AZ EN RU

Mübariz xalqımızın milli sərvəti, bütün zamanların Ulu Rəhbəri

və ya bir ünvana əbədiyaşarlıq verən dahilik zirvəsi

    Onu sanki tarixin həqiqətləri, zamanın reallıqları yetişdirib Azərbaycan xalqına göndərmişdi...80 illik mənalı ömründə yalnız bir amal uğrunda çalışırdı – azadlığı, müstəqilliyi, sərvətləri tar-mar edilən Azərbaycan xalqı yolunda. Bəlkə, elə buna görə idi ki, hər dəfə mövzu Vətən olanda səsi titrəyirdi, qəlbindən qopan hayqırtılar “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” hikmətli tövsiyəsi ilə qulaqlarda çınlayırdı, tarixin daşlaşmış yaddaşı isə onu hər zaman bu sözlərini xatırlatmaqla yad edirdi, öyünürdü, qürrələnirdi: “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm...” Ağlıma hakim kəsilmiş bu düşüncələr bir Azərbaycan gəncinin varlığına hopmuş həqiqətlər olmaqla bərabər həm də dayandığım bu əzəmətli binanın, daha doğrusu, xalqımızın irsi – milli sərvəti olan Ümummilli Lider Heydər Əliyevin əlinin toxunduğu, səsinin yetdiyi, ona sədaqətlə xidmət edən dəyərli və nadir mədəniyyət nümunələrinin dilindən süzülən gerçəklərdir. Bu, qəlbində “Azərbaycan” adlı əbədi abidə ucaldan sərkərdənin adını qürurla daşıyan Muzeyin – Heydər Əliyev Muzeyinin söhbətidir. Qulaq verək hər birinə tariximizin bir şanlı səhifəsi hopmuş maddi mədəniyyət nümunələrimizin dahi rəhbər barədə söylədiklərinə, Ulu Öndərin mənalı, şərəfli ömür yoluna bir də onların dili ilə səyahət edək. Axı onlar elin xilaskarını, xalqa həsr edilmiş mənalı ömrü – Heydər Əliyev ömrünü bizdən daha yaxşı tanıyırlar...

Yüksəlişə doğru həyat yolu...

Göz izlədikcə bu rəngarəng mühitdə insan qeyri-ixtiyari olaraq qəribə hisslərin eyforiyasına qapılır. Görmədiyi, yaşamadığı, haqqında yalnız tarix kitablarında, qəzetlərdə, jurnallarda yazılan məlumatlarla bilgi əldə etdiyi dövrün sanki canlı şahidi olur. Muzeyin zəngin eksponatlarının hər biri “əllərimizdən tutub” Ulu Öndərlə bağlı xatirələrini bölüşməyə çalışır. Onların hər birinin Ümummilli Liderin həyatında olduğu kimi, tariximizdə, milli soykökümüzdə də ayrıca yeri, məqamı var... Uzaqdan ilmə-ilmə toxunaraq görkəmli siyasi xadimin uşaqlıq illərindən bəhs edən “Yüksəlişə doğru həyat yolu” adlı xalça salamlayır bizi. Böyük təvazökarlıqla sadə, kasıb, lakin mənəviyyatı zəngin bir ailədə doğulan balaca Heydərin uşaqlıq illərindən söhbət açır bizə: – O, 1923-cü ildə öz halal ruzisi ilə ailəsinin dolanışığını təmin edən Əlirza kişinin ocağında dünyaya gəlmişdi. Çıxışlarının hər birində qürurla, şərəflə boya-başa çatdığı, kamala dolduğu ailəni belə yad edirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib...” Azərbaycan xalqının müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndərimiz həm də müstəqil Azərbaycanın qurucu rəhbəri, müəllifi kimi daim insanların könlündə böyük ehtiramla anılır. Bu böyük insanın şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Uşaqlıq illərində yaşadığı çətinliklərə rəğmən məktəbdə, ailədə nümunəvi davranışı ilə seçilib. O illərdə hər bir azərbaycanlı yeniyetmənin arzularını puç edən dövrün çətinlikləri onun da həyatından təsirsiz ötüşməyib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Lakin gələcəyin dahi rəhbəri və görkəmli siyasi xadimi həmyaşıdlarından fərqli olaraq bütün ağrı-acıları, necə deyərlər, özünə yoldaş bilib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi, bütün çətinliklər xalqın xilaskar övladını yetişdirməsəydi, bəlkə də, sonrakı zamanların uğurları qazanılmazdı, ya da qazanılması çox çətin, bəlkə də, mümkünsüz olardı... 

