AZ EN RU

Mübariz Azərbaycan qadınları!

Təqvimdə 8-Mart  Beynəlxalq  İşçi Qadınlar Günü kimi qeyd olunan bu bayram həmdə onlara incəliyin, diqqətin, sevgi və məhəbbətin təzahürünü özündə ehtiva edir. Tarixin bütün dönəmlərində Azərbaycan qadını bacarığı, istedad və yaradıcılığı, işgüzarlığı, zəhmətkeşliyi ilə seçilib. Təsadüfi deyil ki, XII əsrin yadigarı olan Mömünə xatın türbəsi qadının şərəfinə tikilib. Və yaxud Şərqdə ilk dəfə 1918-ci ildə seçib-seçilmək hüququ verilən də məhz Azərbaycan qadını olub.  Bu tarixi ənənəni davam etdirən dahi  şəxsiyyət ulu öndər Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Fərman imzalayaraq qadınların həyatın bütün sahələrində irəli çəkilməsini hər zaman vacib bir amil kimi irəli sürmüşdür. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur.

      Qəhraman övladlar yetişdirən Azərbaycan qadını, tarixin bütün dövrlərində, o cümlədən Böyük Zəfərin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində  həm  mübarizliyi, həm də cəsurluğu ilə tarix yazdı.  Şəhid anaları, şəhid xanımları öz sədaqəti, məğrurluğu ilə seçilərək qələbəmizin əyilməz məğrurluq simvollarına çevrildilər. Elə bu bayram ərəfəsində biz də qəhrəman oğullar yetişdirmiş şəhid anaları, bu oğulları cəbhəyə göndərən şəhid həyat yoldaşları ilə görüşüb onları təbrik etdik.

İlk olaraq Culfa rayonunun Yaycı kəndindən şəhid Rəşad Hüseynlinin anası Lətifə xanımla görüşdük. Baxmayaraq ki, şəhid anasının yarası hələyeni idi, ancaq gəlişimizin məqsədini biləndə qürurla bütün Azərbaycan qadınlarına öz ürək sözlərini, xoş arzularını ünvanladı. Qeyd etdi ki, hər il harada olmasından asılı olmayaraq ilk təbrikini Rəşaddan alardı. Zəng vurub bayram münasibətilə məni təbrik edər, xoş arzularını çatdırardı. Lakin onu da fəxrlə bildirdi ki, bu gün hər kəs bizi qəhrəman şəhid Rəşad Hüseylinin ailəsi kimi tanıyır. Şəhid anası olmağımla qürur duyuram. Fəxr edirəm ki, oğlum Vətən ugrunda şəhid olub. Biz də öz növbəmizdə Lətifə xanımı təbrik edir, şəhidlərimizlə hər birimizin fəxr etdiyini bildiririk.

1992-ci il iyulun 23-də Sədərəkdə “Miltəpə” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mirəyyub Seyidovun həyat yoldaşı Süsən xanım isə növbəti həmsöhbətimiz oldu. Müsahibimizi təbrik etdikdən sonra onun da arzu-diləklərini eşitmək istədik. İki övlad sahibi olan şəhid xanımının ən böyük arzusu azərbaycanlı xanımların talelərinin bir daha yarımçıq qalmaması oldu. Bildirdi ki, qoy bundan sonra uşaqlarımız atasız qalmasın, bir daha analarımızın başı qara örpək görməsin. Süsən xanım qeyd etdi ki, həyat yoldaşı şəhid olandan sonra min bir zəhmətlə uşaqlarını boya-başa çatdırıb, onları Vətənimizə, dövlətçiliyimizə layiq övladlar kimi böyüdüb. Deyir ki, ataları sağ olsaydı. Yəqin ki, o da övladlarına baxıb fəxr edərdi.

2018-ci ildə Tərtər istiqamətində döyüş növbətçiliyini yerinə yetirərkən şəhid olmuş Sənan Məmmədovun anası Kəmalə xanım isə növbəti müsahibimiz idi. O, ilk olaraq şəhid ailələrinin daim diqqət və qayğıyla əhatələndiyi üçün dövlətimizə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu gün cəmiyyətimizdə hər kəs şəhid ailələrinə böyük hörmətlə yanaşır, hər yerdə onlara böyük ehtiram göstərirlər. Eyni zamanda bunu da bildirdi ki, şəhid ailəsinin üzvü olmaq böyük məsuliyyətdir. Kəmalə xanımı bayram münasibətilə təbrik etdikdən sonra onun da arzularını dinlədik. Başda şəhid anaları və xanımları olmaqla bütün Azərbaycan qadınlarını təbrik edən həmsöhbətim bir şəhid anası olaraq qadınlarımıza hər zaman şəhid analarının timsalında başı dik, məğrur olmağı arzuladı.

Şəhid analarının vüqarlı olmağı, böyütdüyü mərd oğullardan bəllidir. Ona görə də başınızı dik tutun şəhid anaları! Siz başınızı dik tutduğunuz müddətcə üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bayramınız mübarək olsun!

Aidə İBRAHİMOVA

Nəşr edilib : 07.03.2023 17:58