AZ EN RU

“Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı abidəni seyr etdikcə...

Statusundan, vəzifəsindən, kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir azərbaycanlı qorumağa, yaşatmağa çalışır özünəməxsusluğu, fundamentallığı ilə dünyada qibtə olunan, sevilən, dosta sevinc, düşmənə gözdağı verən bu möhtəşəm, sanballı abidəni. Dahilər dahisi, siyasət sərrafı, fenomen şəxsiyyət, böyük azərbaycanlı Heydər Əliyevin gecəsini gündüzünə qataraq müxtəlif təzyiqlərə, təqiblərə, həyati təhlükələrə əzmi, iradəsi sayəsində sinə gərməklə, maneələri, fitnəkarlıqları dəf etməklə, min bir zəhmətlə, yüksək şövqlə, incə zövqlə kərpic-kərpic qurub-yaratdığı “Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı şah abidənin hər naxışı uzaqgörən müəllifin zamanı qabaqlayan, onilliklərə hesablanmış bir qətiyyətli addımından, saleh əməlindən, mübarək amalından danışır. Açılan sabah, doğan Günəş özü ilə bərabər, yurda uğurlar, nailiyyətlər gətirib xalqın yolunu aydınlatdıqca abidənin artan məğrurluğu, bu torpaqda doğulmaq, yaşamaq fəxarəti köksləri qürurla etizaza gətirir, dahi memara sonsuz minnətdarlıq hissi ilə dillərdə Ulu Liderin mübarək kəlamı səslənir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

    1969-cu il iyulun 14-dən binə olunmağa, yaradılmağa başlanan bu əbədiyyət abidəsinin hər zərrəsindən həmişəyaşar müəllifin əziz xatirəsinə ehtiram dolu alqışlar eşidilir, ideyalarına rəğbət dolu nidalar duyulur, yazmaqla tükənməyən, oxuduqca, öyrəndikcə sona yetməyən, bitməyən siyasi-fəlsəfi ideologiyalarla, müdrikliklə zəngin, fəthi mümkünsüz Ulu Öndər zirvəsi görünür hər yerdə hər gün, hər dəqiqə, hər an. Xalqı uçurumdan əbədiyyət zirvəsinə ucaldan bu ulu zirvəyə baxdıqca Azərbaycan, Azərbaycana baxdıqca isə dahi lider Heydər Əliyev zirvəsi canlanır gözlərimiz önündə. Ömrünü xalqının yolunda fəda edən, sadə, zəhmətkeş ailənin övladından xalqın övladı, xalqın lideri, xalqın xilaskarı məqamına ucalan bu dahi insan haqqında hansı sözləri söyləsən, hansı cümləni, söz birləşməsini, xitabı yazsan yenə natamamlıq qalır, yetmir kəlmələrin gücü Onun varlığını tam ifadə etməyə təkcə qüdrətli Azərbaycanın simasında əksini tapır əvəzolunmaz şəxsiyyətin təkrarolunmaz portreti... 
    “Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı abidəni seyr etdikcə qəlbdə qaynayan qürur, fəxr, minnətdarlıq, ehtiram dolu kəlmələr dilə gəlir: Böyük siyasətçi, dahi öndərimiz, Ümummilli Liderimiz! Həyat yolun o qədər mənalı, dərin, zəngin, şəxsi keyfiyyətlərin o qədər alidir, tarixi epoxan, siyasi konsepsiyan o qədər dərinməzmunlu, fəlsəfidir, xalqın üçün o qədər dəyərli, böyük işlər görmüsən ki, yazmağa, sadalamağa qələmin gücü yetməz. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, “Xalq dövlət üçün, dövlət xalq üçün olmalıdır”, “Tarix həmişə hər şeyi öz yerinə qoyur”, “Xalq gərək daim öz kökünü xatırlasın” kimi tarixə düşən, tarixiləşən kəlamlarınla hər bir azərbaycanlının əlindən tutub doğru yolu, istiqaməti göstərdin, milli ruhu oyatdın, ana dilinə, mənəvi dəyərlərə bağlılığı hər kəsin mənəvi borcuna çevirdin, xalqla dövlət arasında qırılmaz mənəviyyat körpüsü yaratdın. Qaranlıq gecədə sönməz Günəş kimi Azərbaycan səmasında parlayıb sabaha inam, gələcəyə ümid ziyası saçdın, insanlarla hər görüşündə sadə, səmimi ünsiyyətinlə hər bir ölkə başçısına, dövlət məmuruna xalqın lideri nümunəsini göstərdin, imzaladığın fərman və sərəncamlarla, keçirdiyin çoxsaylı yerli, beynəlxalq görüşlərlə, söylədiyin dərinməzmunlu nitqlərlə xalqın xoşbəxt sabahlarının, gələcəyinin etibarına, təminatçısına çevrildin. “Son yüzillikdə Heydər Əliyev gücündə ağıllı dövlət başçısı Azərbaycanda olmamışdır”, “Heydər Əliyev... iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında, kompüter insandır...” “O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyanı idarə edə bilən dövlət xadimidir” söyləyən dünyanın sayılıb-seçilən dövlət xadimlərinin qibtə etdiyi liderlərin lideri mərtəbəsinə yüksəldin, siyasət dünyasında yeni, əvəzolunmaz məktəb yaratdın, dərs keçdin neçə liderə, ölkə başçısına, bir hərəkətinlə, sözünlə yerini göstərdin özünü üstün sanıb lovğalanmağa çalışan dırnaqarası rəhbərlərə...