Ömür yollarında...

Göz izlədikcə uzağı, yaxını saf sevginin, təmənnasız məhəbbətin, Vətənə, xalqa xidmətdə keçən hər iki ömrün ətrafa hakim kəsilmiş şux baxışları salamlayır bizi. Muzeyin bu guşəsində yaşından, statusundan asılı olmayaraq, hər kəs bir anlıq ayaq saxlayır, divardan asılmış əsərə tamaşa edir, tarixə adlarını sədaqətlə yazan hər iki dahi şəxsin – Ulu Öndər və Zərifə xanımın “Ömür yollarında” adlı portretinə göz gəzdirir. Başdan sonadək sevgi örnəyi, həqiqi məhəbbət nümunəsi kimi sevilib-seçilən Heydər və Zərifə eşqinə “Onlar xoşbəxt ulduz altında dünyaya göz açıb” – deyirlər. O ulduz ki Tanrının taleyinə yazdığı ömür yolunu elə həmin ulduzun şəfəqləri ilə işıqlandırır, öz mənəviyyatından başqalarına da pay verir. Həmin portretin onlar haqqında qürurla, fəxrlə dediyi kimi: – Mənim xatirələrimin təməlində nümunəvi eşq rəvayətinin, sevgi dastanının dayandığı iki qütb var. O qütbün bir tərəfində səksənillik mənalı ömrünün hər anını, hər saniyəsini xalqına həsr edən Ümummilli Lider Heydər Əliyev, digər tərəfində isə analıq qəlbinin ülviyyətindən, zərifliyindən, şəfqətindən Vətən övladlarına pay verən Zərifə xanım dayanır. Deyirlər, dünyada öz qüdrəti ilə seçilən, tarixdə iz buraxmış hər bir güclü kişinin arxasında ona daim arxa-dayaq olan ideal qadın durur. O ideal qadın ki saf əməlləri, nurlu ideyaları ilə nəinki ailəsinə, hətta bütöv bir xalqa başucalığı gətirir. Qəlbində “Vətən daşı” olan soydaşlarımıza həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edən Zərifə xanım Əliyeva kimi... İndi artıq onlar Azərbaycan xalqının yaddaşında, tarixin ən parlaq səhifəsində dayanıb, azad Vətənimizə ömrün yüzüncü baharından boylanırlar. Baxdıqca geridə qalan nurlu əməllərinə, Şuşalı, Laçınlı, o taylı, bu taylı Vətənlərinə bizim qədər öyünür və fəxr edirlər. 

Mənim Heydər adlı Azərbaycanım

Ecazkar muzeyin sirli-sehrli aləmi insanı elə özünə cəzb edir ki, zamanın necə axdığının, necə keçdiyinin fərqinə belə varmırsan. Bir-birindən maraqlı, o cümlədən tariximizin bir çox mürəkkəb dövrlərinə işıq tutan maddi nümunələr “əllərimdən tutub” fərqli bir guşəyə gətirir məni. Bu guşədə dahi rəhbərin gənclik illərindən istifadə etdiyi şəxsi əşyaları, habelə Ümummilli Liderin xatirəsinə həsr olunmuş mədəniyyət işləri yer alır. Qarşısında dayandığım bir portret ömrünün gənclik şövqünü yaşayan, o dövrlərdə həyat kitabının 20-ci səhifəsini mütaliə edən gələcəyin dahisinin – Heydər Əliyevin gənclik illərindən söhbət açır insanlara... Rəhbərin həyatının bütün dövrləri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə doludur. Gənclik illərindən, elə şəkildə göründüyü yaşlardan öz əqidəsi, savadı ilə gələcəyi yolunda addım atan sabahın dahi şəxsiyyəti sanki dövrün çətin hadisələrinə də meydan oxuyurdu. Məşəqqətli, böyük zəhmət və potensial tələb edən siyasi işlərə də məhz bu yaşlarından, yəni ömrünün ən həssas dövrlərindən atılmışdı...1950-ci, 60-cı illərdə, sovetlər zamanında milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. O, çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da, bu sistemdə şərəfli həyat yolu keçdi, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirdi. Bunu da deyək ki, Ümummilli Lider Heydər Əliyev elə həmin illərdən xalqın gələcək taleyi barədə düşünməyə başlamışdı. Bu ülvi düşüncənin verdiyi həvəslə öz sahəsinin, dövlət siyasətinin incəliklərini öyrənir və xalqına öz yardım əlini uzadacağı günü səbirsizliklə gözləyirdi. Onu xilaskar lider kimi Azərbaycana tanıdan o möhtəşəm günü deyirəm...

