AZ EN RU

Müharibə olsaydı bunların kökünü kəsərdik

İbrahim Malik oğlu Vəlizadə

02.04.1997 – 06.10.2020

İbrahimin xatirəsi o qədər çoxdur ki, danışmağa günlər yetməz. Gələcəyi üçün ən böyük arzum onun diş həkimi olması idi. Deyirdim, İbrahim yaxşı oxu, diş həkimi ol. Deyirdi, ana, mən hərbçi olacağam. Bir dəfə dişimi düzəltdirirdim. İbrahim də birinci kursda oxuyurdu. Zəng vurdu ki, ana, haradasan? Dedim, İbrahim bizim kəndimizdə Azər adında oğlan vardı ha, o diş həkimi olub. İndi gəlmişəm dişlərimi düzəldir. Sən diş həkimi olmadın. Dedi, ana, sən hələ də onu deyirsən? Ancaq mənim əynimdəki bu hərbi forma bütün geyimlərdən şərəflidir. Yəni o qədər sevirdi hərbini, hərbçi olmağı.

İbrahim öz toyunda da hərbi mundirini geyindi. Toy zalına Dövlət Himnimizin sədaları altında həmin geyimdə daxil oldu. Çox sevirdi Vətənini. 
Məni o qədər çox istəyirdi ki, ana ilə oğul deyil, bir sirdaş idik. Bütün sirrim, sözüm, arzularım onunla idi. 
Danışanda hər zaman mənə ürək-dirək verirdi. Deyirdi, ana, səbir elə. O qədər gözəl günlər gələcək ki, o qədər yaxşı yaşayacaqsan ki, hamı sənə baş əyəcək. İnanın ki, o günlərdə kəndə yasa getdim. Qapıdan girən kimi hamı ayağa qalxdı. İbrahimin sözü yadıma düşdü. Çox narahat oldum. Dedim, oğul, kaş sən yanımda olardın. Mən çox qürurluyam, fəxr edirəm. Amma bu cür təzimi, hörməti istəməzdim. 
Tez-tez deyirdi müharibə olsaydı gedərdik, bunların kökünü kəsərdik. Dedim, ay oğul, bəs sizlərə bir şey olar axı, elə demə. Dedi, ana, fərz et ki, sən 30 ildir, orada əsirsən, mənim yolumu gözləyirsən. Mən də sənin dalınca gəlmirəm. Ana, orada o qədər ana-bacılarımız əsirdi, biz onları qurtarmalıyıq. Baxın, bizim övladlarımız belə övladlardır.
Sonuncu dəfə oktyabrın 5-də bizimlə danışdı. Müharibə başlayan günü hər kəsə bir mesaj yazmışdı. Birini atasına, birini yoldaşına. Yazmışdı ki, haqqınızı halal edin. Mənə yazmamışdı. Narahat olmağımı istəməmişdi. İndi İbrahimin iki əmanəti var. Yoldaşı Büllur və oğlu Fərid. Mən oğlumla fəxr edirəm. Vətən sağ olsun!

Nəşr edilib : 30.06.2024 16:47