AZ EN RU

Müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı respublikanın 18 şəhərində təşkil edilir

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 minə yaxın müəllim dəvət edilib.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 22-də və 24-də də davam edəcək. Həmin günlərdə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.

Nəşr edilib : 21.06.2024 10:18