AZ EN RU

Müharibə cinayətləri ən ağır hüquq pozuntusudur

Beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları müharibə cinayətləri hesab edilir. Müharibə cinayətləri fərdi şəxslərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət növləridir. XIX yüzillikdə isə müharibə aparmaq qaydaları haqqında beynəlxalq aktlar qəbul edilmişdir. Həmin qaydalar müharibə qanunları və adətləri haqqında 1899-cu il və 1907-ci il Haaqa Konvensiyalarında nəzərdə tutulmuşdur.

“Müharibə qanunları” əsasən Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq humanitar qanunla tənzimlənir. Müharibədə boğucu, zəhərləyici və digər qazların, habelə bakterioloji silahların tətbiqinin qadağan olunması haqqında 1925-ci il Cenevrə protokolunda qeyd olunmuşdur. 12 avqust 1949-cu il tarixdə Cenevrədə müasir beynəlxalq humanitar hüququn əsasını qoyan Cenevrə Konvensiyaları qəbul edilmiş,  müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasında və digər beynəlxalq-hüquqi aktlarda nəzərdə tutlmuşdur. Belə qanun və adətləri pozma ağır beynəlxalq hərbi cinayət hesab olunur.

Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarının qəbulu 60-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən diplomatik konfransda baş tutub. Müharibə üsullarını tənzimləyən Cenevrə Konvensiyaları dəqiq müəyyən edir ki, döyüşən tərəflərə nəyə icazə verilir, nəyə icazə verilmir.

Konvensiya 12 avqust 1949-cu il tarixli bir-biri ilə əlaqəli dörd beynəlxalq müqaviləyə istinad edir. Bunlar isə “Daimi Ordularda yaralıların və xəstələrin taleyinin yaxşılaşdırılmasına dair” Konvensiya (1-ci Cenevrə Konvensiyası), “Dənizdə Silahlı Qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin taleyinin yaxşılaşdırılması haqqında” Konvensiya (2-ci Cenevrə Konvensiyası), “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiya (3-cü Cenevrə Konvensiyası) və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiya (4-cü Cenevrə Konvensiyası) aiddir.

Qeyd olunan ilk üç Konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tutur və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə Konvensiyalarının çoxlu iştirakçısı var. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

Cinayət qanunvericiliyimizə əsasən müharibə qanunlarını və adətlərini pozma, əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmədir.

Həmçinin silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları Birləşmiş Millətlər Təşkilatının 1949-cu il 12 avqust tarixli “Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, BMT-nın 1954-ci il 14 may tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyası  ilə tənzimlənir. Azərbaycan Respublikası da bu Konvensiyalara qoşulub.

Müharibə təbliği, sülhə və dinc yanaşı yaşamağa qarşı yönəldilən təhlükəli vasitədir. Beynəlxalq-hüquqi aktlarda qadağan olunan müharibə təbliğatı sülh və insanlıq əleyhinə yönəldilən ən təhlükəli vasitələrdən biri hesab olunur.        

Sülh, barış  bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatının ali vəzifəsidir. BMT-nin Bəyannaməsində deyilir ki, “Sülh, danışıqlarımızın aparıcı qüvvəsidir. Sülh, həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə  qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur”. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Azərbaycan Respublikası da bu anlayışı hər zaman üstün tutmuşdur.

Bu kimi bəşəri cinayətlərin cəzalandırılması Azərbaycan Respublikasının cinayət qanunvericiliyində da təsbit olunub. Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin 7-ci bölməsi sülh və insanlıq əleyhinə olan cinayətlərə həsr olunmuşdur. Təəssüf ki, qeyd olunan cinayətlərin əksəriyyəti xalqımıza qarşı törədilmişdir.

Sülh və insanlıq əleyhinə olan cinayətlərin demək olar ki, əksər hissəsi mənfur qonşumuz tərəfidən xalqımıza qarşı törədilmişdir. Son 200 ildə Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən məqsədyönlü siyasət həyata keçirilməklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə təcavüz cinayətləri, qədim və tarixi torpaqlarımızda bütövlükdə XX və XXI əsrlərdə yerli əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə və terror cinayətləri törədilmişdir. Ən acı həqiqət isə bundan ibarətdir ki, bütün bu beynəlxalq hüquqazidd əməllər Ermənistan dövləti tərəfindən 30 il davam etdirildi, törədilən cinayətlər cəzasız qaldı.

Xalqımıza qarşı törədilən cinayətlər ilk növbədə beynəlxalq hüquq elmi müstəvisində araşdırılmalı, baş verən cinayətlər üzrə ədalətli məsuliyyət tədbirləri tətbiq olunmalı, bir sözlə baş verən cinayətlərə görə siyasi və ya hüquqi formada məsuliyyət labüd olmalıdır. Ulu Öndər Heydər Əliyevin kəlamı ilə desək, “Ədalət iki halda pozulur, cinayət baş verib, cəza verilməyəndə və cinayət olmayan halda cəza verildikdə”.