    Dahi insan, uzaqgörən şəxsiyyət! 1969-1982-ci illərdə uçurumun astanasında olan, geridə qalmış respublikanı ön sıraya apardın. Bütün nailiyyətləri xalqınla birgə, əl-ələ verib əldə etdin, Sən xalqından, xalqın Səndən güc aldı... Daim zəhmətkeşlərlə bir arada oldun, iş gününü kabinetdən çox pambıq, tütün, üzüm tarlalarında keçirdin, əməkçilərə işləmək, halal zəhmət qazanmaq yolunda böyük ruh yüksəkliyi bəxş etdin... Elmin, təhsilin inkişaf mərhələsi kimi də tarixə həkk olundu ölkəmizə rəhbərliyinin birinci dövrü. Uzaqgörən siyasətin nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Göstərişinlə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil, mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən, ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alaraq sonralar ölkəmizin aydın sabahları naminə xidmət göstərdilər. Şəhərlərimiz daha da gözəlləşdi, milliləşdi... Mənfurların fitnələrinin üstündən qara xətt çəkdin, əzəli yurdlarımıza səfərlər edib tariximizi, milliliyimizi qoruyub yaşadan işlər, layihələr həyata keçirməklə, tarixi torpaqlarımız, soydaşlarımız arasında qırılmaz mənəvi tellər yaratdın Ağdam-Xankəndi dəmir yolunun çəkilişinə nail olmaqla...
    Mənəvi dəyərlərimizin yaşadıcısı! Mədəniyyətimizin hamisi kimi tarixi irsimizi, dəyərlərimizi qorudun, yaşatdın, xalqın milli köklərə bağlılığını təmin etdin, sayəndə ayrı-ayrı sahələrin kamil bilicilərinə, görkəmli yazıçılara, incəsənət xadimlərinə abidələr ucaldıldı, yubileylər yüksək səviyyədə qeyd olundu, sənətə dəyər, sənətkara hörmət artdı, müəllim adı ucaldı. Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini yenidən dirçəltdin, göstərişinlə Şuşada Molla Pənah Vaqifin məzarı üstündə abidə – məqbərə ucaldıldı, Xurşidbanu Natəvana abidə qoyuldu, xalq düşməni damğası vurulan şair-yazıçılara bəraət verildi, adları əbədiləşdirildi, ölməz dramaturq Hüseyn Cavidin nəşi Uzaq Sibirdən gətirilərək doğma Vətəni Naxçıvanda torpağa tapşırıldı, abidəsi yaradıldı, Qarabağda yaşamış tarixi şəxsiyyətlərimizin irsinin qorunması yönündə işlər həyata keçirildi, mədəni tədbirlər reallaşdırıldı. “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı tarixi, ədəbi araşdırmaların sayı çoxaldı, tamaşaçını düşündürən, dəyərli sənət əsərləri – bədii filmlər çəkildi, sənədli ekran əsərləri hazırlandı, ədəbi mühit zənginləşdi... “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” fikirlərini gerçəkləşdirdin, itirilib-batırılmaqda olan milli sərvətimizi yenidən həyata qaytardın. Bütün həyati risklərə, təhlükələrə rəğmən Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsini həkk etdirməklə xalqın qarşısında növbəti əvəzolunmaz xidmətini böyük cəsarətlə yerinə yetirdin... 
