AZ EN RU

Müəllim: ən şərəfli, ən ülvi, ən uca ad

    “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”, – deyən dahi şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə təhsil sahəsinə böyük diqqət göstərir, müəllim əməyini yüksək qiymətləndirirdi. Ulu öndər öz müəllimlərini minnətdarlıqla xatırlayır, onların xidmətləri haqqında ürəkdolusu danışırdı. Ulu öndərimizin müəyyənləşdirdiyi siyasətin böyük ehtiramla davam etdirildiyi muxtar respublikamızda da bu gün təhsil işçiləri hərtərəfli qayğı ilə əhatə olunublar. 

    Bu qayğıdan Sədərək rayonunun Dəmirçi kənd tam orta məktəbinin müəllimi Qənimət Bayramova da pay düşüb. O, təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 4 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Onun bu fəxri ada qədər keçdiyi yol şərəfli müəllim ömrünə öz izlərini yazıb. 36 il əlinə jurnal alıb sinifə girib. Tədris etdiyi fənni şagirdlərinə də sevdirməyə çalışıb. Müasir tədris üsullarına üstünlük verib. Onunla çalışdığı məktəbdə görüşdük, yüksək mükafat alması münasibətilə təbrik etdik. Qənimət müəllim layiq görüldüyü bu təltifə görə dövlətimizə minnətdarlığını bildirdi, məsuliyyətini bir qədər də artdığını dedi:
     – Müəllim əməyi çox zəhmət tələb etsə də, şərəfli bir əməkdir. Çünki o, mənsub olduğu xalqın gələcəyini yetişdirir. Bu gələcək vətənpərvər, müstəqilliyimizə, dövlətçiliyimizə sadiq ruhda böyüməlidir. Uzağa getməyək. Azərbaycan müəlliminin yetişdirdiyi gənclər Vətən torpağının bir qarışı üçün canından keçdi, xalqımızın başını uca etdi. Müəllim dövlətin ən qiymətli kapitalı olan insan resursu ilə işləyir. Bu işin çətinliyi də məhz bundadır. Çünki insan emosional, dinamik, dəyişkən varlıqdır. Onlarla işləyərkən biz yalnız hazır təlimatlara uyğun şəkildə davrana bilmərik. Özümüz öz işimizdə yaradıcı olmalıyıq ki, istənilən bir çətin vəziyyət yarandığı halda çıxış yolu tapıb, istər təlim, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldək. 
    Öyrəndik ki, Qənimət Bayramov 1960-cı ildə Dəmirçi kəndində anadan olub. Məktəbdə oxuduğu illərdə dəfələrlə fənn olimpiadalarında iştirak edib, layiqli yerlər qazanıb. Orta məktəb illərindən həkim olmaq arzusu ilə yaşayıb. Sonralar çox sevdiyi  müəllimlərinin yolu ilə getməyi qərara alıb. 1981-ci ildə Ukrayna Respublikasında Taras Şevçenko adına Voroşilovqrad Dövlət Pedaqoji İnstitutunun Coğrafiya ixtisasına qəbul olunub. 1986-cı ildə institutu bitirib və həmin ildən də Voroşilovqrad vilayətinin Lisiçansk şəhərində pedaqoji fəaliyyətə başlayıb. Uzun illər orada çalışdıqdan sonra Vətən həsrətinə dayana bilməyib doğma kəndinə qayıdıb və 2002-ci ildən Dəmirçi kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlayıb. 
    Məktəbin direktoru Şükür Allahverdiyev deyir ki, dövr dəyişdikcə, tələblər də dəyişir. Bu baxımdan bu gün pedaqoji fəaliyyətlə məşğul olanların üzərinə mühüm vəzifələr düşür: Konkret faktlara istinad edən Şükür müəllim vurğulayır ki, Qarabağ müharibəsindən ötən iki ildə yaşadıqlarımız, məsələn, ölkəmizin sərhədlərinin hələ sovet dönəmindən mərkəzin diktəsi ilə zaman-zaman dəyişdirilməsini, bu gün həmin sərhədlərin bərpa edilməsində dövlət başçısının göstərdiyi səyləri, əldə olunan nəticələri məktəblilərə çatdırmaq ən vacib məsələdir. Qənimət müəllimin də öz fəaliyyətində bunu əsas götürməsi bugünkü şagirdlərin doğma yurdumuzun coğrafiyasını dərindən bilməklə yanaşı, həm də onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm əhəmiyyətə malikdir. İşğaldan azad olunmuş torpaqlarımızdakı yeraltı və yerüstü sərvətlərin iqtisadiyyatımızın gücləndirilməsinə verdiyi töhfələr də saysızdır; Qənimət Bayramov dərsdənkənar məşğələlərdə bunları şagirdlərə çatdırmağa çalışır. Geri alınmış şəhər və kəndlərimizin, strateji əhəmiyyətli yüksəkliklərimizin, həmin ünvanlardakı su mənbələrinin xəritələrinin şagirdlər tərəfindən çəkilməsinə ciddi önəm verməsi müəllimin öz yurd yerinə və sənətinə bağlılığının ifadəsidir.
    Bu gün onunla çiyin-çiyinə çalışan gənc müəllim Firuz Ağayev deyir ki, Qənimət Bayramov Vətən müharibəsində şəhidlik zirvəsi fəth edən Dəmirçi kəndindən olan şəhid leytenant Məmmədhəsən Sadıqlının müəllimi olub. Haqlı olaraq vaxtilə dərs dediyi belə igid oğulların müəllimi kimi qürur duyur. Həmsöhbətim onu da əlavə edir ki, 20 il ərzində Qənimət müəllimin onlarla şagirdi respublikamızın müxtəlif ali təhsil ocaqlarına daxil olub. Onların bir çoxu hazırda öz müəllimləri ilə çiyin-çiyinə çalışır. Bir müəllim kimi buna görə çox sevinir ki, çəkdiyi zəhmət hədər getməyib. 
    Söhbətimizin sonunda Qənimət müəllim bildirdi ki, əməyinin dövlətimiz tərəfindən qiymətləndirilməsi onunla yanaşı, həmkarlarının və şagirdlərinin də böyük sevincinə səbəb olub. Çünki bu təkcə bir müəllimin əməyinin qiyməti yox, ümumilikdə, Sədərək rayonunun və bütün muxtar respublikanın təhsil işçilərinə verilən dəyərdir. 

Gülnarə HÜSEYNOVA
“Oğuz yurdu” qəzetinin redaktoru

Nəşr edilib : 27.10.2022 19:06