AZ EN RU

Müasir və yüksək döyüş imkanlarına malik olan hərbi güc

 Əlahiddə Ümumqoşun Ordu respublikamızda həyata keçirilən hərbi quruculuğun 
ən mükəmməl nümunələrindən biridir

   Bu ordu hələ 2018-ci ildə Günnüt kəndini və minlərlə hektar torpağı işğaldan azad edərək Ermənistanın böyük bir ərazisinə vizual nəzarəti təmin edib, Aprel döyüşlərindən sonra Azərbaycanın hərb tarixinin növbəti şərəfli səhifəsini yazıb...
    Bu ordunun şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına iştirak edərək Hadrut qəsəbəsi və ətraf yüksəkliklərin, Füzuli, Xocavənd və digər rayonların işğaldan azad edilməsində böyük rəşadət göstərib, Şuşa şəhərinə qədər döyüş yolu keçib...
    Yüksək və ən müasir döyüş imkanlarına malik olan bu ordu indi də hərbi imkanlarını artırır, torpaqlarımızın müdafiəsini etibarlı şəkildə təmin edir...
    Əlahiddə Ümumqoşun Ordudan danışırıq... Qədim yurd yerimiz Naxçıvan Muxtar Respublikasına səfərimiz zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə gedərək döyüş hazırlığı, Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının fəaliyyəti, gənc əsgərlərin xidməti üçün yaradılmış şərait və Döyüş Şöhrəti Muzeyi ilə tanış olduq.

Ulu öndər Heydər Əliyevin
 yaratdığı ordu

    Naxçıvanda Azərbaycan Ordusunun hərbi hissələrinin yaradılmasına ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sen­tyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. Həmin dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı oldu.

    1992-ci ilin iyul-avqust aylarında Naxçıvan ərazisində yerləşən Rusiya Silahlı Qüvvələrinin 75-ci motoatıcı diviziyasının silah və texnikası, yaşayış binaları Müdafiə Komitəsinə təhvil verilib. Həmin ilin 15 sentyabrında isə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradılıb. 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirilib.

    1995-ci il mayın 21-də həmin briqada motoatıcı diviziyaya, 1998-ci il dekabrın 8-də Ordu Korpusuna çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb.

Naxçıvanın xüsusi təyinatlıları Vətən 
müharibəsində şanlı tarix yazdılar

    “N” hərbi hissədə öyrəndik ki, respublikamızda həyata keçirilən ordu quruculuğunun, qoşunların döyüş imkanlarının artırılması tədbirlərinin tərkib hissəsi kimi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin də maddi-texniki təminatı möhkəmləndirilib, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Təsadüfi deyil ki, Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Yüksək döyüş qabiliyyətinə malik olan bu ordu muxtar respublikanın etibarlı müdafiəsini tam təmin edir.

    2018-ci ildə hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” isə Əlahiddə Ümumqoşun Ordunun yüksək döyüş hazırlığını, şəxsi heyətinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Belə ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirildi. “Günnüt əməliyyatı” zamanı Əlahiddə Ümumqoşun Ordu Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində dövlət sərhədi boyunca əlverişli mövqeləri tutdu. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza Ermənistandakı avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

    Vətən müharibəsi günlərində Naxçıvandan göndərilən hərbi kontingent əsl qəhrəmanlıq nümunəsi yaratdı. Müzəffər Ordumuzun qələbəsi ilə nəticələnən Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin məzunları və Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının yetirmələri böyük şücaətlər göstərərək tarix yazdılar.
    Vətən müharibəsi günlərində şəhid olan hərbçilərimizi qarşılamaq üçün bütün Naxçıvan əhalisi yollara çıxmışdı. Həmin təsirli və eyni zamanda qürur doğuran mənzərə bir daha göstərmişdi ki, bu xalqı məğlub etmək olmaz. O cümlədən Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçular da Naxçıvanda böyük təntənə ilə qarşılanmışlar. Şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını minlərlə insan izdihamlı şəkildə müşayiət etmiş, yolboyu üçrəngli bayrağımız dalğalandırılmışdı.

