AZ EN RU

“Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisası III kurs tələbələrinin Naxçıvanın müasir şəhər mənzərələrinə həsr olunmuş rəsm sərgisi təşkil olunub. 
    Sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, müasir dövrdə iqtisadi sahədə xeyli nailiyyətlər əldə olunmuş, muxtar respublikada tikinti-quraşdırma və abadlıq sahəsində çoxsaylı inzibati binalar, sosial obyektlər tikilmiş, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülmüşdür. Rektor bildirib ki, Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr müasir Naxçıvanın görünüşünü çəkdikləri rəsm əsərlərində əks etdirməklə yanaşı, onları qorumalı və gələcək nəsillərə ötürməlidir.
    Vurğulanıb ki, muxtar respublikada və Naxçıvan Müəllimlər İnstitutunda mütəmadi olaraq sərgilərin keçirilməsi, tələbələrin yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması istedadlı gənclərin daha həvəslə çalışmaları üçün stimul olur. Tələbələrimiz çalışmalıdır ki, onlar üçün yaradılmış bu şəraitdən yüksək səviyyədə istifadə etsin və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər.
    İnstitutun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva çıxış edərək bildirib ki, yüksək zövqlə, peşəkarlıqla, Şərq və Qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerində istifadə etməklə tikilən binalar, aparılan böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü təsdiq edir. Belə müasir, gözəl görüntülər Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələrinin marağına səbəb olub, onlar şahidi olduqları bu yenilikləri, gözəllikləri öz əsərlərində yüksək səviyyədə əks etdiriblər. 
    Sonra sərgiyə baxış keçirilib. Sərgidə mənzərə janrının bir növü olan şəhər mənzərələri üslubunda kompozisiya quruluşu, rəng koloriti etibarilə bir-birindən gözəl 18 əsər nümayiş olunub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və
 ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 31.05.2022 21:19