AZ EN RU

Müəllimlər Günü münasibətilə tədbirlər keçirilib

    Naxçıvan Dövlət Universitetində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdən öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda dekorativ-tətbiqi sənət nümunələrinin rəngkarlıq, qrafika əsərlərinin əks olunduğu sərgiyə baxış olub. Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Universitetin  rektoru, dosent Elbrus İsayev çıxışı zamanı qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllim əməyini əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirən rektor vurğulayıb ki, ölkə­mizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm Dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ali təhsil müəssisəsində kadr hazırlığının həyata keçirilməsində müəllimlərin əvəzsiz rolundan söz açan Elbrus İsayev əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
    Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov, Mətbuat tarixi ixtisası üzrə I kurs magistrant Muxtar Rzazadə çıxışlarında muxtar respublikamızda müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, müəllimlik peşəsinin ən şərəfli və vacib peşə  olmasından bəhs ediblər.
    Tədbir bədii hissə ilə davam edib. 

***

    “Naxçıvan” Universitetində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbiri universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. O bu münasibət ilə universitetin pedaqoji heyətini təbrik edərək müəllimlərə şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin hər zaman  uca tutulduğunu və müqəddəs sayıldığını diqqətə çatdıran rektor müəllimləri bu adın şərəfini daim yüksəltməyə, ölkəmizin inkişafı naminə bacarıqlı mütəxəssislər yetişdirməyə səsləyib. 

    Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədova Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarını təbrik edib, müəllim əməyinə göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edib.
    Bədii hissədən sonra səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlər mükafatlandırılıb.

***

    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açıb. Bildirib ki, bu gün təhsilimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasının şahidiyik. Əminliklə deyə bilərik ki, müəllimlərin sosial rifahının yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri, daha dəqiq desək birincisidir. Bu qayğının nəticəsi olaraq ölkəmizdə müəllimlərin sosial statusu artır, güzəranı getdikcə yaxşılaşır. 

     Qeyd olunub ki, Naxçıvan Müəllimlər İnstitutu da ölkəmizdə pedaqoji kadr hazır­lığı aparan ali təhsil müəssisələrindən biridir. Burada yaradılmış şərait təhsilə göstərilən qayğının bariz nümunəsidir. Sevindirici haldır ki, müəllimlərin işə qəbulunda institutun məzunları yüksək nəticələri ilə seçilir. Rektor şərəfli və məsuliyyətli fəaliyyətində kollektivə uğurlar arzulayıb və bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib.
     Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yusif Səfərovun və həmin kafedranın gənc müəllimi Şəbnəm Əliyevanın təbrikləri dinlənilib, tələbələrin ifasında müəllimlərə həsr olunmuş şeirlər qiraət olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.10.2022 21:03