    Böyük azərbaycanlı, Böyük türk! 1982-87-ci illər... Siyasi fəaliyyəti ölkənin sərhədlərini aşan, Böyük azərbaycanlı, Böyük türk kimi böyük imperiyada böyük söz, nüfuz sahibi olduğun dövr. Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi bu illərdə yenə fikrini, düşüncəni xalqının firavanlığını təmin etməyə, diqqətini, qayğını Azərbaycanın inkişafı naminə yönəltdin, qətiyyətli addımlarınla xalqını faciələrdən qorudun. “Kremldə ucalan türk bayrağı” təqdimatı ilə tanındın, sevildin bütün dünya türkləri tərəfindən, türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər aparıb çıxartdın... Ermənipərəst dövlət adamlarının gözü götürmədi bir azərbaycanlının, türkün böyüklüyünü, ucalığını, xalqına, elinə, obasına məhəbbətini, hər vəchlə maneələr yaradaraq, fitnələr yağdıraraq önünü kəsməyə, millətindən uzaq salmağa çalışdılar dahi lideri. Siyasi nüfuzundan, qüdrətindən lərzəyə düşən, xəyanətkar Qorbaçov öz qorxaqlığını, yarıtmazlığını göstərdi vəzifədən istefa verməyinə çalışmaqla. Ali kürsüdən gedişindən heç iki həftə keçməmiş nankor ermənilər, onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələni gündəmə gətirdilər... Və beləcə, köməksiz, arxasız qalan xalqımız üçün ağır, məşəqqətli günlər başladı. Xalqımızın tarixinə qara hərflərlə həkk olundu 1990-cı ilin 20 yanvar günü. Qanlı hadisələr zamanı ölkəmizdəki insanların taleyinə biganə qalan naşı rəhbərlərdən fərqli olaraq özü uzaq qəlbi yaxın olan, xalqını canından artıq sevən Ümummilli Lider kimi bütün həyati təhlükələrə, təxribatlara, təzyiqlərə baxmayaraq, Moskvada SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR-in Daimi Nümayəndəliyinə gedərək faciəni qəti şəkildə pislədin, xalqının yanında olduğunu bir daha bəyan etdin qorxmadan, çəkinmədən...
    Xalqın nicatı! 1990-cı il iyulun 22-də doğma Vətənin – canın qədər sevdiyin Naxçıvanın qucaq açdı, bağrına basdı naxçıvanlılar öz xilaskarını, qısa zamanda bu qədim diyar milli azadlıq hərəkatının mərkəzinə çevrildi, rəhbərliyinlə ölkəmiz müstəqilliyə doğru böyük dönüş yoluna məhz Naxçıvandan qədəm qoydu. Dövlətçilik tariximiz üçün xüsusi önəm daşıyan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılmasına, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılmasına, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilməsinə nail oldun. Minlərlə naxçıvanlının coşqusu, sevgisi, məhəbbəti ilə 1991-ci il 3 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildin, zülmət qaranlıqda çıraq işartısında verdiyin və dövlətçiliyin hüquqi bazasını təşkil edən mühüm siyasi-tarixi qərarlar xalqımızı gün işığına çıxardı. Siyasi sabitliyə xidmət edən, ölkəmizi inamlı, etibarlı gələcəyə aparan, dünyada qüdrətli söz, mövqe, nüfuz sahibi edən Yeni Azərbaycan Partiyasını təsis etdin. Azərbaycan SSR Ali Sovetinin iclaslarında qətiyyət, cəsarətlilik rəmzinə çevrilən faktlarla zəngin tarixi çıxışlarını bu gün də televiziya ekranlarından böyük qürurla, fəxarətlə izləyərək deyirik: Odur xalqın əsl nicatı!.. 