Çıraq işığından başlanan yüksəliş yolu...

Böyüklərimdən eşitmişəm ki, Ulu Öndər o illərdə işığın, qazın olmaması səbəbindən Azərbaycanımızın tarixi taleyi ilə bağlı  bir çox qərarları bu müqəddəs məbəddə saxlanılan neft lampasının, bu çırağın işığında qəbul edibmiş. Buna görə də Dahi Rəhbərin o illərdə göstərdiyi əvəzsiz xidmətlərini “Çıraq işığından başlanan yüksəliş yolu” adlandırırlar. İndi muzeyin həmin hissəsində özünə yer alan və Ulu Öndərlə bir zamanlar yoldaşlıq etmiş həmin çırağın qarşısında dayanmışam... Ümummilli Liderin 1991-1993-cü illərdə Naxçıvanda işlətdiyi şəxsi əşyaları içərisindəki bu çıraq muzeyin digər dəyərli nümunələrindən tamamilə fərqlənir. Çünki bu çıraq dünyanı nefti ilə işıqlandırıb özü zülmətdə qalan Azərbaycanın ötən əsrin 90-cı illərinin tarixinə, daha dəqiq desək, bu ağrılı-acılı vəziyyətdən ölkəsini nurlu sabaha çıxaran Ümummilli Liderin atdığı qətiyyətli addımlara şahidlik edib. Bu çıraq iş masası üzərində dayanan tarixi sənədlərə, düşmən əlindən xilas olmaq istəyilə alışıb-yanan soydaşlarımızın ümid dolu məktublarına sanki yenidən işıq salır. Hələ də o illərin hənirtisini xalqımıza hiss etdirən çırağın “pıçıldadığı duyğulara” qulaq verdikcə sanki həqiqətdən güc alan işığı Ulu Öndərin mənalı ömür yolundan danışır bizlərə: “Vətənimizin xilaskar oğlu tarixin ən çətin və məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmışdı. Bu gün muzeyi ziyarət edən uşaqdan böyüyə hər kəs yaxşı bilir və dərk edir ki, Ulu Öndər Vətənini sevərək hifz etmişdi, xalqının milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdi. Taleyin hökmü və xalqın təkidli tələbi ilə iki dəfə bu missiyanı üzərinə götürən Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatırdı, ölkəmizi böyük bəlalardan qurtarırdı. Siyasi fəaliyyətə həsr etdiyi səksənillik ömrünün iki ilinin şahidiyəm... Hər dəfəsində otağa daxil olarkən öncə məni aydınlandırar, ardınca otağın bir küncündə asılmış üçrəngli bayrağa gözünü zilləyər, bir xeyli tamaşa edər, ardınca əlində bərk-bərk sıxdığı kağızları oxumağa başlayardı. O kağızların əksəriyyəti Vətənin dörd bir tərəfindən övladı didərgin düşmüş ata-anaların imdad çağırışları idi... Zahirən sərt, tələbkar görünən bu dahi insanın, əslində, necə də səmimi və sadə olduğunu şəxsən görmüşəm və yaxşı bilirəm ki, onun durğun baxışlarında, yalnız və yalnız bütün varlığı qədər sevdiyi Azərbaycan xalqının gələcək taleyi gizlənirdi. Bunun nəticəsi idi ki, ali kürsülərin böyük natiqi olan xilaskar liderin dilindən tez-tez bu ifadələri eşitmək olurdu: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”. Bir an belə olsun çöhrəsindən yorğunluq hiss edilməyən siyasət dünyasının böyük nasehi bütün şüuru, əqli ilə varlığı, canı qədər sevdiyi Azərbaycanın istiqlaliyyəti, hürriyyəti yolunda çalışardı. Son ana qədər də yalnız bu amal uğrunda çalışdı...”

