AZ EN RU

Müasir təlim modeli, peşəkar heyət yüksək göstəricilərin qazanılmasına şərait yaradır

    Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasəti bu gün dəyişən dövrün tələblərinə uyğun müasir inkişaf mərhələsindədir. Qazanılan nailiyyətlərin timsalında böyük qürur hissi ilə deyə bilərik ki, artıq təhsilimiz qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. 

    Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə ardıcıl davam etdirilir. Təhsil sahəsində həyata keçirilən tədbirlər, reallaşdırılan innovativ layihələr də bu siyasətin tərkib hissəsidir. Qədim yurd yerində bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəb binaları, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir. Muxtar respublikamızda fəaliyyət göstərən “İstedad-XXI əsr” kursları da təhsilimizin inkişafı naminə həyata keçirilən layihələrdəndir. Həmin kurslar fəaliyyətə başladığı zamandan etibarən qəbul göstəriciləri ilə daim seçilir. Kursun fəaliyyəti, müəssisənin tədris keyfiyyətinin artırılması istiqamətində görülən işlər və gələcək planlar barədə oxucularımıza məlumat vermək üçün həmin ünvana üz tutduq. Kursun rəhbəri Şirin Orucov  bildirdi ki, kursun heyəti Azərbaycan təhsilinə yararlı, savadlı gənclər yetişdirmək üçün səylə çalışır. Abituriyentlərin hazırlanmasında, müxtəlif xarici dillərin tədrisində, məktəbəqədər və ibtidai sinif şagirdlərində zəkanın inkişafında uğurla xidmət göstərir.
    Müsahibim qeyd edir ki, “İstedad-XXI əsr” hazırlıq kursları Naxçıvan Muxtar Respublikasında 2014-2015-ci tədris ilindən etibarən fəaliyyətə başlamışdır. Kursun əsas vəzifəsi şagirdlərin dünyagörüşünü inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, ölkəmizin inkişafı naminə fədakarlıqla çalışan vətəndaşlar tərbiyə etməkdən ibarətdir. Kurs öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prinsipləri əsas götürür. Kurs təlim-tərbiyə prosesinin təşkilini, tədris materiallarının keyfiyyətlə mənimsənilməsini, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsini əsas fəaliyyət istiqaməti kimi müəyyən etmişdir. Hazırda bu kurslarda abituriyent hazırlığı, müxtəlif xarici dil (ingilis, rus, alman, fransız), zəka, məktəbəqədər hazırlıq, ibtidai sinif hazırlığı, məntiq kursları, “İstedad kids”, mental aritmetika, magistratura hazırlığı və digər sahələr üzrə müasir tədris metoduna uyğun təhsil imkanları yaradılmışdır. Müəssisədə tədris, Azərbaycan Respublikası Təhsil Nazir­liyinin və Dövlət İmtahan Mərkəzinin proqramlarına əsasən, həmin qurumların dərs vəsaitləri və test toplularından istifadə etməklə həyata keçirilir. Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün qrup və fərdi şəkildə dərslər təşkil olunur ki, burada iştirak edən dinləyicilərə seçdikləri ixtisas bloklarına uyğun olaraq testologiya prinsipləri nəzərə alınmaqla mövzular dərindən öyrədilir. Dərs müddətində dinləyicilərin çətinlik çəkdiyi mövzular üzrə əlavə dərslər də keçilir. 
    Yay mövsümü zamanı kursun tədris planında hər hansı dəyişikliklər olurmu? – sualımızı cavablandıran Şirin müəllim bildirdi ki, kursda tədris proqramına uyğun olaraq yay məktəbləri təşkil olunur ki, həm şagirdlərə yeni biliklər aşılanır, asudə vaxtları səmərəli təşkil olunur, həm də zəka təlimlərinə və fənlərə dair bilik yarışlarına geniş yer ayrılır. Müsahibimiz vurğulayır ki, tədris prosesində müasir texnologiyalardan istifadə məqsədilə sinif otaqlarında elektron lövhələr də qurulmuşdur. Pedaqoji kollektiv üzvləri öz fəaliyyətlərində müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır, şagirdlərin dünyagörüşünü inkişaf etdirən, bilikləri sərbəst əldə etmək vərdişləri yaradan, axtarışlara istiqamətləndirən fəal təlim metodlarından, qeyri-ənənəvi tədris forma və üsullarından geniş istifadə edirlər. Kursda yüksəkixtisaslı, öz işini sevən, daim yaradıcı fəaliyyət göstərən peşəkar müəllim kollektivi fəaliyyət göstərir ki, bu da kursun ilbəil daha böyük uğurlar qazanmasına yol açır. Kursda təhsil alan şagirdlərimizin bilik və bacarıqlarının öyrənilməsi, inkişaf etdirilməsi, testologiya vərdişlərinin mənimsənilməsi üçün aylıq sınaq imtahanları təşkil edilir. Bu sınaq imtahanları 5-11-ci sinifləri əhatə edir. Sınaq imtahanlarının nəticələri onlayn şəkildə hər bir şagirdə fərdi iş nömrəsi vasitəsilə çatdırılır. Sınaq-test imtahanlarının keçirilməsi zamanı qəbul edilən bütün yeniliklər operativ olaraq tətbiq olunur.
    Kurslar fəaliyyətə başladığı 2014-2015-ci tədris ilindən etibarən qəbul nəticələri 99 və 100 faiz olub. Kursun 9 illik fəaliyyəti dövründə dinləyicilərdən 12 nəfər Prezident təqaüdünə layiq görülüb. Həmçinin 101 məzun 600 baldan yuxarı, 350 məzun 500 baldan yuxarı, 610 məzun 400 baldan yuxarı nəticə göstərib. Hazırda yüksək nəticə göstərərək qabaqcıl ali təhsil müəssisələrində oxuyanlar kurs tərəfindən aylıq tələbə təqaüdü ilə də təmin olunurlar. 
    Həmsöhbətim qeyd etdi ki, kursda müasir təhsil strategiyasında təfəkkür yönümlü metodun üstünlüyünü nəzərə alaraq “Zəka təlimləri”nin tədrisi üçün imkanlar yaradılmışdır: – Burada şagirdlərimizə şahmat oyunu və onun sirləri, məntiqi dünyagörüşünün formalaşdırılması, beyin yarımkürələrinin paralel inkişafı, sürətli və dəqiq şəkildə hesablama bacarıqları, sürətli oxuma, qavrama fəaliyyətinin gücləndirilməsi, özünəinamın artırılması, təfəkkürün inkişafı kimi proqramlar öyrədilir. Bu proqramlar, əsasən, 3, 5, 6 ay ərzin­də fəaliyyət göstərir və 5-14 yaş aralığındakı uşaqlar iştirak edə bilər. Kursda, eyni zamanda xarici dillər üzrə hazırlıqlar da təşkil olunur ki, burada həm xarici dillər üzrə qrammatik biliklər öyrədilir, həm də danışıq qrupları fəaliyyət göstərir. Xarici dillər üzrə qruplar 4 əsas bacarığın – danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində də keçilir.
    Naxçıvanda ilk dəfə olaraq 4-10 yaş qrupu üzrə 10 ay müddətində dinləmə və izləmə ağırlıqlı ingilis və rus dilləri tədrisinin qeydiyyatı da məhz “İstedad” kurslarında aparılır. “İstedad kids”i digər ənənəvi kurslardan fərqləndirən başlıca xüsusiyyətlər, dərslərin hər bir mövzuya uyğun olaraq audio və videovəsaitlər, interaktiv oyunlar, yerli ekskursiyalar, ingilis və rus dillərində səhnəciklər vasitəsilə tədris edilməsidir ki, bu da uşaqların xarici dilləri öz ana dili kimi öyrənməsinə geniş imkanlar yaradır. Dərslər Cambridge Universitetinin “Kids preschool” proqramını tədris etmiş və beynəlxalq sertifikatlara malik peşəkar müəllimlər tərəfindən aparılır. 
    Şirin müəllim sonda kursa qeydiyyat prosesindən də bəhs edərək dedi ki, qeydiyyat zamanı hər bir şagirdə xas psixoloji və zehni sorğular tərtib edilir və yalnız bu sorğudan keçmiş şagirdlər kursda təhsil almaq imkanından yararlanır
    İstedad kursları fəaliyyətə başladığı dövrdən müasir təlim modeli və tədris üsulunu əsas tutmaqla, yüksək intellektə malik bacarıqlı müəllim heyəti ilə Azərbaycan təhsilinə töhfələr verməyə çalışır. Biz də kursun heyətinə yeni tədris ilində yeni nailiyyətlər arzulayırıq. 

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 02.10.2023 20:54