AZ EN RU

Müasir texnologiyaların inkişafı və həyatımıza təsiri

XX əsrin sonlarından başlayaraq texnologiyanın sürətli inkişafı bu günə qədər davam edir. Bu gün texnologiyalar həyatımızı asanlaşdıran əsas vasitələrdən biri kimi kiçikdən böyüyə hər kəsin həyatının bir parçasına çevrilib. Hər birimizin müxtəlif istiqamətlərdəki işəri görmək üçün istifadə etdiyi kompüter ilk dəfə məşhur fransız alimi Blez Paskal tərəfindən 1642-ci ildə cəmləyici maşın olaraq yaradılmış və müxtəlif inkişaf mərhələlərindən keçərək balaca və çox işləyən bir qurğuya, əvəzolunmaz vasitəyə  çevrilib.

XXI əsrin möcüzəsi internetdir, deyəndə yanılmırıq. Çünki, həyatımızın bir parçası olan və hətta bir çox hallarda bizi özündən asılı vəziyyətə salan müasir  texnologiyalar işimizi asanlaşdırır və əmək fəaliyyətinə də təsirsiz qalmır. Artıq ümumi süni intellekt və müasir texnologiyalar öz işində çox canlı qüvvəyə ehtiyac duymur. Bunun nəticəsidir ki, hazırda bir çox sahədə robotlar fəaliyyət göstərir. Bu isə insan əməyindən istifadəni azaldır. Müasir texnologiyaların həyatımızda rolu atdıqca əlavə vaxt itirmədən online qaydada evimizdə işləmək anlayışı da meydana çıxır. İnsanlar evdə oturaraq online formada çalışaraq pul qazanırlar. İnformasiya texnologiyalarından istifadə zamanı itirdiyimiz vaxtın dəyəri isə ondan qazandığımız biliklər və informasiyalar olur. Əlbəttə ki, ondan düzgün məqsədlər üçün istifadə etdiyimiz təqdirdə. Müasir texnologiyalar dünyaya açılan pəncərədir. Bu pəncərədən doğru baxmaq isə hər birimizin borcudur.

Bəs müasir texnologiyaların təsiri altına necə düşməyək?

Bir kompüter mütəxəssisi kimi onu qeyd etmək istəyirəm ki, istər gənc, istərsə də yaşlı nəslin informasiya texnologiyaları elminin bütün dərinliklərinə yiyələnməsi, indiki dövrümüzün əsas tələblərindən biridir. Hazırda müasir texnologiyalardan istifadə edən gənclər və uşaqlar bəzən bu vasitələrin təsiri altına düşür və aludə olur. Bəzən  sadəcə “vaxtı öldürmək” üçün istifadə etdikləri telefon, kompüter kimi vasitələr onların gələcək həyatına mənfi təsir göstərir. Nə üçün bu vasitələrdən istifadə edib özümüzü inkişaf etdirməyək?

Çünki, indi hansı müəssisəyə iş üçün müraciət etsək, bizdən tələb olunan kompüter bacarıqları olacaq. Əslində biz çalışdığımız qədər bu vasitələrdən doğru və səmərəli istifadə etməliyik. Çünki bizə qazandırdıqları qədər mənfi təsirləri də var. Əgər düzgün istifadə etmiriksə, deməli, bizim vaxtımız itir, gənclik dövrümüzü də puç edir. Uşaqların da bu vasitələrə bağlılığı olduqca çoxdur. Bu problemin həlli isə sadəcə valideynlərdən asılıdır. Əgər valideynlər bu məsələyə daha həssas yanaşsalar, onların övladları da bu vasitələrdən az istifadə edər. Bir çox valideynlər övladlarına nəyisə etdirmək üçün, ya da dərslərini oxuması üçün bu vasitələrlə “rüşvət” təklif edir. Bu isə elə problemin qaynağıdır. “Əgər dərslərini yaxşı oxusan, sənə telefon alacam” kimi ifadələr də uşaqları bu vasitənin təsirinə salmağa bəs edir. Qəbul etməliyik ki, müasir dövrün tələbi olan informasiya texnologiyalarını övladlarımız da mənimsəməli və bilməlidir. Ona görə də, balansı qorumaq daha faydalı olar. Həm övladlarımız bu vasitələrdən xəbərsiz olmasın, həm də təsirinə düşməsin.

Dünyaya açılan pəncərəyə müasir texnologiya ilə baxaq və daim bizim üçün faydalı istiqamətdə istifadə edək.  

Ülviyyə Novruzova

Kompüter üzrə mütəxəssis

Nəşr edilib : 02.06.2024 11:32