AZ EN RU

Müharibədən sülh müqaviləsinə: Şanlı Zəfərimizin 1000-ci günü

    Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 8 noyabr 2020-ci il tarixindən bugün artıq 1000 gün keçir. Nəsillərimizin hərb tarixindən ilhamlanan Azərbaycan Ordusu qəhrəmanlıq salnaməmizdə yeni səhifə açdı. Ölkə başçısının qətiyyətli mövqeyi, ordumuzun gücü, həmçinin ordu-xalq-iqtidar birliyi nəticəsində əldə olunan bu qələbə Azərbaycan tarixində unudulmaz bir hadisə kimi gələcək nəsillər tərəfindən daim xatırlanacaqdır. Artıq dünyanın qüdrətli dövlətlərinin ali hərbi məktəblərində bu  möhtəşəm qələbənin necə əldə edilməsi təcrübəsi öyrənilir. Tarixi ədaləti bərpa etmək baxımından əhəmiyyətli olan şanlı qələbəmiz dünya üçün də böyük bir dərslərlə dolu bir hadisədir. Bu müharibə,  eyni zamanda beynəlxalq hüquqa və onun əsas prinsiplərinə hörmət və sülh prosesinin vacibliyinin vurğulanması baxımından əhəmiyyətlidir.

Yenidənqurma prosesi uğurla davam edir

     30 ilə yaxın müddətdə işğalda olan ərazilərin düşməndən azad edilməsi nəticəsində bütün dünya birliyi işğalçıların ölkəmizdə törətdiyi digər beynəlxalq cinayətlərin şahidi oldu. Qarabağda təkcə insanlara qarşı cinayət törədilməmişdi, cinayətin qurbanları şəhərlər, o cümlədən ekologiya olmuşdu. Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bayrağımızı dalğalandırmaq üçün bir dənə belə binanın olmaması, həmçinin xarici mütəxəssislər tərəfindən “Qafqazın Xirosiması” adlanan Ağdam şəhərini görmək bütün bunların xalqımıza qarşı törədilən ən ağır cinayət olmasını özündə ehtiva edir.
    Ölkə başçısı cənab İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında işğaldan azad edilən ərazilərdə infrastruktur layihələri icra olunur, yeni yollar çəkilir, hava limanları istifadəyə verilir, eyni zamanda mənfur düşmənlərin illərlə “təhqir etdiyi” tarixi, mədəni, dini irsimiz bu gün ən yüksək səviyyədə bərpa olunur. Tezliklə öz doğma torpaqlarına qayıdacaq insanlar üçün ən müasir şərait yaradılır. 
    Bu gün Prezident cənab İlham Əliyevin birbaşa təşəbbüsü və nəzarəti ilə işğaldan azad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevrilir.  Belə ki, Şərqi Zəngəzur və Qarabağ bölgəsində ərazilərin bərpa edilməsi və yenidən qurulması ilə yanaşı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası həyata keçirilir.
    Qarabağda və ətraf bölgələrdə aparılan yenidənqurma işləri, Azərbaycanın inkişaf perspektivlərini daha da gücləndirəcəkdir. Bölgədə aparılan yenidənqurma işləri, sahələr arasında daha yaxşı kommunikasiya və ticarət imkanları yaratmağa imkan verəcək. Bu, bölgədəki iqtisadiyyatın dərinləşdirilməsinə və regionun ümumi potensialını artırmağa kömək edəcək. Xüsusilə turizm, ənənəvi sənətkarlıq və ərazinin təbii gözəllikləri, xüsusilə dağçılıq və qayalıq turizmi bölgəyə gələn turistlərin marağını çəkəcəkdir.     
    Qayıdış prosesinin həyata keçirildiyi bölgələrin yenidən qurulması, xüsusilə məktəb və sağlamlıq mərkəzlərinin tikintisi, sağlam infrastruktur və kommunal xidmətlərin yaradılması, insanların daha yaxşı təhsil və sağlamlıq imkanlarından yararlanmasını təmin edəcəkdir.
    Bu gün Qarabağda və ətraf ərazilərdə aparılan yenidənqurma işləri ölkəmizin inkişaf perspektivlərini daha da genişləndirir, Azərbaycanı beynəlxalq arenada daha güclü və nüfuzlu etmək imkanı yaradır. Bu, eyni zamanda Qarabağın bərpası və yenidən qurulması prosesində iştirak edən bütün tərəfdaş ölkələr üçün də tərəfdaşlığın və sülhün bərqərar edilməsi üçün böyük bir imkan və səy dairəsidir. Bu proses Azərbaycanın sosial, iqtisadi və siyasi inkişafında əsaslı bir mərhələni təşkil edir. Bütün bu səbəblər işığında Qarabağda aparılan yenidənqurma işləri Azərbaycanın inkişaf perspektivləri və regional əməkdaşlıq üçün müsbət bir hadisədir.

Böyük Qayıdışın başlanğıcı...

Vətən müharibəsindən keçən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülmüşdür. Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən öz doğma yurdlarına könüllü, təhlükəsiz qayıdışının və doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş mənzillərlə təmini dövlət siyasətinin prioritet istiqamətləridir. 
    Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

Sülh müqaviləsinin şərtləri aydın və dəqiqdir!

Müharibədən sonra ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya xətlərinin  müəyyənləşdirilməsi və yekun sülh müqaviləsinin imzalanmasıdır. Ən yüksək tribunalarda və müxtəlif səviyyəli görüşlərdə ölkəmiz tərəfindən “Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq” bəyanatları verilir. Əlbəttə ki, ölkəmizin bu çağırışları sülhməramlı, xoşniyyətli  çağırışlardır. Ancaq Ermənistanın müxtəlif dairələrində olan revanşist meyilli qüvvələr bu çağırışlara qulaq asmaq istəmir. Ermənistan tərəfi, həmçinin müxtəlif revanşist qüvvələr hələ də başa düşmürlər ki, onlar törətdikləri sülhə müdaxilə təxribatları ilə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan Ordusu bu gün 3 il bundan əvvəlki ordudan daha güclüdür. Ona görə bölgədə yaranan yeni reallıqlarla barışmalı, sülh danışıqlarına mane olmamalı, Azərbaycanın sülh çağırışına qarşılıq verməlidir. Sülh müqaviləsinin şərtləri isə açıq və dəqiqdir: ölkəmizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanımalı, nə olursa-olsun, Zəngəzur dəhlizi açılmalıdır. Ermənistan üçün dalandan yeganə çıxış yolu budur.

Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq

Bu torpaqlar bizim əcdadlarımızın məskəni, zəngin mədəniyyətimizin paytaxtıdır. Gözəl təbiəti, çayları və məşhur dağları olan bu torpaqlar, bizi bir-birimizə daha da yaxınlaşdırır. Bu gün bu ərazilər təhsil-texnologiya-mədəniyyət – innovasiya vəhdəti ilə birlikdə inkişaf edir.

Bu gün qürur mənbəyimiz – üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda – Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanır. Bu Tarixi Qələbənin qazanılmasında müzəffər və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bu gün bütün Azərbaycan xalqı bizi Qarabağımıza qovuşduran insanları və bu torpaq uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. 
    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Əziz QASIMOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri 
kafedrasının müəllimi, Prezident mükafatçısı

Nəşr edilib : 03.08.2023 20:06