AZ EN RU

Müharibə cinayətkarlarının cəzalandırılması – Azərbaycan bu sahədə də Ermənistanı xilas edir

    Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin müvafiq hərbi birləşmələrinin Qarabağda keçirdiyi 24 saatlıq lokal antiterror əməliyyatından sonra yaranmış real vəziyyət hələ də bir çox ölkələrin əsas müzakirə mövzularındandır. Oktyabrın 7-dən başlayaraq HAMAS silahlılarının İsrailə qarşı qəfil hücumları indi daha çox müzakirə edilsə də, hadisələrin geniş təhlilində, xüsusilə Cənubi Qafqaz regionunda baş verən proseslər baxımından Azərbaycanın həyata keçirdiyi uğurlu əməliyyat hələ də diqqət mərkəzindədir. 

    Məlumdur ki, Azərbaycan çox qısa bir müddətdə, həm də bir çoxlarının gözləmədiyi və peşəkar şəkildə bu əməliyyatı keçirməklə bölgədə 200 ildən artıq davam edən erməni separatizmini məhv etdi. Beləliklə, faktiki olaraq həm də 3 il bundan əvvəl Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn 4-cü bəndi uğurla icra etmiş oldu. Məhz bu əməliyyatın uğurla başa çatması, separatçıların təslim olması və Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlax rayonunda görüşə razılıq verməsi Azərbaycan dövlətinin gücünün və iradəsinin növbəti təntənəsinə çevrildi. Bu ildırımsürətli əməliyyat bir çox ölkələrin marağında olmasa da, Azərbaycan öz maraqlarını beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərində (anklavlar xaric) suverenliyini bərpa etməklə təmin etdi. Bu əməliyyatdan sonra Rusiya rəhbərliyi ən yüksək səviyyədə bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələrin elə bir işinin qalmadığını da etiraf etdi. Yeri gəlmişkən, oktyabrın 10-da Rusiya Şuşa, Əsgəran və Xocavənddən sonra Ağdərə rayonundakı 27 nömrəli postunun da bağlandığını bildirdi. Amma əməliyyatın mühüm əhəmiyyət daşıyan tərəflərindən biri də bu oldu ki, Azərbaycan sonunda xalqımıza qarşı ən ağır hərbi cinayətlərdə iştirak edən, bunları planlayan, göstəriş verənlərin özlərini ələ keçirərək onları özünün mühakimə edəcəyini hər kəsə göstərdi. 
    Aydın məsələdir ki, əməliyyatdan sonra əsas fiqurların həbs olunması, xüsusən üç separatçı qondarma prezidentin həbsi olduqca ciddi nəticədir. Çünki bu şəxslərin məhkəməsi beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edəcək. Təbii ki, bunun üçün ölkəmizə təzyiq etməyə çalışanlar da olacaq. Amma bunun heç bir faydası olmayacaq, əksinə, Azərbaycan bundan istifadə edərək erməni faşizminin illərdir, xalqımıza qarşı törətdiyi cinayətlərin ifşası üçün məhkəmə prosesindən lazımınca istifadə edəcək. Nəzərə alaq ki, bu əməliyyat başlayanadək heç kəs Azərbaycanın Vardanyan, Qukasyan, Saakyan, Arutyunyan, İşxanyan, Manukyan, Mnatsakanyan kimi “məşhur” isimləri ələ keçirəcəyini proqnozlaşdırmırdı. Ən azından Laçın keçid postu qoyulduqdan sonra bu separatçıların müxtəlif yollarla Qarabağdan yenə də çıxış imkanları var idi. Amma Azərbaycan bu əməliyyatın siyasi tərəflərini o dərəcədə mükəmməl işləmişdi ki, bundan qaçmaq mümkün deyildi. 
    Beləliklə, ölkə başçısı cənab İlham Əliyevin növbəti həmləsi ilə Azərbaycan əsgəri növbəti dəfə öz Qələbəsini qazandı. Digər tərəfdən, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin əlində olan bu canilərdən keçmiş Ermənistan prezidentləri Köçəryan və Sarkisyanın hərbi cinayətləri haqqında da tam təfsilatı ilə məlumatlar alınacaq. Bütün bunlar isə illərdir, Azərbaycana qarşı ən ağır hərbi cinayətlərə, o cümlədən soyqırımlarına imza atmış Ermənistanın bir terrorçu dövlət kimi fəaliyyətini daha dolğun şəkildə ortaya çıxaracaq. Alınan ifadələr, toplanan dəlil-sübutlar Ermənistanın gələcək aqibətinə də öz təsirini göstərəcək. Bundan əlavə, Azərbaycanın həmin separatçıbaşılarını ələ keçirməsi Nikol Paşinyan hökumətini də müəyyən problemlərdən azad edir. Aydın məsələdir ki, bu separatçılar Ermənistana getsəydi, orada mütləq şəkildə birləşib hökumətə qarşı fəaliyyətə başlayacaqdılar. Bu isə, əsasən, revanşizm cəhdləri ilə bağlı olacaqdır ki, bu da Qərbə üzünü tutan və ya sülhə doğru getməyə məcbur edilən bir iqtidara əlavə baş ağrısı idi. Bu mənada, Azərbaycan Paşinyan hökumətinə daha bir jest etmiş oldu. O ki qaldı Ermənistanın eks-prezidentləri Köçəryan və Sarkisyana, bu hərbi canilərin də məsuliyyətə cəlb olunmasına az qalıb. Doğrudur, bu gün bəzi siyasi ekspertlər dünyada hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasında istifadə olunmuş Yuqoslaviya və İsrail variantlarının daha çox adını çəkir. Amma fərqli variantların olması da istisna edilmir. Bütün bunların isə sülh prosesindən sonra baş verəcəyi mümkün görünür. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 12.10.2023 21:11