AZ EN RU

Mübarizlikləri, qəhrəmanlıqları qədər zəhmətsevərlikləri ilə də öyünən sədərəklilər

  Halal çörəyə bağlı ömür sahiblərindən müsahibə 

 Yolumuz muxtar diyarımızın qəhrəmanlıq qalasına, düşmənin bir addımlığında od-alov kimi dayanan, nə dünən, nə də bu gün əqidəsindən üzü dönən Sədərəyədir, şəhidlər yurdu Sədərəyə... Hələ ötən əsrin 90-cı illərindən bu yerin insanları əsl vətənpərvərlik nümunəsi göstərdi, mənfur düşmənin başlarına mərmilər yağdırmasına, ev-eşiklərinin top-tüfəng atəşinə sipər olmasına baxmayaraq, bir ovuc torpaqlarından keçmədilər.

    İlin bu vaxtı hər bir rayonumuzda, qəsəbəmizdə, ələlxüsus da, kəndimizdə bağ-bostan qayğıları çəkmək, taxıl biçmək, qışa tədarük işləri görmək hər bir zəhmət adamının günlük məsuliyyətidir. Sədərək rayonunun da, demək olar ki, bütün yaşayış ünvanlarında bu işlər öz axarında davam edir, ta ki qar yerə düşənəcən insanlar böyük nəvazişlə torpağa qayğı göstərir, bu yolla da öz dolanışıqlarını təmin edirlər. Rayonun Sədərək kənd sakini, 66 yaşlı Həsən Rzayev həm də rayonda seçilən savadlı müəllimlərdəndir. Onunla elə taxıl zəmilərinin kənarında, biçin işləri gedərkən həmsöhbət olduq. 2 hektardan artıq ərazidə buğda yetişdirən Həsən əmi deyir ki, qədim Azərbaycan torpağının insanları lap əvvəllərdən torpağa bağlı olub. Vaxtından-vədəsindən asılı olmayaraq, Sədərək rayonunda hansı evin qapısını döysəniz orada mütləq insanları zəhmət üstündə görəcəksiniz. Elə bu cür də olmalıdır. Çünki insan torpaqdan, halal zəhmətdən nə qədər uzaq düşsə, halal ruzi-bərəkət də ondan uzaq düşər. Bax mənim balam, bu gördüyün (əli ilə geniş torpaq sahələrini göstərir) ərazilərdən ildə nə qədər adam qazanc əldə edir. Hələ rayonda elə adamlar var ki, onların, bəlkə də, tək gəlir mənbəyi elə həyət-bacasında yetişən meyvə-tərəvəzdən, öz əlinin zəhməti ilə bəslədiyi mal-heyvandan gələn qazancdır. Ata-babalardan misal var ki, torpaq ona çəkilən zəhməti boş qoymaz, mütləq insana əməyinin bəhrəsini verər. Bu, həqiqətən də, belədir. Hələ ötən əsrin ən çətin zamanlarında belə bu yurdun insanları göydə Yaradanı, yerdə də ana torpağı özlərinə həmdəm bilib. Yarı yolda da qalmayıblar. 

