AZ EN RU

Müasir kasko sığorta məhsulları vətəndaşlara geniş zəmanətlər verir

    Son zamanlar nəqliyyat vasitələrindən daha geniş istifadə olunması və havaların qarlı-şaxtalı keçməsi ilə avtomobillərin sığortasına  maraq daha da artmaqdadır. Ona görə ki, avtomobil sahibləri yollarda hərəkət zamanı qarşıya çıxan gözlənilməz hadisələrdən sığorta olunmaqla dəymiş maddi zərərlərin əvəzini ala bilirlər. Mülki məsuliyyətin sığortası və avtomobillərin tam, kasko sığortası bu baxımdan vətəndaşlara geniş zəmanətlər verir. 

    Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti publik hüquqi şəxs tərəfindən təklif olunan 4 yeni müxtəlif kasko sığorta məhsulu da bu baxımdan avtomobil sahiblərinə xidmət edir. Hazırda təklif olunan zərflərə nəzər saldıqda onların məzmunu və şərtlərinin olduqca sərfəli olduğunu görürük. Belə ki, xidmətdən aldığımız məlumata əsasən hazırda vətəndaşlara təklif olunan kasko sığorta xidmətləri arasında standart kasko ilə yanaşı, xəmsə, qızıl kasko və kasko platinium adlı sığorta məhsulları vardır. Bu təkliflər istifadə olunan avtomobillərin bazar qiyməti və onun sahibinin sosial statusuna uyğun olaraq dəyişməklə hər bir sığortalı şəxs üçün şaxələndirilib.  
    İlk olaraq qeyd edək ki, ən sadə kasko sığortası avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasından fərqli olaraq nəqliyyat vasitələrinə tam zəmanət verir. Belə ki, icbari qaydada bağlanılan avtomobil nəqliyyatı vasitələrinin mülki məsuliyyətinin sığortası yalnız hərəkət zamanı üçüncü şəxslərin həyatına və əmlakına dəymiş zərərlərdən maddi zəmanət verirsə, kasko sığorta bütün hallarda, hətta avtomobil hərəkətdə olmadığı zaman hansısa səbəbdən ona dəymiş zərərlərdən maddi zəmanət verir. Belə səbəblər kimi yol-nəqliyyat hadisəsindən başqa təbii fəlakətləri, yanğın və partlayışı, üçüncü şəxslərin qanunazidd əməlləri, şüşə sınması və hətta heyvanların zərər verməsini misal göstərmək olar. Qeyd edək ki, kasko sığorta könüllü olub, avtomobilin bazar qiymətinə və istehsalçı ölkəyə görə sığortahaqqı ödənilməklə müqavilə bağlanılır.
    İlk olaraq təklif olunan xəmsə sığorta məhsuluna baxdıqda burada sığortalı avtomobil sahiblərinə il ərzində bir dəfə olmaqla beş ödənişsiz xidmət göstərildiyini görə bilərik. Bunlara azadolma məbləği çıxılmaqla avtomobilə dəymiş zərərin ödənilməsi, qəza baş verdiyi zaman avtomobildə olan iki sərnişin üçün 250 manat həcmində fərdi qəza sığortası, Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrinə çatdırma üçün 10 litr həcmində yanacaq, zərər dəymiş avtomobilin təmiri üçün kənardan gətirilən avtomobilin ehtiyat hissələrinin daşınma xərci və il ərzində bir dəfə olmaqla sığorta hadisəsindən zərər görmüş avtomobilin təmir yerinə çatdırılması üçün evakuasiya xərcləri daxildir. Qeyd edək ki, xəmsə kasko məhsulunda ödənilən sığorta ödənişi üçün azadolma məbləğinin həcmi cəmi 50 manatdır. 
    Qızıl kasko məhsulunda da avtomobil sahibləri üçün sərfəli seçimlər vardır. Belə ki, burada faktiki bazar qiyməti 15 min manatdan yuxarı olan avtomobillər üçün müqavilələr bağlanılır və il ərzində bir dəfə olmaqla bütün muxtar respublika ərazisinə 20 litr yanacaq xərci, evakuasiya, kənar yerdən ehtiyat hissə gətirmə xərci, təkər təmiri və hadisə baş verdiyi zaman 50 manat dəyərində taksi xidməti haqqı təklif olunur. 
     Xidmət tərəfindən təklif olunan platinium sığorta məhsulu mövcud bazar dəyəri 25 min manatdan yuxarı olan avtomobillərin gözlənilməz hadisələrdən zərər görməsi hallarında onların sahiblərinə ildə bir dəfə olmaqla, 7 növdə ödənişsiz xidmətlər göstərir. Belə ki, bu sığorta zamanı avtomobildə olan 5 nəfərin hər biri üçün min manat həcmində fərdi qəza sığortası, muxtar respublikanın hər yerindən olmaqla, 20 litr həcmində yanacaq çatdırma xərci, evakuasiya, könüllü mülki məsuliyyət sığortası, təkərlərin təmiri və bütün digər kasko məhsullarından fərqli olaraq avtomobil kirayəsi də təmin edilir. Onu da vurğulayaq ki, sonuncu xidmət bir çox hallarda avtomobil sahibləri üçün olduqca vacib tələbat kimi yarandığından sığortalı vətəndaşın sığorta hadisəsi baş verəndən maksimum 7 gün sonra avtomobillə təmininə zəmanət verilir. 
    Göründüyü kimi, təklif olunan bütün belə sığorta xidmətləri vətəndaşların rifahı və sosial müdafiəsi üçün hərtərəfli faydalılığı ilə seçilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti publik hüquqi şəxs tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəkdə də muxtar respublika sakinlərinin daha müasir sığorta xidmətlərinə çıxışına imkanlar yaradacaqdır. 

Əli CABBAROV

Nəşr edilib : 02.02.2022 18:20