AZ EN RU

Müəllim və şagirdlər üçün “STEAM yay məktəbi” təşkil olunub

    İnnovativ təhsil metodu olan STEAM təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-Tədris  Mərkəzində “STEAM yay məktəbi” təşkil olunub. 28-29 avqust tarixlərdə keçirilən Yay məktəbinə  38 müəllim, 27  şagird cəlb olunub.
       Əvvəlcə  Yay məktəbinin  iştirakçıları  STEAM Təlim-Tədris Mərkəzi ilə tanış olublar. Bildirilib ki, 236 yerlik olan mərkəz zirzəmi ilə birgə 3 mərtəbədən ibarətdir. Burada STEAM, robototexnika, CNC-3D texnologiyası, qrafiki dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, pro­qramlaşdırma dərnəkləri fəaliyyət göstərir. Sonra Yay məktəbinə start verilib. “STEAM yay məktəbi”ndə müəllim və şagirdlər CNC lazer texnologiyasının işləmə prinsipi, lazerin işə hazırlanması qaydalarını və bununla yanaşı, Edu dronların alqoritmik formada kodlaşdırma mexanizmlərini, proqramlaşdırma mövzularını öyrənməklə nəzəri biliklərini praktikada tətbiq ediblər. Yay məktəbində, həmçinin STEAM Təlim-Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən Edu dronların proqramlaşdırması, CNC lazer texnologiyaları praktik tətbiqlərlə geniş izah olunub. 
    Sonda  müəllim və şagirdlərə sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.08.2023 20:05