AZ EN RU

Mübarizə haray, Suqovuşana sipər olan qəhrəman Vətən oğlu

Şükür Bayram oğlu Hacıyev
25.08.1999-6.10.2020

Mübariz harayının nidalarında, Poladlaşan biləklər. Qola ağıl, ağıla qol olan, çiçək olub qayasında bitən və heç solmayan, saralmayan xarıbülbüllər. 44 günə bütöv Azərbaycanın xəritəsini çəkən ölməz qəhrəmanlar. O qəhrəmalar sırasında mənim oğlum Şükür də var. Şükürün ən böyük arzusu el-oba, xalq arasında sevilib, seçilən insan olmaq idi. Öz arzusuna çox keçmədən qovuşdu. Son damla qanıyla, canıyla Vətən torpağına sipər oldu. Vurulduğu yerdə yuxuya getdi. Vətən torpağı ona döşək, səması yorğan oldu. Şükür uşaqlıqdan qabiliyyəti ilə yoldaşlarından fərqlənirdi. Hərbi liseydə oxuyanda “Mübariz İbrahimovun qisasını alacağıq” kimi sözləri eşidirdim.

Elə verdiyi sözlə də tamamladı Vətən borcunu. İki bayraqla getmişdi döyüşə. Bir bayrağı təyinat nöqtəsinə çatdırsa da, digərini Suqovuşana sanca bilmədi. Elə həmin bayrağa da sarılıb evə qayıtdı. Şükür 2020-ci ilin oktyabrın 4-də mənə zəng etdi. Dedi, ana, sənə söz vermişdim Mübariz postunu alacağıq. Şükürlər olsun ki, aldıq. Şükürün son verdiyi ən xoş xəbər bu oldu.   6 oktyabrda Suqovuşan yüksəkliyində 7 yoldaşı ilə birgə qəhrəmancasına şəhid oldu. Talış kəndinin alınmasında iştirak etdi. Amma oranı azad görmək qismət olmadı Şükür və döyüş yoldaşlarına. Şükürlə hərəkət edən igidlər bir gecədə düşmənə qan uddurdu. 22 postu darmadağın edərək düşmənə toy tutdular. Bu nər igidlər oktyabrın 1-nə kimi heç bir itki vermədən düşmənin bağrını qan etdilər. Döyüş yoldaşları deyir ki, minamyotlar qulaq batırarkən belə onlar başlarını aşağı əymədilər. Sən demə, uşaq sandıqlarımızın içində bir aslan yatırmış. Sən demə, azadlığımızı bizə zərrə-zərrə, qram-qram onlar daddıracaqmış.
Əvvəlcə mənə itkindir dedilər. Daha sonra orada telefon işləmir söylədilər. Amma heç kəs bilmirdi ki, mən duyğularımı bağrıma basmışam. Anayam axı. Analar övladlarının başına gələnləri hiss edər. Mən də olanları hiss edirdim. Noyabrın 30-da Şükürə qovuşdum. Öz böyüdüyü torpaqda 44 günlük döyüşün 44 cümləlik şahidinə çevrilərək Vətən torpağında dəfn edildi. Bizim təsəllimiz Qarabağdır. Şükürlər olsun, Azərbaycanımız bütövdür. Otuzillik həsrətə son qoyulub. Torpaqlarımız azaddır. Əbədi bahar qayıdıb el-obamıza. Yurdumuzun hər qarışında Qələbə rəmzli bayrağımız dalğalanır. Şükür kimi oğullarımızın sayəsində biz Zəfər dastanı yazdıq. Qələbəmiz əbədi olsun. 

Nəşr edilib : 29.06.2024 17:21