AZ EN RU

Mühasibatlığın rəqəmsallaşdırılmasına keçid prossesinə başlanılıb

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi tərəfindən sənədlərin düzgün işlənməsi, vahid balans və hesabatın tələb olunması, onların vahid sistemdə birləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş mühasibatlıq sisteminə keçid prosesinə başlanılıb, artıq bu istiqamətdə layihələndirmə işləri hazırdır.

“Mərkəzləşdirilmiş Maliyyə və Mühasibat uçotunun qurulmasının Konseptual əsaslarının hazırlanması və tətbiqi, eləcə də hesabatlılığın avtomatlaşdırılması” layihəsinin hazırlanması prosesində ilkin mərhələ nazirliyin və tabeli qurumlarının maddi-texniki bazasının, mövcud resurslarının, ehtimal olunan gələcək potensialının və iş proseslərinin öyrənilməsi, eləcə də inteqrasiya olunan məlumatların daha dinamik və operativ şəkildə uyğun istifadəçilərə ötürülməsinin düzgün qurulmasıdır. Bu məqsədlə nazirliyin tabeli qurumlarında zəruri işlərin icrasına və monitorinqlərin aparılmasına başlanılıb. Görülən tədbirlər mərhələli şəkildə bu sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

Layihənin işlənilməsi və icrasında növbəti mərhələ isə kadrların təkmilləşdirilməsidir ki, artıq bu istiqamətdə qabaqcıl təcrübələr öyrənilir, müvafiq tədbirlər həyata keçirilir. Nazirliyin aparatında və tabeli qurumlarında mühasibat uçotunun mərkəzləşdirilmiş qaydada aparılması və mühasiblərin bilik səviyyələrinin artırılması məqsədilə maliyyə, vergi və mühasibat uçotunun konseptual əsaslarının öyrədilməsi mövzularında müvafiq təlimlər keçirilir. Artıq təlimlərin bir qismi yekunlaşıb və iştirakçılar müvafiq sertifikatlarla təmin olunublar. Lakin növbəti mərhələlərdə təlimlərin davam etdirilməsi nəzərdə tutulur

Bu prosesin yaradılmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında da qeyd olunduğu kimi muxtar respublikada elektron xidmətlərdən istifadənin asanlaşdırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, mühasibatlıq işinin optimallaşdırılması, müəssisənin maliyyə resurslarının formalaşması, müasir texnologiyaların tətbiqi və iş funksiyasının vahid məkandan idarə olunmasıdır.

                                                              Naxçıvan Muxtar Respublikası

      Rəqəmsal İnkişaf və Nəqliyyat   

      Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.12.2023 14:51