AZ EN RU

Müəssisədə keyfiyyətli ət və ət məhsulları istehsal edilir

“Sənaye ili” – 2022

    Muxtar respublikamızda sahibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Bunun  nəticəsində əhalinin ərzaq təhlükəsizliyi təmin olunub.  İllər öncə ət məhsullarına olan tələbatımızı  ödəmək, dadlı-tamlı bir məhsul əldə etmək üçün muxtar respublikadan kənara çıxırdıqsa, indi bunun tamam əksini görürük. Daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Naxçıvanda istehsal olunan ət məhsulları respublikamızda və qonşu ölkələrdə adla deyilir. Artıq Naxçıvan brendlərinin arasında qovurma ilə yanaşı, burada istehsal edilən kolbasanın da adı çəkilir. Belə müəssisələrdən biri, “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir.

    Babək rayonunun Qoşadizə kəndi ərazisində istеhsаl müəssisəsi üçün tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir.

    Ötən günlərdə Gəmiqaya Ət Məhsulları Kompleksində olduq. Öyrəndik ki, istehsal sahəsində 14 çeşid kolbasa və sosiska istehsal olunur. Keyfiyyətli məhsul istehsalı üçün Türkiyədən, Avstriya və İtaliyadan idxal edilmiş avadanlıqlar alınıb. İstehsal sahəsi gündə bir ton ət məhsulu istehsaletmə gücünə malikdir. İstifadə olunan xammalın 80 faizi yerli məhsullardandır. Bütün iri və xırdabuynuzlu heyvanların kəsimində dini qayda-qanunlara riayət olunan müəssisədə istehsal edilən kolbasa və sosiskalar halallıqla hazırlanıb süfrəmizə gətirilir. Müəssisənin yaradılmasında başlıca məqsəd daxili bazarı yüksəkkeyfiyyətli, rəqabətə davamlı ət və ət məhsulları ilə təchiz etməkdən ibarətdir. İstifadə olunan xammalın mütəmadi olaraq laborator müayinədən keçirilməsi burada keyfiyyətli kolbasa istehsalına imkan verir. Türkiyə istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr quraşdırılmış müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə keyfiyyətlə çatdırılması məqsədilə alınmış soyuducu kameralı xüsusi avtomaşınlardan istifadə olunur. Hazırda müəssisədə müxtəlif çеşidlərdə ət və ət məhsulları, hisə vеrilmiş və bişirilmiş kоlbаsа məmulаtlаrı, eləcə də sоsiskа istеhsаl edilir. Burada ət və ya hazır məhsul lаbоrаtоr аnаlizdən keçirildikdən sonra satışa burахılır. 
    İstehsal müəssisəsində çiy dönər sifarişləri də qəbul edildiyini, daim təzə ətlə təmin olunması üçün ayrı-ayrı rayonlarda fəaliyyət göstərən fermer və fərdi sahibkarlar ilə əlaqələr yaradıldığını da öyrənirik. Muxtar respublikanın müxtəlif bölgələrində yaşayan əhalidən bazar qiymətlərinə uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar alınmaqla xammal tədarük edilir. Dönər hazırlayan Səfər Əliquliyev beş ilə yaxındır, burada çalışır. O deyir ki, həm dönər, həm də başqa məhsulların hazırlanmasında yerli sakinlərdən alınan ətdən istifadə edilməsinə üstünlük verilir. Burada gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvan kəsimini həyata keçirmək mümkündür. Müxtəlif dondurucu temperatura malik 8 soyuducu kamera yaradılıb, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə 2 soyuducu yük yeri olan nəqliyyat vasitəsi alınıb. İki ildən artıqdır ki, qovurma istehsalına da başlanılıb. 
    Ət məhsulları kompleksində istehsal prosesində xammala olan tələbat yerli sakinlərdən alınan iribuynuzlu heyvanlar hesabına ödənilir. Bundan başqa heyvandarlıqla məşğul olan sahibkarlar  istədikləri  vaxt təsərrüfatında ətlik iribuynuzlu və xırdabuynuzlu heyvanları kompleksə nağd yolla sata bilirlər. Eyni zamanda sahibkar əgər,  sadəcə,  kəsim üçün müraciət edibsə,  kəsilən heyvanın əti müəssisədəki xüsusi maşınlarla sifarişçilərin ünvanlarına çatdırılır. 
     Müəssisənin nəzdində fəaliyyət göstərən mağaza ilə tanışlıq zamanı həmsöhbət olduğum alıcı Hüseyn Səfərov deyir ki, kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanı yaradır. Onu da bildirək ki, gələcəkdə müəssisədə istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışı və xarici bazarlara çıхаrılmаsı da plаnlаşdırılır. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 02.03.2022 19:01