AZ EN RU

Mübariz İbrahimovun vəfatından 14 il ötür

1988-ci il, fevral ayının 7-də doğulan Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.
“Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” – deyib.
Bu sətirlər isə Mübarizin evə yazdığı son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
...Düz 10 il əvvəl, iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, "Qızıl Ulduz" medalı, "Vətən övladı" qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb.
İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.
Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır...Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.
Allah şəhidlərimizə rəhmət eləsin!

Nəşr edilib : 18.06.2024 01:05