          2020-ci il 27 sentyabr tarixdən başlayaraq Ermənistana qarşı aparılan əks-hücum əməliyyatları zamanı beynəlxalq hümanitar hüququn yuxarıda sadaladığımız bütün tələbləri təcavüzkar Ermənistan tərəfindən pozulub.

Bu bir tarixi həqiqətdir ki, terror, soyqırım törətmə, başqalarının torpağını işğal etmə, xalqların mədəniyyətini, incəsənətini süfrəsindən oğurlamaq ermənilər üçün həyat tərzidir. Və biz belə bir mənfur və şərəfsiz düşmənlə vuruşduq. Bütün bunlar Ermənistan üçün hər bir hüququn, o cümlədən beynəlxalq humanitar hüququn keçərsiz olduğunu göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi: “Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb”.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, ölkəmizin milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

          Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistanın Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Müqəddəs Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Ancaq, Azərabycan əsgəri erməni sivil vətəndaşlarına heç bir qeyri-qanuni hərəkət göstərmədi, əksinə bəzən onlara humanitar mövqeyini nümayiş etdirdi. İnancımız və vicdanımızla bu müharibədə dünyaya insanlıq dərsi keçdik. Kilsə oğruları olan ermənilərdən fərqli olaraq, nə dini abidələrə, nə də dini ocaqlara toxunduq. Nə əsir düşənlərə, nə yaşlıya, nə qadına, nə də köməksiz insanlara silah tuşladıq. Müharibə bölgəsində qalmış yaşlı erməniləri belə özlərinə təhvil verdik. Ermənilərdən fərqli olaraq biz köməksiz insanların iztirablarından zövq almadıq. Azərbaycan əsgəri təkcə torpaqlarını işğaldan azad etmədi, həm də minlərlə körpənin, qocanın, qadının qisasını aldı, pozulan hüquqlarımızı bərpa etdi. Biz Xocalı kimi soyqırımı yaşamağımıza  baxmayaraq qisas hissimizi yalnız döyüş meydanına saxladıq. Xocalıdakı körpələrin, Bərdəyə, Gəncəyə atılan raketlərin, orda vəhşicəsinə ölən körpələrin qisasını erməni ordusunu darmadağın edərək aldıq.

Müharibədən bir məqamı xatırlayaq. Ermənilər Şuşada körpə uşağı qoyub qaçmışdılar. O uşağı tapan Azərbaycan əsgəri ona mərmi yox, şirniyyat yedirtdi. Beləcə dünya birliyi bir daha anladı ki, Azərbaycan xalqı sülhün, ədalətin və insanlığın əsgəridir. Müharibə zamanı biz bütün hərbi qanunlara da əməl etdik, döyüşün ən qızğın vaxtlarında humanitar atəşkəsin olmasını irəli sürdük ki, ermənilər itkilərini döyüş meydanlarından çıxartsın. Ancaq, mənfur düşmən öz ölüsünə belə sahib çıxmadı, əksinə işğal altında olan evlərimizi yandırdı, təbiəti məhv etdi, ərazilərdə minaların sayını artırdı. Bu da ermənilərin hətta ekoloji hüquqları belə pozduğunu bir daha göstərdi.

30 ilə yaxın davam etmiş münaqişəyə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun açıq şəkildə təsdiq edilməsinə baxmayaraq, beynəlxalq hüquq normalarının siyasi konyunktura və subyektiv maraqlar qarşısında acizliyinin şahidi olmuşuq. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrini Ermənistan tərəfi könüllü olaraq icra etməkdən boyun qaçırsa da, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğal olunmuş torpaqların azad edilməsi həm də vətəndaşların konstitusiya hüquqlarının bərpa edilməsini təmin etdi.  Və otuz ildə pozulan hüquqlarımızı 44 gündə ədalətlə bərpa etdik. Lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan Respublikasının Konstitusiyası bu gün bütöv Azərbaycan ərazisində ali hüquqi qüvvəyə malikdir!

Bəli, Ermənistan dövlətinin və ya ayrı-ayrı şəxslərin törətdiyi müharibə cinayətlərinin beynəlxalq hüquq çərçivəsində bir-bir hesabı soruşulacaq. Azərbaycanın ərazi bütövlüyünü pozduğu zaman Ermənistan dövlət əmlakına, şəxsi əmlaklara ciddi zərər vurmaqla yanaşı, Azərbaycanın tarixi-mədəni abidələrinin məhvində, qətllərdə, terrorda da cinayət məsuliyyəti daşıyır. Çünki, Ermənistan 30 ildə bizə qarşı qanunları olmayan müharibə aparırdı. Və məğlub oldu. Ədalət isə zəfər çaldı!

                                                                                    Faiq SƏFƏROV

 Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

                                                                                  şöbə rəisi, baş ədliyyə müşaviri,

                                                                               Azərbaycan Respublikasının Müharibə veteranı

Nəşr edilib : 26.02.2024 12:19