AZ EN RU

Müdriklik zirvəsi

Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndər Heydər Əliyevin ölməz və işıqlı obrazı yaşayır. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizin dövlətçilik tarixində o qədər böyük yeniliklərə, nəhəng işlərə imza atıb ki, deyilən sözlər onun cahanşümul fəaliyyətini əhatə etməkdə acizdir.

İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar düşünməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. İstər ölkəmizin tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.

Bu gün biz azərbaycanlıların ölkəmiz haqqında danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları, nailiyyətləri vardır. Bu uğurların, istisna olmadan hamısı Ulu Öndərimizin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında dahi şəxsiyyət Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə, Heydər Əliyev epoxası yüksəliş epoxasıdır – iqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş zəmanəsidir.

Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən onu xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

 Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etməklə Naxçıvana yeni bir həyat bəxş etmişdir. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Naxçıvanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə həyati əhəmiyyət daşıyan qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – Ümummilli Liderimizin böyük siyasətə qayıdışında tapdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə Ümummilli Lider doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bilmiş və ölkəmizin qurtuluş mübarizəsinin qalibi kimi tariximizə daxil olmuşdur. Bu şanlı missiyanı Ulu Öndər son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirmişdir. 1990-93-cü illərin Azərbaycanı məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmışdı və işə salınmışdı. Belə bir şəraitdə xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu Ümummilli Lider Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan milli və müstəqil dövlət kimi mövcudluğuna görə bu tarixi qayıdışa, milli qurtuluşa borcludur.

Keçən əsrin 90-cı illərində çox mürəkkəb tarixi-siyasi şəraitdə Moskvada nəzarət və təqiblərdən yaxa qurtararaq öz xalqının köməyinə gələn Ümummilli Lider Heydər Əliyev Bakıda da dönük rəhbərlərdən soyuq münasibət görəndə doğulduğu torpağa üz tutmuşdu. Burada həmyerliləri Ulu Öndəri misilsiz bir səmimiyyət və ehtiramla qarşılamışdılar. Başı üstünü qara buludlar almış muxtar respublika əhalisi Heydər Əliyevin zəka və qüdrətinə sığındı. Naxçıvanlılar Ulu Tanrının xalqımızın xilası və nicatı üçün qoruyub saxladığı böyük rəhbərin ətrafında sıx birləşdi, Onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçdi. Ümummilli Liderin həyata keçirdiyi müdrik və qətiyyətli tədbirlər qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsini təmin etdi, bununla bağlı qabaqlayıcı addımlar atdı. Bu tarixi reallıqları dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Ölkə başçısının gündəlik diqqət və qayğısı ilə əhatə olunan qədim Naxçıvan diyarında bu gün yeni bir həyat çağlayır. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq işlərini, regionun sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayan və bu işlərlə yerindəcə tanış olan cənab İlham Əliyevin Naxçıvanın kiçik problemlərinə belə böyük həssaslıqla yanaşması hər birimizin ürəyini dağa döndərir. Bugünkü Naxçıvan Ulu Öndərin arzuladığı Naxçıvandır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam dövlətçiliyimizin taleyüklü məsələlərinin həllini tapdığı, blokada şəraitində yaşayan Naxçıvana böyük diqqət və qayğının daha bir ifadəsidir. Sərəncamda deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.”.

Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir. 1993-cü ilin Azərbaycanı ilə müasir dövrün Azərbaycanını müqayisə etsək, Ulu Öndər Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyəti ortaya çıxır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.

Ümummilli Liderin qətiyyəti xalqın inamını özünə qaytarmış, sabitlik və əmin-amanlıq yaradılmış, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Azərbaycanın müstəqilliyinə yönəlmiş müdrik siyasətin təməlini qoymuş Ulu Öndər Heydər Əliyev çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyildi, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünür.           

Ölkəmizdə Ulu Öndər tərəfindən müəyyən olunmuş siyasi kursun möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətini təşkil edir. Ötən 20 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvəlki illərdə əsası qoyulmuş böyük layihələrin tamamlanmasına, həmin zəmində möhtəşəm quruculuq proqramlarının hazırlanıb həyata keçirilməsinə nail olmuşdur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmləndirilmiş, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artmışdır. Azərbaycanın böyük intibah prosesləri üçün zəruri olan tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirmişdir. Ölkəmizdə Azərbaycançılıq məfkurəsi dərinləşmiş, milli mədəniyyətimiz, elmimiz və ədəbiyyatımız dünyada tanıdılmış, bu istiqamətdə geniş təbliğat işləri aparılmışdır. Mədəniyyət, elm və səhiyyə müəssisələrinin yenidən qurulması, inkişaf etdirilməsi istiqamətində görülən işlər xalqın mənəvi varlığının və milli kimliyinin qorunub saxlanmasına, bu sahələrin sıçrayışlı inkişafına təkan vermişdir.

Bu gün Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları qürur və sevinc hissləri keçirirlər. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər milli ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu.

Hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir.

Vətəni, torpağı sevmək, onun ağrısını, dərdini çəkmək, milli mənafeyi şəxsi mənafedən üstün tutmaq ən böyük vətəndaşlıqdır. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir. O, Azərbaycan vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə söyləmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən dahi şəxsiyyət Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl – Azərbaycançılıq ideyasından güc alan sönməz məşəli alovlandırmışdır. Dahi şəxsiyyət Heydər Əliyev öz ölkəsini yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi gətirmişdir.

Bütün ölkə vətəndaşları inanırlar ki, həyatını canından əziz bildiyi Vətəninə xidmətdə keçirmiş Heydər Əliyevin dühası işığında doğma Azərbaycanımız həmişə irəliyə və yüksəlişə doğru gedəcəkdir. Ulu Öndər Heydər Əliyevin ideyaları həmişə olduğu kimi, bu gün də yolumuza işıq saçır, bizi yeni-yeni qələbələrə səsləyir. Ümummilli Lider Heydər Əliyev xalqın qəlbində tayı-bərabəri olmayan heykəl, əsrlər boyu yaşayacaq abidə – şah əsər ucaltdı. Bu abidənin, şah əsərin adı Azərbaycandır – müstəqil və qüdrətli Azərbaycan!

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 10.05.2024 00:03