Gətirdin könlümə səfa, bayrağım!

Dörd bir tərəfində Azərbaycan xalqının həyat ritmi, tarixi, milli-mənəvi dəyərləri, sevinci, kədəri, həyat eşqi yaşayan muzeyin bir guşəsində də bu mənəviyyat və qürur ünvanına ekskursiya edənlərin səmimi sözlərinin yer aldığı xatirə dəftəri dayanır. Dəftəri açıb heç tanımadığım hər hansısa bir şəxsin Ümummilli Lider haqqında söylədiyi bir cümləni oxuyuram. Qardaş Türkiyə Respublikasının vətəndaşı Gülgün Öztürk adlı bir şəxsin yazdığı sətirlər isə ən azı onun qədər mənim də qüruruma səbəb olur: “Ulu Öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və Azərbaycan xalqına həsr etdiyi ömrü barədə hər kəs yaxşı bilir...Amma muzeydə keçən qısa zaman ərzində məni ən çox təəccübləndirən və qürurlandıran 90-cı illərdə dahi şəxsiyyət Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında qaldırılan üçrəngli, ay-ulduzlu, şanlı Azərbaycan bayrağı olmuşdur. Düşünürəm ki, bütün çətinliklərin tüğyan etdiyi bir zamanda qardaş Azərbaycanın tarixində belə bir hadisənin baş verməsi Türk dünyasının gələcək taleyi üçün böyük addım olub...” Sətirləri oxuduqdan sonra dəftəri bükür və dörd bir tərəfində sərgilənmiş eksponatlara tamaşa edə-edə muzeyin ən başında yer alan müstəqilliyimizin, milli mənliyimizin simvolu olan üçrəngli bayrağımızın “söhbətinə qulaq kəsilirəm...” Uğrunda minlərlə Vətən oğlunun canından keçdiyi, xalqımızın müstəqillik yolunda minbir əzab-əziyyətə qatlaşdığı bu üçrəngli bayraq 1990-cı il 17 noyabr tarixində Naxçıvan Muxtar Respublikasında qəbul edilmişdi. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə həmin gün Naxçıvanın adından “Sovet Sosialist” sözləri götürüldü, ölkəmizin milli atributları – Bayrağımız, Himnimiz və Gerbimiz qəbul olundu və Naxçıvan Muxtar Respublikası 70 illik sovet siyasətinin girdabından çıxaraq müstəqillik yolunda ilk, həm də ən böyük addımını atdı... Azərbaycan tarixinin keşməkeşli, zaman ilə ölçülməyən illərini, yaşanılan zamanın həqiqətlərini, hətta o dövrlərin iqtidar başında olan “siyasi xadimləri” görən, hər bir hadisəyə şahid olan bayrağımız “danışır” bizə o illərdən: “Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyatı, ömrü və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Bir əsrdən artıq zamanda dalğalandığım Azərbaycan torpağında gördüyüm, şahidi olduğum hadisələr bir daha göstərdi ki, milli dövlətçilik işinin möhkəm əsasları, etibarlı dayaqları görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu şərəfli və məsuliyyətli vəzifələri o, sovet hakimiyyəti illərindəki uzaqgörən siyasəti və keçən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı düşünülmüş, məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirmişdi. Elin xilaskarı hələ Sovetlər İttifaqı çərçivəsində, çətin siyasi-ideoloji məhdudiyyətlər dövründə Azərbaycan Respublikasını formalaşdırmaqla gələcək dövlət müstəqilliyinin ilkin əsaslarını hazırlamışdı. Bu gün qanında Azərbaycançılıq məfkurəsi olan hər kəs yaxşı bilir ki, Ümummilli Liderin tarixdə ən cəsarətli addımlarından biri də 90-cı illərdə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın dalğalandırılması idi, 30 ildən artıqdır, Vətən göylərinin ənginliklərində süzülən ay-ulduzlu Azərbaycan bayrağını...”

Əbədiyaşarlığa 8 dəqiqə qalmış...