    Həsən əmi deyir ki, rayonda təsərrüfatçıların, demək olar ki, yarısından çoxu taxılçılıqla məşğul olur. Onun sözlərinə görə, taxıl asan hasil olunan bitki olsa da, onun da özünəməxsus yetişdirmə texnologiyaları var. Müsahibimiz söhbətinə bu mövzuda davam edir: – Bilirsiniz ki, taxıl əkininin ən birinci mərhələsi şum prosesindən keçir. Əkin üçün şum məhsul sahədən yığıldıqdan sonra aparılır. Şumun dərinliyi isə torpağın münbitlik səviyyəsinə və tərkibinə görə dəyişir, lakin ümumi qayda belədir ki, şumun dərinliyi 27-30 santimetr olmalıdır. Səpindən əvvəl sahədə kəltənlərin diametri 1-2 santimetr (65 faiz), 2-4 santimetr (30 faiz) və 4-5 santimetr (5 faiz) təşkil etməlidir. Şum işi zamanı ikinci əsas qayda isə sahənin hamar və düz olması ilə əlaqəlidir. Sahə tam hamar olmalıdır ki, səpin vaxtı toxumları eyni dərinliyə səpmək mümkün və sahəni suvarmaq asan olsun. Bütün şumlama və əkilmə prosesləri yekunlaşdıqdan sonra növbəti əsas mərhələ isə taxıla gübrənin və suyun düzgün verilməsidir. Belə ki, bitkilərin normal böyümə və inkişafı üçün şum altına verilən gübrələrlə yanaşı, fevral-mart aylarında yemləmə şəklində hektara 100-200 kiloqram azot gübrəsi verilir. Alaq otlarına qarşı mübarizə məqsədilə kimyəvi üsullardan istifadə edərək kollanma mərhələsində mütəxəssis tövsiyəsi ilə herbisidlər seçilir və çiləmə aparılır. Hava şəraitindən asılı olaraq boruyaçıxma fazasının əvvəlində və sünbülləmədən əvvəl buğda sahələri hər normasında 2 dəfə suvarılır. Suvarılmanın bir növü də var ki, bu, vegetasiya adlanır. Təsərrüfatlarda vegetasiya suvarmalarının süni yağışyağdırma və ya şırım üsulu ilə aparılması daha səmərəlidir. 
    Müsahibimiz deyir ki, iyun ayından başlayaraq buğda sahələrində məhsul yığımına hazırlıq işləri görülür, sahənin ətrafı şumlanaraq yanğından mühafizə tədbirləri aparılır, dəndə nəmliyin miqdarına nəzarət edilir. Sahələrdə taxılbiçən kombaynların və digər texnikanın normal işləməsi üçün su arxları doldurulur. Məhsul dənin tam yetişmə fazasında taxılyığan kombaynla birbaşa yığılır. Mütəxəssislərin fikrincə, taxıl biçininə səhər tezdən başlamaq məsləhət görülmür. Çünki bu zaman sünbüllərdə nəmliyin miqdarı çox olduğuna görə onlar yaxşı döyülmür. Nəticədə, kombayndan çıxan samanın tərkibində bütöv və tam döyülməmiş sünbüllər müşahidə olunur və dən itkisi artır. Ona görə də buğdanın biçininə səhər saat 10-dan sonra başlamaq lazımdır. Elə gördüyünüz kimi biz də məhsulumuzun biçininə dediyimizə əməl edib 10-dan sonra başlamışıq. 
    Həsən əmi ilə söhbətimizi yekunlaşdırıb, sağollaşırıq. Avtomobilimizə əyləşirik. Növbəti dayanacağımız rayonda yaxşı üzümləri ilə tanınan, təsərrüfatçı İsfəndiyar Kərimovun həyətidir. Elə özünün bələdçiliyi ilə avtomobilimiz kəndin torpaq yolları ilə bizi mənzilbaşına aparır. Bir-biri ilə əlaqəli yollar, geniş həyətlər, üfüqdən görünən sərhəd məntəqələrinə tamaşa edə-edə maraqlı söhbətimizə də davam edirik. İsfəndiyar kişi 80-ci, 90-cı illərdə erməni daşnaklarının Sədərək rayonuna etdiyi hücumlardan, canlı şahidi olduğu hadisələrdən danışır bizə. Elə söhbətinin ən şirin yerində üzünü bizə tutub deyir: – Bax o gördüyün ev var ha (yolun sol hissəsində yerləşən uçulub-dağılmış evi göstərir) oranı cəmi bir neçə saniyənin içində ermənilər yerləyeksan eylədi. Kəndin zəhmət adamlarından olan Qasım kişinin ocağı idi ora. Evin içərisində olan iki nəfər də erməni terrorunun qurbanı oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

