN RU

Mühasiblər təlimə cəlb olunub

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktik əsasları” adlı növbəti ikigünlük təlim təşkil olunub. Təlimə muxtar respublikanın mədəniyyət sahəsində fəaliyyət göstərən 18 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub. 
     Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti  haqqında ümumi məlumat verib.
    Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” modulu ətrafında təqdimatı olub. Təqdimat zamanı   maliyyə hesabatının müəssisənin mühasibat uçotu prosesinin son məhsulu və uçot informasiyalarının işlənməsinin son mərhələsi olduğu bildirilib,  maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və  növləri haqqında məlumat verilib. 
     Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktik izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktik tapşırıqlar  yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq test mərhələsi keçirilib.
    Tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.10.2022 20:54