    Milli Qurtuluşun banisi! Məhvə sürüklənən xalqının taleyinə biganə qalmadın, harayına səs verərək 1993-cü ilin iyunun 15-də Naxçıvandan Bakıya gəldin, Milli Qurtuluşun banisinə, səbəbkarına çevrildin, rəhbərliyinlə ölkənin taleyində əsaslı dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini, ərazi bütövlüyünü qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olundu. Müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasını işləyib hazırladın, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsini imzalamaqla, aqrar sahədə islahatlar reallaşdırmaqla ölkəmizin dünya miqyasında siyasi-iqtisadi çəkisini artırdın, hərtərəfli inkişafına zəmin yaratdın, “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”, – deyərək ölkədə xaos, hərc-mərclik, parçalanma yaratmağa cəhd edən qüvvələrin arzusunu gözündə qoydun, həyatımızın bütün sahələrində canlanma prosesləri yaradan qərar, sərəncam və fərmanlar imzaladın, qurultaylar, forumlar keçirdin. Təşəbbüsünlə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair mötəbər beynəlxalq konfrans keçirildi, bununla bu gün “Orta Dəhliz” adlanan “Avropa-Qafqaz-Asiya” layihəsinin bünövrəsi qoyuldu, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi şərtləndirildi. 1993-2003-cü illərdə Azərbaycanda həyatın o sahəsi olmadı ki, orada inkişafa, yeniliyə imza atmayasan: Can verən təbiətimizə can gəldi, “Təbiət qəbiristanlığı” ifadəsini “cənnətməkan diyar” xitabları əvəzlədi... Bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının banisinə çevrildin, dünya azərbaycanlılarını bir araya topladın, təşəbbüsünlə neçə-neçə sənətkarların, sənət ocaqlarının, elm adamlarının, yaradıcı insanların yubileyləri keçirildi, adlarına müəssisələr yaradıldı, elm, təhsil ocaqlarının müstəqilliyi təmin olundu, əməyə qiymətin nəticəsi olan fəxri adlar, ordenlər, medallar təsis edildi, sözün qüdrəti, kəsəri, əməlin dəyəri, qiyməti artdı. Ən əsası isə min bir zəhmətlə ucaltdığın “Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı şah abidəni qoruyacaq, yaşadacaq, inkişaf etdirəcək layiqli varisini, cənab İlham Əliyevi – əsl lideri qazandırdın xalqına. “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” inamını, etibarını heç vaxt yanıltmadı, siyasi irsinə, yoluna sədaqətini ən yüksək səviyyədə göstərdi, xalqı irəli aparacaq əsl rəhbər olduğunu sübut etdi 2003-2023-cü illərdə cənab İlham Əliyev...
    Şanlı nailiyyətlərə, Böyük Qələbəyə aparan Ulu Öndər yolu! Mübarək yoluna sədaqətlə, əbədiyaşar ideyalarının işığında ölkəmiz, xalqımız qızıl hərflərlə növbəti şanlı tarix səhifələrini yazmağa başladı 2003-cü ildən. Siyasi arenalarda diplomatik qələbələrin, iqtisadi, sosial, mədəni sahələrdə, elm və təhsildə uğurların sayı hər ötən il daha da çoxaldı. Kompleks, sistemli şəkildə reallaşdırılan, bütün sahələri əhatə edən geniş islahatlar konsepsiyası şəhər-kəndlərimizi başdan-başa dəyişdi, gözəlləşdirdi, müasirləşdirdi, insanların sosial-rifahı yaxşılaşdı, əmək, zəhmət adamlarının əməyi, zəhməti çiçək açdı... Ən əsası da illərlə davam edən siyasi-diplomatik gedişlər, ordu quruculuğu nəticəsini verdi, Ali Baş Komandanın siyasi-iradəsi, oğulların igidliyi sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əzəli torpaqlarımıza qovuşduq əbədi şəkildə. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” vəsiyyətini yerinə yetirən ölkə başçısı cənab İlham Əliyevin hər bir azərbaycanlını ayağa qaldıran mübarək kəlamları Böyük Qələbəmizin simvoluna çevrildi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” 24 saatlıq antiterror tədbirləri ilə bərpa olundu suverenliyimiz, təmin edildi ərazi bütövlüyümüz. Artıq Qarabağımızın hər qarışı dirçəlir, yenidən doğulur, müasir görünüşü ilə öz övladlarını qoynuna alır, adət-ənənələrimiz, tariximiz, genetik yaddaşımız bərpa olunur. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün rəmzi sayılan üçrəngli bayrağımız ucalır Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndidə, Xocalıda... 

    Dahi Öndərimiz, Ümummilli Liderimiz! İllər öncə yaratdığın, hər naxışında müdrikliyinin, fədakarlığının duyulduğu, müqəddəs amallarının yaşadığı “Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı şah abidə bu gün dünyanın istənilən nöqtəsindən daha məğrur, daha yenilməz, daha əzəmətli, daha vüqarlı görünür. Üzərinə möhürlədiyin əbədiyaşar əməllərini ifadə edən sözlər hər gün daha da əbədiləşir, daha da parlaqlaşır: “Nə qədər ki Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda əbədi olacağam”. 

Nail ƏSGƏROV

Nəşr edilib : 18.10.2023 19:52