    ...İsfəndiyar əmi ilə söhbətimizə onun həyətyanı sahəsində, elə gəlirinin böyük bir hissəsini təmin edən üzüm bağının yanında davam edirəm. Onun sözlərinə görə, rayon hələ sovet dövründən üzümçülüyü ilə məşhur olub. Bu tarixi ənənə günümüzdə də davam edir. Müsahibimiz bizə üzümçülüyün aqrotexniki qaydalarından söhbət açır: – Üzüm inkişaf dövrü çox uzun bir bitkidir. Gündəlik orta temperatur 10 dərəcəyə çatanda inkişaf etməyə başlayır və payızda orta temperatur bu göstəricidən aşağı düşənə qədər inkişaf etməyə davam edir. Meyvələrini tam yetişdirmək üçün hər üzüm çeşidi üçün müəyyən bir temperatur cəmi tələb olunur. Üzümün keyfiyyəti tez isinən və Günəş işığı olan yerlərdə daha yaxşıdır. Bununla yanaşı, üzümün suya tələbatının az olması da onun təsərrüfatçılar tərəfindən daha çox becərilməsinə gətirib çıxarır. Bir üzüm koluna ildə 3-4 dəfə su vermək kifayət edir ki, o hasil olsun. Suvarma mərhələsindən söhbət açılmışkən diqqətə çatdırmaq lazımdır ki, qışda və yazda inkişaf mərhələsi üçün yağışlar üzüm üçün çox faydalıdır. Lakin unutmaq lazım deyil ki, yazın sonu və yayın əvvəlində yağan yağışlar müsbət təsirlərinin yanında mübarizə tələb edən problemlər də yaradır. Bundan əlavə, yağış çiçəkləmə dövründə meyvələrin yaranmasına mane olur və böyümə dövründə meyvələrin çürüməsinə gətirib çıxarır. Üzümçülükdə ən əsas ikinci qayda isə əkiləcək üzüm sortunun düzgün müəyyənləşdirilməsidir. Biz təsərrüfatımızda tələbatı nəzərə alaraq sulu bayan, qara bayan, misqalı, Bakı şanısı və digər keyfiyyətli üzüm sortlarını yetişdiririk. 
    Müsahibimiz deyir ki, 60-70-ci illərdə rayonda, ümumilikdə, 4 üzüm zavodu fəaliyyət göstərib. Lakin xalqımızın başına açılan hər müsibətdə olduğu kimi, bu işə də erməni daşnakları maneçilik törədib və zavodlar dağıdılaraq xarabazara çevrilib. Bu məqamda bir mövzuya toxunmağı vacib bilirik ki, Sədərək rayonunda hər həyətdə heç olmasa, 10-15 üzüm koluna rast gəlmək mümkündür. Çünki tarixən də bu bitki rayon camaatının əsas gəlir mənbəyi olub, elə bu gün də olmaqda davam edir. Lakin dövlət tərəfindən üzümçülüyün inkişafına subsidiyanın verilməməsi, rayonda bir dənə belə olsun, zavodun tikilməməsi bu sahənin inkişafını ləngidir, hətta təsərrüfat sahibləri yetişdirdikləri üzümləri bazarlarda satmaqdan başqa yol tapmırlar. İnanırıq ki, rayon sakinlərinin xahişi nəzərə alınaraq dövlət tərəfindən üzümçülüyün inkişafı üçün subsidiya ayrılacaq və Sədərək rayonunda yaxın gələcəkdə zavodlar tikilməklə bu işə böyük töhfə veriləcək. 
    Növbəti müsahibimiz ölkə başıçısı cənab İlham Əliyevin 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülən İbrahim Hənifzadə oldu. İbrahim müəllim deyir ki, bu yurd yerinin insanları hələ ötən əsrin təlatümlü illərində belə bütün canı, varlığı qədər sevdiyi ana Vətəni darda qoymayıb, şəhid verib, el-obasından didərgin düşüb, amma geri çəkilməyib. Bu gün burada həyat öz axarında davam edir. Düşmənin bir addımlığında dayansaq da qorxmuruq, çəkinmirik. Öz işimizdə, peşəmizdə möhkəmik. Torpağımızı əkir-becərir, halal ruzimizi qazanırıq. Bir vacib məsələni də qeyd edim ki, Sədərək torpağı igid oğlanlarımız tərəfindən yaxşı qorunduğu üçündür ki, bu elin insanları da düşmənin gözünün önündə torpaqları əkib-becərir, halal ruzi qazanır. Bir sözlə, düşmənə göz dağı, dosta qürur verir. Allah Vətənimizi abad, xalqımızı mübariz, Ali Baş Komandanımızı hər yerdə, hər ünvanda qalib sərkərdə qərar versin. Onun sayəsində biz bu gün azad və müstəqil Vətənin nə olduğunu duya bilirik. 
    Hələ yola çıxmamışdan əvvəl rayonda arıçılığın da geniş yayıldığı barədə məlumat əldə etmişdik. Burada olarkən üzümlə yanaşı, hər həyətdə, heç olmasa, bir neçə arı yeşiyinin olması da diqqətimizdən yayınmadı. Növbəti həmsöhbətimiz də rayon camaatının “Bal Abdullah dayı” adlandırdıqları 80 yaşlı Abdullah Sadiqovdur. O, ömrünün nə az, nə çox 43 ilini bu işə həsr edib. Arıçılığın sirlərini elə müsahibimiz Kərbəlayı Abdullahın dilindən eşidirik: – Əlverişli iqlim şəraiti və zəngin bitki örtüyü ölkəmizdə, muxtar diyarımızda arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Məmləkətin zəngin bitki örtüyü, yurdumuzun saf havası arıçılığın geniş yayılmasına şərait yaradır. Zəhməti çox, lakin insana mənəvi zövq qazandıran bu sahənin hər sirrini öyrənmək isə böyük səbir və həvəs gərəkdirir. Yaxşı arıçı olduqdan sonra müştərilərin harada olursa-olsun səni axtarıb tapacaq. Balın təkcə şəfaverici xüsusiyyətləri ilə deyil, həm də zəruri məhsul kimi insan üçün faydalı olduğunu bilən hər kəs arıçılıq məhsullarını əldə etməyə can atır. Şükür ki, məhsulumuzu alıb istifadə edənlər razı qalırlar. 

