AZ EN RU

Müəllimlər yetişdirən Müəllimlər İnstitutu - FOTOLAR

    Bütün peşələr gözəldir, lakin bunlar arasında müəllimlik peşəsi xüsusi əhəmiyyətə malikdir. Müəllim öz həyatını cəmiyyətin nurlu gələcəyinə həsr edən, əməyi ilə əsl vətənpərvərlik nümunəsi göstərən, cəmiyyətin gələcəyini etibar etdiyi insandır. Müəllim şəxsiyyətinin bütün parametrləri ilə təhsilalanlara və ümumilikdə, cəmiyyətə nümunədir. Eyni zamanda müəllimlər öz biliyi, bacarığı, xarakteri və əməlləri ilə cəmiyyətin inkişafında böyük rol oynayır. Elə buna görə də müəllim əməyinin bənzəri yoxdur. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət vermiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxlu qərarlar qəbul etmişdir.

    Müasir dövrdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda təhsilə, müəllimlərə xüsusi qayğı və diqqətin canlı şahidləriyik. 2022-2023-cü tədris ilindən başlayaraq sertifikasiya imtahanında uğurla keçən müəllimlərin topladıqları bal səviyyəsinə uyğun olaraq əməkhaqlarına müvafiq artımların edilməsi də müəllimlərə göstərilən qayğının bariz nümunəsidir. Müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi təhsilimizin bugünkü inkişafının əsasını təşkil edir. 
    Bu gün işə qəbul zamanı müəllimlərin biliyinin, onların əldə etdikləri təhsil səriştələrinin düzgün qiymətləndirilməsi mexanizmləri uğurla tətbiq edilir. Bunun nəticəsidir ki, rəqabətli mühit şəraitində şəffaf meyarlar əsasında işə qəbul prosesi həyata keçirilir. 
    İstər ali məktəblərdə pedaqoji kadr hazırlığına verilən tələblərin artırılması, istər işə yeni qəbul prosesində tətbiq edilən qaydalar, istərsə də pedaqoji təcrübəyə sahib olan müəllimlərin sertifikasiyası bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir.
    Ölkəmizdə yüksəkixtisaslı müəllim kadrların hazırlanması işini həyata keçirən ali təhsil ocaqlarından biri də Naxçıvan Müəllimlər İnstitutudur. 
    Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı kimi yaradılmışdır. 26 avqust 2003-cü ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən təhsil ocağı peşəkarlıq, qarşılıqlı hörmət, şəffaflıq və obyektivlik, əməkdaşlıq, innovativlik, tədqiqatçılıq, öyrənmək və öyrətmək, ən əsası öyrətməyi öyrətmək prinsipləri və dəyərləri əsasında ali təhsilin bütün səviyyələri üzrə pedaqoji kadr hazırlığını həyata keçirməyə müvəffəq olmuşdur. 
    2018-ci ilin may ayında Naxçıvan Müəllimlər İnstitutunun binası ən müasir tədris kompleksi ilə yenilənmiş, Prezident cənab İlham Əliyevin iştirakı ilə professor-müəllim heyətinin və tələbələrin istifadəsinə verilmişdir. 
    İnstitut haqqında ətraflı məlumat almaq üçün ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru, dosent Çapay Quliyevlə həmsöhbət olduq. O bildirdi ki, altı mərtəbədən ibarət olan yeni tədris kompleksində 23 adi və 20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı və 16 elektron lövhəli auditoriya vardır. Bu müasir tədris kompleksində ənənəvi və elektron oxu zalları olan kitabxana, STEAM laboratoriyası, 15 fənn kabinəsi, o cümlədən təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya, texnologiya kabinələri, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları, ebru kabinəsi bütün zəruri inventarlarla təchiz edilərək professor-müəllim və tələbə kollektivlərinin ixtiyarına verilmişdir. İnstitutda müəllim və tələbələr üçün ayrıca ictimai iaşə otaqları, tibbi xidmət otağı, “Məktəb” nəşriyyatının mətbəəsi fəaliyyət göstərir. Yeni tədris korpusunda tələbə və müəllimlərin istifadəsinə əlavə fərdi kompüterlər, noutbuk və proyektorlar da verilmişdir. Ali təhsil ocağında müasir standartlara cavab verən idman zalı tələbələrin ixtiyarındadır. Burada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və Psixoloji xidmət laboratoriyası yaradılmışdır.
    Naxçıvan Müəllimlər İnstitutunda bаkаlаvriat səviyyəsində 15 ixtisas üzrə kadr hazırlığı aparılır. Bu ixtisaslardan İbtidаi sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sоsiаl-psiхоlоji хidmət ixtisasları üzrə ixtisaslı kadrlar muxtar respublikada yalnız bu ali məktəbdə hazırlanır. Magistratura səviyyəsində 4 ixtisas, doktorantura səviyyəsində isə 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. İnstitutun nəzdində Dissertasiya Şurası fəaliyyət göstərir.
