AZ EN RU

Mühafizə işçilərinin 2022-ci ilin yekununa dair iclası keçirilib

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu qurumun mühafizə işçilərinin 2022-ci ilin yekununa dair iclası keçirilib. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxış edərək cari ildə mühafizə, yaşıllaşdırma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, 2022-ci il ərzində muxtar respublika ərazisində, ümumilikdə, 435,5 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, 282250 müxtəlif meyvə və meşə tingləri əkin dövriyyəsinə daxil edilib. Bunun 79,8 hektarı yeni meyvə bağları, 6,7 hektarı üzüm bağları, 175 hektarı meşəbərpa, 170 hektarı isə toxumla əkindir. Ötən müddət ərzində nazirlik tərəfindən, ümumilikdə, 247 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Bundan 23 hektarı yeni meyvə bağları, 50 hektarı meşəbərpa, 170 hektarı toxumla əkin, 4 hektarı toxmacarlıq və qələmkökləndirmə olub. Əkin işləri zamanı, ümumilikdə, 45450 müxtəlif meyvə və meşə tingi əkin dövriyyəsinə daxil edilib. Toxumla əkin zamanı 2700 kiloqram müxtəlif meyvə və meşə toxumlarından istifadə olunub. 
    Qeyd edilib ki, suvarma işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə 14000 p/m su arxı təmir olunub, 90 hektar sahə alaq otlarından təmizlənib, 428 hektar sahədə texnika vasitəsilə cərgə araları yumşaldılaraq alaq otlarından təmizlənib. Püstə bağında 70 hektar sahədə yararsız olan damcılı suvarma sistemi əsaslı təmir edilib və suvarma aparılıb. Ümumilikdə isə 1200 hektar sahədə suvarma aparılıb. Meşə və yaşıllıq sahələrində, turizm rekreasiya zonalarında ziyanverici həşəratların təsirinin azaldılması məqsədilə tədbirlər görülüb, dərmanlama işləri aparılıb. Belə ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsindəki yaşıllıq zolaqlarında, Xizək mərkəzinin ətrafında və Biçənək kəndinə gedən yolun kənarlarındakı yaşıllıq sahələrdə ziyanvericilǝrǝ qarşı mübarizə məqsədilə dərmanlama işləri həyata keçirilib. Sədərək Rayon Su Monitorinq Laboratoriyasında ötən dövr ərzində Araz və Arpaçay çaylarının muxtar respublikamıza daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan, ümumilikdə, 138 su nümunəsi götürülüb, 1587 laborator analiz aparılıb. 
    Vurğulanıb ki, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanuna zidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 530 reyd-yoxlama həyata keçirilib, 72 inzibati xəta halı qeydə alınıb. Torpaqların münbitliyinin, geobotaniki tərkibinin qorunması və bərpası, otlaqlardan istifadənin tənzimlənməsi sahəsində işlər davam etdirilib, ekoloji baxımdan istifadəyə yararlı 23961 hektar otlaq sahəsi fermer, fərdi təsərrüfat sahiblərinin istifadəsi üçün ayrılıb. İlin əvvəlində yabanı faunanın mühafizəsi məqsədilə biotexniki tədbirlər icra edilib, 5700 kiloqram daşduz, 215 kipdən artıq qaba yem kütləsi və 2000 kiloqramdan çox meyvə-tərəvəz qalıqları ərazilərə dağıdılıb. 
    Bildirilib ki, ötən müddət ərzində qurumuş ağacların kəsilərək muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilməsi davam etdirilib, Uzunoba, Xalxal, Məzrə, Rüstəm Dövlət Meşə Fondu ərazilərindən və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarlarından və digər ərazilərdən 1055 kubmetr odun tədarük olunaraq Naxçıvan şəhərində yerləşən hərbi hissələrə və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına verilib. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamlardan irəli gələn vəzifələrin icrası məqsədilə hami ixtisas tələbələrinin və ekologiya könüllülərinin iştirakı ilə 11 tədbir keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Tədbirdə nazirliyin Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin müdiri Azər Məmmədov, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının direktor əvəzi Həsənqulu Kərimov, Arpaçay Dövlət Təbiət Yasaqlığının direktoru Elşən Seyidov çıxış edərək aidiyyəti üzrə mühafizə, yaşıllaşdırma sahələrində görülən işlər barədə məlumat veriblər.

Nail ƏSGƏROV

Nəşr edilib : 09.12.2022 19:05