    Döyüşlərdə qəhrəmanlıq göstərən Əlahiddə Ümumqoşun Ordunun zabitləri, gizirləri, əsgərləri Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar, bir neçəsi isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
    Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından yaralanan və şəhidlik zirvəsinə ucalanlar da olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  rəhbərliyi ilə hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxlanılır, bununla bağlı ardıcıl tədbirlər görülür.

 Şəxsi heyətin peşəkarlığının 
artırılması diqqət mərkəzindədir

    Vətən savaşına nəzər salsaq, görərik ki, hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi həm də kurslarda və təlimlərdə qazanılan təcrübənin nəticəsidir. Vətən müharibəsində döyüşən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının xidmət yolu Təlim-Tədris Mərkəzindən və təlimlərdən başlayıb.

    Təlim-Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordunun zabitləri və gizirləri müasir standartlar səviyyəsində döyüş əməliyyatlarının aparılmasının incəliklərini mənimsəyir, hərbi peşəkarlıqlarını daimi olaraq artırırlar. Mərkəzdə taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Burada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı var.

    Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə trenajorlar quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir. Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik olan kompüterlər və proyektorlar quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarə olunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür.
    Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var.
    Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri mütəmadi olaraq təlimlərdə iştirak edirlər. Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan muxtar respublikanın qışı soyuq və qarlı keçən yüksək dağlıq ərazilərində “Naxçıvan Qarnizonu Qoşunlarının uzlaşma planı”na əsasən şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir.
    Öyrəndik ki, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimləri ilə yanaşı, komanda-qərargah təlimlərində, əməliyyat taktiki təlimlərində və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə keçirilən döyüş atışlı birgə taktiki təlimlərdə xüsusi təyinatlılarımız peşəkarlıq nümayiş etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrinin Naxçıvan Qarnizonunun digər güc strukturlarının bölmələri ilə qarşılıqlı əlaqədə düşmənə əks-zərbə endirməsi, düşmən müdafiəsinin yaxın dərinliyindəki dağ aşırımlarını, təminat və təxliyə yollarını tutması, düşmənin mühüm obyektlərini məhv edərək döyüş texnikasını ələ keçirməsi tapşırıqları təlimlərdə uğurla yerinə yetirilib.
    Məhz belə təlimlərdə qazanılan təcrübə 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi və Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri Tarixi Qələbənin qazanılmasında mühüm rol oynadılar.
    Çətin hava və relyef şəraitində fəaliyyət göstərə bilmə bacarığına malik olan xüsusi təyinatlılarımızla “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimlər də keçirilib. Bu təlimlərdə də yüksək peşəkarlıq nümayiş etdirən xüsusi təyinatlı bölmələrin şəxsi heyəti dağlarda praktik döyüş bacarığını mükəmməl mənimsəyib.

 Əsgərlərin məişət şəraiti 
ən müasir standartlara uyğundur

 
    Daha sonra orduya çağırılan gənc əsgərlərin məişət şəraiti ilə tanış olduq. “N” hərbi hissədəki əsgər yataqxanaları və Əsgəri-Məişət Kompleksindəki şərait göstərir ki, burada hərbi həyata qədəm qoyan gənc əsgərlərin xidmət zamanı bütün məişət təminatları ən yüksək səviyyədədir. Yataqxanalarda əsgərlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb. Üçmərtəbəli binalarda müasir səviyyədə məişət şəraiti yaradılıb, onların hər biri zəruri avadanlıqlarla təchiz edilib.
    Əsgəri-Məişət Kompleksində poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına verilib. Əsgərlərin ailələri ilə əlaqə saxlaya bilmələri üçün telefon rabitəsi yaradılıb. Əsgərlərin yeməyinin bişirilməsi, paltarlarının yuyulması isə hərbi hissədəki mülki işçilərə həvalə olunub. Kompleksin yemək salonlarında eyni vaxtda 3 min hərbçi qidalana bilər.
    Kompleksin anbarları da müasir səviyyədə qurulub. Anbarlar müasir soyuducu kameralar və digər zəruri avadanlıqlarla təchiz edilib. Burada dərzi otağı, camaşırxana və qazanxana da mövcuddur. Hər bir sahədə istifadə olunan avadanlıqlar isə ən müasir standartlara uyğundur. Müasir hamam kompleksi də əsgərlərin ixtiyarındadır.
    Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgərlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri, haqlı olaraq, dünyanın ən qüdrətli ordularından biri kimi tanınır.
    Naxçıvanda onu da öyrəndik ki, ön xətdəki hərbi hissələrdə də xidmətin rahat və etibarlı təşkili məqsədilə inşa olunan binalarda əsgər və zabitlər üçün yataq yerləri, komandir heyəti üçün xidməti otaqlar, müxtəlif təyinatlı siniflər, idman zalları, tibb otağı, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları yaradılıb. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Mövqelərdə düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.
    Naxçıvan Muxtar Respublikasında xalq-ordu birliyini özündə əks etdirən tədbirlərdən biri də artıq ənənə halını almış hərbi hissələrə sovqat aparılmasıdır. Naxçıvan əhalisi, müxtəlif dövlət qurumlarının, müəssisə və təşkilatların nümayəndələri, ayrı-ayrı sahibkarlıq subyektlərinin təmsilçiləri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqat aparırlar. Əlamətdar və bayram günlərində ictimaiyyət nümayəndələrinin əsgərlərin yanında olması ordu ilə xalqın birliyinin daim bir təcəssümüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab  Vasif Talıbov da tez-tez hərbi hissələrdə olur, xidmətin vəziyyəti, əsgərlərin şəraiti ilə yaxından maraqlanır.