    İnstitutda tələbələrlə tərbiyə işi yüksək ixtisaslı mütəxəssis istiqamətində qurulub. Burada tələbələrin yaradıcılıq qabiliyyətlərinin tam açılması, vətəndaş mövqeyinin, milli-mənəvi dəyərlərin, vətəndaşlıq və peşəkarlıq keyfiyyətlərinin, və tərbiyələndirici mühitin formalaşdırılması üçün tam şərait yaradılır. 
    Çapay Quliyevin sözlərinə görə, Naxçıvan Müəllimlər İnstitutunda elmi tədqiqatların inkişafına yönəlmiş mövcud elmi məktəblərin və elmi-pedaqoji kollektivlərin dəstəklənməsi və yenilərinin formalaşdırılması, institutda elmin beynəlxalq, dövlət və məhəlli elmi-tədqiqat proqramlarına inteqrasiyası, alimlərin, doktorantların və tələbələrin yaradıcı potensialının reallaşdırılması, onların elmi əlaqələrinin genişləndirilməsi və elmi tədqiqatların nəticələrinin nəşr edilməsi üçün şərait mövcuddur. Eyni zamanda institut alimlərinin təhsilə təklif və tətbiq etdikləri texnologiyalarını, metodikalarını davamlı həyata keçirmək üçün yeni düşüncə tərzli kadrların hazırlanması, eyni zamanda tələbələrin elmi-tədqiqat potensialının reallaşdırılması, ən istedadlı məzunların elmi-pedaqoji fəaliyyətə hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.
    Naxçıvan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri əsaslı şəkildə yenidən qurulur. Ali təhsil ocağı Avropa Komissiyasının Erasmus+KA2 proqramı çərçivəsində icra olunan ECAR layihəsində assosiativ tərəfdaş kimi çıxış edir və burada “Mövlana” mübadilə proqramı üzrə əməkdaşlıq etmək üçün layihələr üzərində işlər aparılır. Beynəlxalq əməkdaşlıq çərçivəsində yaxın və uzaq xarici ölkə institutları, elmi-tədqiqat mərkəzlərinin fondları ilə Naxçıvan Müəllimlər İnstitutunun elmi, mədəni və işgüzar münasibətlərinin möhkəmləndirilməsi istiqamətində daim yeni addımlar atılır, institutun tədris və elmi-tədqiqat fəaliyyətinin nəticələrinin dünya səviyyəsində rəqabət qabiliyyətin təmin edilməsi üçün yeni imkanlar formalaşdırılır. İnstitutun nailiyyətlərinin və əcnəbi tələbələrin tədrisinin təşkili və birgə elmi-tədqiqat fəaliyyətinin beynəlxalq səviyyədə təbliği sahəsində uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsi məqsədilə xarici elmi məktəblərin nailiyyətlərinin tətbiqi həyata keçirilir. Bu da institutla bağlanan beynəlxalq müqavilələrin sayının və səmərəliliyinin yüksəldilməsinə xidmət edir. İnstitut 2022-ci ildən Avrasiya Universitetlər Birliyinin üzvüdür. Bir sıra xarici universitetlər və birliklərlə yaxından əməkdaşlıq edir. 
    İnformasiyalaşdırma sahəsində yeni texnologiyalardan istifadə səviyyəsinə görə Naxçıvan Müəllimlər İnstitutunun ölkənin və Avropanın ən yaxşı ali təhsil müəssisələri səviyyəsinə çatdırılması işləri davam etdirilir. 
    Onu da öyrəndik ki, institutda ixtisasartırma və yenidənhazırlanma üzrə ayrıca bölmə fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində fəaliyyət göstərən orta ixtisas, ümumtəhsil, məktəbəqədər təlim-tərbiyə, məktəbdənkənar tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etmək üçün əlavə təhsilin istiqamətləri üzrə sistemli iş aparmaq məhz bu ali məktəbə həvalə edilmişdir.
    Tədris müəssisələrində pedaqoji işçilərin ixtisası üzrə intellektual, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim yeniləşən əmək şəraitinə uyğunlaşdırılır, pedaqoji kadrların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal, səmərəli inkişafı və ixtisasartırma təhsilinin Avropa və dünya təhsil məkanına inteqrasiyası təmin edilir, müxtəlif modullar üzrə müəllimlərin ixtisasartırma kursları təşkil edilir ki bu da təhsilin keyfiyyətinin yüksəldilməsində olduqca əhəmiyyətlidir. Həmçinin məktəblərdə ayrı-ayrı fənlər üzrə elmi-metodik tövsiyələr hazırlanır, mətbuatda elmi-metodik məsələlərlə çıxış edilərək onlara metodik köməklik göstərilir. Bu sahədə, eyni zamanda muxtar respublikanın məktəbləri ilə distant təhsil məntəqələri yaradılır, bu məqsədlə yaradılmış metodikdestek.nmi.edu.az saytı tez-tez təkmilləşdirilərək qabaqcıl müəllimlərin təcrübəsinin sayta yerləşdirilməsi də diqqətdə saxlanılır.