Tarixin ən sərt dövrlərindən keçərək xalqımızın milli şüuruna süzülən, Dahi Rəhbərin mənalı ömür yolu, həyatı barədə insanlara illərdir, qürurla məlumat çatdıran bu mənəviyyat guşəsində bir əşya da var... Onun donmuş, sanki öz rəngini-ruhunu itirmiş simasına baxdıqca zaman və məkan anlayışları insanın şüurunu bir anlığa tərk edir. Bir zamanlar Ulu Öndərin illərin yorğunluğu çökmüş simasına baxaraq qürrələnən bu əşya indi Ümummilli Lider sevərləri nikbin ovqatla salamlayır, bilmirəm, bəlkə də, əbədi ayrılığa görə özünü günahlandırır. Yox... Yox, o da yaxşı bilir ki, bütün həyatını, ömrünü xalqına həsr etmiş insanlar heç zaman dünyasının dəyişə bilməz, əksinə, onlar cismani ayrılıqla əbədiyaşarlıq qazanar, xalqın qəlbində özünə yer alar babaların hikmətində, nənələrin bayatılarında, anaların laylasında, körpələrin inqəsində, şairlərin misrasında yaşayar, həmişə yaşayar, əbədi yaşayar...Dindirsən, qulaq versən, söhbətinə nələrdən danışmaz, nələrdən söhbət açmaz ki, bizlərə...Ruhunda milli məfkurə, qanında xalqına sevgi və ehtiram olan hər kəs yaxşı bilir onun söhbətini. Ulu Öndərin Azərbaycanın tarixinə hopduğu və əbədiyaşarlıq qazandığı anın dəqiqələrini, hətta saniyələrini üzərində daşıyan saatı deyirəm... Dinləyin qəlbi sinədəftər olan bu saatın “söylədiyi” həqiqətləri: “Tanrının qüdrətindən pay olan Ulu Öndər Heydər Əliyevin xalqı, Vətəni qarşısında gördüyü işlərdən, göstərdiyi xidmətlərdən yaşadığı ömür qədər danışılsa belə yetərli olmayacaq. Nə mənim, nə də onunla bir ömür sədaqət yoldaşlığı etmişlərin xatirəsi doldurar onun mənalı ömür yolunu, söhbətimiz, sözümüz nə qədər təsirli olsa da, kifayət etməz Heydər adlı bir dünyanı aydınlatmağa...Çünki o yüz ildə, min ildə bir dəfə yetişən şəxsiyyətdir və kürreyi-ərz onun köksündə nəfəs alan milyardların yox, məhz Ümummilli Lider kimi nadirlərin və siyasət nəhənglərinin çiyinləri üstündə qurulmuşdu. Onun gedişi ilə mənim də nəfəsim öz aramlığını itirdi, illərdir, işləyərək ömürlərdən, həyatlardan ötüb-keçən zamanın qəmini yaşayan millərim bir anda dayandı, 20 ildir ki, həmin yerdə dayanaraq saat 7-yə 8 dəqiqə qalmış zamanı göstərir – dünyanın bir neçə saniyə ərzində kiçildiyi, Ümummilli Liderin aramızdan cismani surətdə ayrılıb, xalqın çiyinlərində əbədi həyata yola salındığı o nakam, o qəmli zamanı...”

    ...Yaranışdan bütün bəşər övladına məxsus ali bir duyğu doğulub köksümüzün altında, cücərib, boy göstərir. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Sevgidir o hissin adı, əsl sevgi, təmənnasız sevgi...Xalqımızın Ulu Öndərə duyduğu bu hiss, bu düşüncələr mənalı ömründə bizə miras qoyduğu müstəqil Azərbaycanın, onun xidmətlərinin qarşılığıdır. Bu ünvanda olduğum müddətdə ağlımdan heç çıxmayan düşüncələrin dəryasından Ümummilli Liderin öz dilindən eşitdiyimiz Vətən sevgisindən kövrələrək söylədiyi o məşhur kəlmələr – “Azərbaycan” şeirindən bu misraların xoş avazı oyadır məni. Bir zamanlar bura üz tutanları sağlığında olduğu kimi, yenə də böyük mehribanlıqla yola salır, yola salarkən də yaddaşlarda özü kimi əbədi qalacaq xoş xatirə buraxır:

        El bilir ki, sən mənimsən,
        Yurdum, yuvam, məskənimsən,
        Anam doğma Vətənimsən!
        Ayrılarmı könül candan?
        Azərbaycan, Azərbaycan!

Məcid RƏŞADƏTOĞLU
Məqalə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən“Dahilik zirvəsi” esse müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 27.04.2023 23:25