 Naxçıvan Döyüş Şöhrəti Muzeyi

    Naxçıvan Muxtar Respublikasında qonaqların böyük marağına səbəb olan ünvanlardan biri açıq səma altındakı Döyüş Şöhrəti Muzeyidir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan Naxçıvan Döyüş Şöhrəti Muzeyi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ərəfəsində yaradılıb.
    Muzey 26 adda eksponatla fəaliyyətə başlayıb. Qısa müddətdə onların sayı 41-ə çatdırılıb. Muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş artilleriya üzrə müxtəlif haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, “S-75”, “S-125”, “S-200” zenit raket kompleksləri, zenit qurğuları, aviasiya üzrə “SU-17” və “MİQ-21” döyüş təyyarələri, “YAK-50” idman-aerobatik təlim və ikinəfərlik “YAK-52” idman-aerobatik təlim-məşq təyyarələri, “Mİ-8T” və “Mİ-24V” döyüş-nəqliyyat helikopterləri, mühəndis xidməti üzrə yerqazan və maneələğvetmə maşınları, zirehli tank və avtomobil texnikalarından tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat dozor maşınları, dartıcılar, müxtəlif yük və minik avtomobilləri nümayiş etdirilir.
    Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audioməlumatlandırma sistemi ilə təmin edilib. Belə ki, nümayiş etdirilən hərbi texnikaların hər birinin yanında məlumat lövhələri qoyulub. Həmin lövhələrdə nümayiş etdirilən texnikaların istehsal ili, istifadə sahələri, texniki xüsusiyyətləri, döyüşlərdə iştirakı haqqında məlumatlar yerləşdirilib.
    Onu da qeyd edək ki, burada nümayiş etdirilən hərbi texnikalar hazırda bir çox ölkələrin ordularında, eləcə də erməni hərbi birləşmələrində istifadə olunmaqdadır. Azərbaycan Ordusunun arsenalı müasir tələblərə yüksək səviyyədə cavab verən aparıcı silah sənayelərinin istehsalı olan hərbi texnikalarla təchiz olunduğundan bizim qoşunlarda onların istifadəsinə artıq ehtiyac qalmayıb.
    Əlahiddə Ümumqoşun Ordunun uğurları və döyüş imkanları respublikamızda həyata keçirilən hərbi quruculuğun ən mükəmməl nümunələrindən biridir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə bu ordu döyüş qabiliyyətini durmadan artırır, ən müasir hərbi imkanlara sahib olur. Bir sözlə, Naxçıvanın müdafiəsində mətinliklə dayanan Əlahiddə Ümumqoşun Ordu üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.


 Rəşad CƏFƏRLİ,
Bakı-Naxçıvan-Bakı
“Azərbaycan” qəzeti
1 fevral 2022-ci il

Nəşr edilib : 01.02.2022 22:35