    Hazırda Naxçıvan Müəllimlər İnstitutunun bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan 1400 nəfərdən çox gənc müstəqil Azərbaycanın dövlətçilik ideyalarına sadiq, vətənpərvər nəsil kimi formalaşır. İnstitutun məzunları bu gün dövlət quruculuğunun müxtəlif sahələrində ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsində yaxından iştirak edir və layiqli töhfələrini verməyə çalışırlar. 
    Çapay müəllim bildirir ki, institutda pedaqoji kadr hazırlığının aparılması üçün yaradılmış maddi-texniki baza və peşəkar professor-müəllim heyəti bu işin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Ali təhsil ocağında yaradılmış şəraitdən düzgün istifadə etməklə tələbələri biliklər və təcrübə əsasında onların inkişafını təmin edəcək səriştələr formalaşdırılır. Bu səriştələr onlara istənilən şəraitdə və situasiyada yeni biliklər qazanmaq və alternativ yanaşmalar tətbiq etmək üçün xüsusi imkanlar yaradır. Eyni zamanda pedaqoji iş kadrlardan yüksək təşkilatçılıq, liderlik və digər qabiliyyətləri tələb edir ki, ali təhsil ocağında bu qabiliyyətlərin formalaşdırılması işi daim diqqətdə saxlanılır. 
    Həmsöhbətim onu da qeyd edir ki, institutda Tələbə-Gənclər təşkilatının xətti ilə müxtəlifsəpkili diskussiyalar, təlimlər, treyninqlər, dəyirmi masalar, özfəaliyyət dərnəkləri, intellektual oyunlar, idman oyunları, və müxtəlif tədbirlər təşkil edilir ki, bu da tələbələrə öz imkanlarını təqdim etmək və formalaşdırmaq şəraiti yaradır.
    Prorektor, dosent Çapay Quliyev deyir: – Biz dövlətimizin müəllimlərə göstərdiyi qayğını hər zaman hiss edirik. Burada qabaqcıl müəllimlərə müxtəlif dövlət təltiflərinin verilməsini, onların əməkhaqlarının artırılmasını və sair misal göstərə bilərik. Bu qiymətləndirmə bizə stimul verir. Hər bir gənc müəllim çalışmalıdır ki, səmərəli fəaliyyəti ilə özünü təsdiq etsin. Çünki çəkilmiş zəhmət dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Dövlətimiz gənclərə xüsusi etimad və etibar edir. Bu gün təhsil və digər sahələrdə gənclərin yüksək vəzifələrdə təmsil olunması bunun bariz nümunəsidir. 
    Müsahibim vurğulayır ki, müəllim cəmiyyətin öz gələcəyini etibar etdiyi insandır. Bu mənada, hər bir müəllim üzərində nə qədər böyük bir məsuliyyət olduğunu hiss etməlidir. O, çalışmalıdır ki, bütün parametrləri bu sahənin standartlarına uyğun olsun və onun nümunəsində gələcək nəsillərimiz hərtərəfli, müsbət istiqamətdə formalaşa bilsin.
    İnstitutda təhsil alan tələbələrlə də həmsöhbət olduq. Müsahiblərimizdən biri – bu tədris ilində İngilis dili müəllimliyi ixtisasına 470 balla qəbul olan Bəhriyyə Hüseynli bildirdi ki, uşaqlıqdan öz müəllimlərinin nümunəsində bu peşəni sevib. Onun fikrincə, müəllimlik çox dəyərli peşədir. O, bütün ömrünü xalqının gələcəyinə həsr edir. Özü qocalır, amma ideyaları hər zaman yeni nəsillərlə gəncləşir. Bəhriyyə elə birinci kursdan özündə ixtisas bilikləri ilə yanaşı, bu peşənin xüsusiyyətlərini formalaşdırmağa çalışdığını vurğuladı və qeyd etdi ki, həm ixtisas bilikləri həm də peşə xüsusiyyətlərini onda təhsil aldığı Naxçıvan Müəllimlər İnstitutunun peşəkar professor-müəllim heyəti formalaşdırır. O, müəllimlərinin simasında bütün pedaqoqlara minnətdarlığını bildirdi. 
    Digər müsahibim isə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura səviyyəsinə qəbul olan I kurs magistrant Şəkər Hacıyeva oldu. O da müəllimlik peşəsinin cəmiyyətimizin inkişafında rolundan danışdı. Bu gün təhsil aldığı institutda ali təhsilin bütün səviyyələrinin olduğuna toxunan Şəkər Hacıyeva təhsilini doktorantura səviyyəsinə qəbul olmaqla elmi-pedaqoji istiqamətdə davam etdirəcəyini bildirdi. Bu istiqamətdə ona dərs deyən professor-müəllimlərindən nümunə götürdüyünü vurğuladı.
    Biz də ali təhsil ocağının kollektivinə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Bülbül QULİYEVA

Nəşr edilib : 22.11.2022 21:08