AZ EN RU

Müəllimlərimiz şərəfli və məsuliyyətli peşənin öhdəsindən layiqincə gəlirlər

Bu gün muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğı müəllimləri də əhatə edir, onlar fəaliyyətləri ilə çoxlu uğurlar qazanır, əməkləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Biz də qəzetimiz vasitəsilə belə müəllimlərin bir neçəsi ilə sizi də tanış etmək istərdik.

Natella Rzayeva 1980-ci il aprelin 1-də Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. Ali təhsilini 1998-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq-tibb fakültəsində alıb. Natella müəllimlə söhbətimizdə dedi: – Müəllimlik fəaliyyətimə 2005-2006-cı illərdə Güney Qışlaq kənd tam orta məktəbində biologiya müəllimi kimi başlamışam. 2006-2022-ci illərdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə biologiya müəllimi, həmçinin 2018-2022-ci illərdə Naxçıvan Şəhər Təhsil Şöbəsində metodist vəzifəsində işləmişəm. 8 fevral 2022-ci il tarixdən Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıram. Cari ildə Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsində “Biologiya dərslərinə 3D texnologiyalarının tətbiqi” adlı layihəm qalib olub. Layihəmizin məqsədi biologiya dərslərində 3D texnologiyalarını tətbiqi ilə şagirdlərin ən çətin mövzuları asanlıqla və maraqla mənimsəmələrini təmin etməkdir. Layihəmiz oktyabr-yanvar aylarında icra olunacaqdır. Müəllimlik peşəsi mənim üçün qürurvericidir. Müəllimlərin vəzifəsi mühüm, işini layiqincə görən hər bir müəllim müqəddəsdir. Gənclərimizə bu müqəddəs peşəyə yiyələnmələrini arzu edirəm.

Aytən Quliyeva 1976- cı il 7 oktyabrda Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbi fərqlənmə ilə, 1997-ci ildə Naxçıvan Dövlət Universitetini qırmızı diplomla bitirib. Həmin ildən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Aytən müəllim deyir ki, hər bir müəllimin uğuru onun şagirdləridir: – Şagirdlərim həmişə uğurları ilə seçilib və məni sevindiriblər. Belə ki, müxtəlif olimpiadalarda, inşa müsabiqələrində I və II yerlərə layiq görülüb, yüksək nəticələrlə ali məktəblərə qəbul olublar. 2021-ci ildə Fatimə Quluzadə Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerə çıxaraq “Qızıl” nişana layiq görülüb. Bu gün muxtar respublikada təhsilə diqqət göz önündədir, hər il yeni-yeni məktəb binaları tikilir, köhnələr təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir. Bunlarla yanaşı, müəllim əməyi də qiymətləndirilir. 2021-ci il oktyabrın 5-də “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşəm. Bu ad şərəfli olduğu qədər həm də məsuliyyətlidir. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də bu ada layiq olum, gələcəyimiz üçün vətənpərvər, savadlı gənclərin yetişməsi üçün əlimdən gələni əsirgəməyim. Bu gün respublikamızda şəffaf şəkildə test üsulu ilə müəllimlərin işə qəbulu həyata keçirilir. Bu da gələcəyimizin sağlam təməl üzərində qurulması üçün atılan addımlardan biridir. Gənc müəllimlərə tövsiyəm odur ki, işlərinə məsuliyyətlə yanaşsınlar, çünki çəkilən əmək, əziyyət heç zaman diqqətdən yayınmır.

Növbəti müsahibimiz Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti, STEAM təlimçisi və Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ceyran Məmmədovadır. 1979-cu il mayın 13-də Naxçıvan şəhərində anadan olan müsahibim 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat-informatika ixtisasını bitirib: – 2002-ci ildə Naxçıvan şəhərində “Lepton” elmi-iqtisadi şirkətində kompüter müəllimi vəzifəsində işləmişəm. 2005-ci ildən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə informatika fənnini tədris edir, 2010-cu ildən Naxçıvan şəhər İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter müəllimi vəzifəsində işləyirəm. 2016-cı ildən Naxçıvan Şəhər Təhsil Şöbəsində metodist vəzifəsində fəaliyyət göstərirəm. Naxçıvan Muxtar Respublikasında keçirilən təhsilverənlərin sertifikasiya imtahanında 95 bal toplamışam. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlər hər tədris ilində Naxçıvan Şəhər Peşə Liseyində ixtisasartırma kurslarına cəlb olunurlar. Həmin müəllimlərə “Elektron lövhə istifadəçisi” və “Kompüter istifadəçisi” kurslarında təlimlərin keçirilməsində iştirak edirəm. Yeni işə qəbul olan gənc müəllimlərə Təhsil Nazirliyi tərəfindən keçirilən təlimlərdə “İnnovativ müəllim”, “Səmərəli təlim mühitinin təşkil olunması” mövzularında təlimlərin keçirilməsində iştirak etmişəm. Bununla yanaşı, 2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiqinə başlanılan STEAM təhsil metodunun ümumtəhsil məktəblərində yüksək səviyyədə tədrisinin təşkil olunması istiqamətində müəllimlər üçün keçirilən təlimlərdə təlimçi-müəllim kimi öz fəaliyyətimi davam etdirirəm. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikaya Türkiyə Respublikasının “Robotistan” şirkəti tərəfindən dəvət olunan beynəlxalq təlimçilər tərəfindən keçirilən təlimlərdə və Bakı şəhərində “Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın inteqrativ tədrisi metodikası və Robotexnika” üzrə distant təlimlərdə və keçirilən müasir təlim metodlarına dair təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən keçirilən “Labirint Robot”, “Lego Sumo” layihələri çərçivəsində müsabiqələrdə iştirak edərək sertifikat almışam. STEAM təhsil metodu üzrə Bakı şəhərində keçirilən STEAM Azərbaycan festivalında rəhbərlik etdiyim “Lego Sumo” kateqoriyası üzrə komanda Azərbaycan üçüncülüyünə layiq görülüb. 2019-cu ildə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin VII sinif şagirdləri üçün tədris olunan “Naxçıvan tarixi” kitabının, STEAM təhsil metodu üzrə tərcümə olunaraq hazırlanan tədris vəsaitlərindən “Robotexnika”, “İncəsənət 3D Modelləşdirmə”, “Mühəndislik Micro:bit və Kodlaşdırma Layihələri” kitablarının kompüter tərtibatçısıyam. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən layihə əsasında hazırlanan “Dastana döndü...Hər şəhid bir dastan” kitabının müəllifi və kompüter tərtibatçısıyam. Naxçıvanda ilk dəfə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etmişəm. Ümumiyyətlə, 17 illik müəllimlik fəaliyyətimdə bir daha əmin oldum ki, təlim-tərbiyə prosesində müəllimin məsuliyyət yükü daha artıqdır, çünki uşağın yetişib-formalaşması, vətəndaş kimi savadlı, yetkin, ləyaqətli şəxsiyyətə çevrilməsi dövlətin əsas məqsədidir. Bu məqsədin həyata keçirilməsi, heç şübhəsiz, təhsilverənlərin üzərinə düşür. Biz müəllimlər bundan sonra da Azərbaycanımızın işıqlı gələcəyi, müəllim adının daim yüksək tutulması, savadlı gənc nəslin yetişdirilməsi üçün səylə çalışacaq və daim öz biliklərimizi təkmilləşdirəcək, öyrənəcək və öyrədəcəyik.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Qəzetimiz vasitəsilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir, onlara şərəfli və məsuliyyətli vəzifələrində uğurlar arzulayırıq!

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 05.10.2022 10:39