AZ EN RU

Mühasiblər təlimə cəlb edilib

    Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda ikigünlük təlim keçirilib.
    Mərkəzin direktoru Mehriban İmanova tədbiri  giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
    Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən “Məzuniyyət hüququ və onun həyata keçirilməsi qaydaları” mövzusunda elektron materiallarla zənginləşdirilmiş çıxışı olub. Çıxış zamanı məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri və müddətləri, ödənişsiz məzuniyyət, onun növləri və verilmə müddətləri, əsas və əlavə məzuniyyətlərin birləşdirilməsi və başqa mövzular diqqətə çatdırılıb. 
    Növbəti gün təlimçi Yeganə Talıbovanın “Məzuniyyət hüququnun tənzimlənməsinin praktik izahı” mövzusunda tapşırıqlarla təqdimatı olub. Təlim zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi, məzuniyyət haqqı hesablanarkən nəzərə alınan və alınmayan əməkhaqqı növləri və digər modullar ətrafında lazımi məlumatlar verilib.
    Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası  Maliyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 18.02.2022 22:04