    Abdullah baba arıçılığa yeni başladığı illərdən bir xatirə də danışır bizə: – 40-45 il bundan əvvəl ailəmizdə təkcə rəhmətlik qayınatam bu işlə məşğul olub. Oğlanlarına nə qədər dil töksə də, bu işin faydalarından danışıb şirnikləndirmək istəsə də, qayınlarım heç qol qoymaq istəməzdi arıçılığa. Həvəsləri yoxuydu ona görə. Günlərin birində qaynatam mənə dedi ki, Abdullah, gəl sənə bu işin sirrini öyrədim, biləcəksən ki, nə də olmasa ölənə qədər çörəyin var. Mən də ağsaqqalın xətrinə dəymədin, nə dedisə elədim, nə tökdüsə götürdüm. İndi bu işdə nə təcrübə qazanmışamsa, o illərin bəhrəsidir. Yaxşı xatırlayıram, arıçılıqla sərbəst məşğul olduğum illər olardı, 2-3 il idi ki, başlamışdım bu işə. Bir gün Türkiyəyə getməli oldum. Qonaq olduğum şəhərdə əlimə bir qəzet keçdi. Qəzeti vərəqlədikdə “Arı poleni və arı südü” başlıqlı yazı diqqətimi çəkdi. Açığı, o vaxta qədər arı südünün nə olduğunu mən eşitməmişdim. Heç rəhmətlik qayınatam da deməmişdi. Bəlkə də, demişdi, yəqin, mən dərsə yaxşı qulaq asmamışdım (gülür). Maraqlandım, soraqlaşdım və öyrəndim ki, filan yerdə, filan şəxs bunun elmini öyrədir arıçılara. Oğul, bəlkə də, desəm, inanmayacaqsan, amma o vaxt nə az, nə çox düz min dollar ödədim ki, arı südünün necə hasil olunduğunu biləm. Öyrəndim də. Amma o bir söz var, deyirlər ki, ustad şagirdinə otuz doqquz fəndi öyrədər, lakin qırxıncı fəndi özünə saxlayar. Bu işin nəticəsi də belə oldu, qayıtdıqdan sonra arı südü almağa nail oldum, amma süd əldə etdikdən sonra dişi arıların, demək olar ki, böyük bir qismi tələf olurdu. Sən demə, ustad mənə hər şeyi öyrədib, lakin arıları necə həyatda saxlamaq olar, bax o əsas sirri özündə saxlayıb. O, qırxıncı sirri də mən illərlə öz üzərimdə işləyib öyrəndim. Nəticədə, oldum təcrübəli arıçı...
    Günəşin al şəfəqləri dağlar ardından boylanırsa, örüşdən qayıdan mal-heyvanın, qoyun-quzunun səsi ətrafa səs salırsa, bir də analarının qanadları altında gizlənən cücələrin səsi yerini məğribin aram sükutuna verirsə, deməli, bizim üçün qayıtmaq vaxtıdır. Bütün qəlbimizlə, ruhumuzla qeydimizə qalan, bizi böyük qonaqpərvərliklə qarşılayan mehriban, gülərüz insanlarla, qəhrəmanlar yurdunun şəhid övladlarıyla sağollaşıb, onlara təşəkkür edib düzəlirik yola, bu yerlərə gələrkən bizi salamlayan coşqun təbiətin sakit, səssiz bir anında qayıdırıq evimizə...

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 07.08.2023 20:24