AZ EN RU

Müasir gənclər siyasətinin banisi

    1993-cü ildə hakimiyyətə geri dönüşü ilə Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edən xalqın böyük oğlu Heydər Əliyev bu uğurlu qayıdışı gələcəyin memarı olan gənclərə ərməğan etdi.  
    Gənclər bu ölkənin ən qiymətli sərvəti, gücü və ümididir. Gənclik bir millətin yüksəlməsində ən mühüm faktor olmaqla yanaşı, cəmiyyətin özülüdür. Gənclərin inkişafı, təhsili və tərbiyəsi bilavasitə bütün cəmiyyətin, sağlam gələcəyi baxımından böyük önəm kəsb edir. Beynəlxalq dəyərləri mənimsəmiş, tolerant, yüksək bacarıqlı, millətinə və dəyərlərinə sadiq, adət-ənənələrinə bağlı bir gəncliyə sahib olan ölkənin gələcəyi, əlbəttə, aydınlıqdır. Həmin gəncliyin ehtiyac duyduğu dəstək və sevgini verən, Azərbaycanın gələcəyini onlara əmanət edən dahi liderin gənc nəslin formalaşması və inkişafı istiqamətindəki qiymətli görüşləri bu gün də gənclər və təhsil siyasətinin özülünü təşkil edir.
    Tarixi vərəqləsək, görərik ki, ölkədə baş vermiş ictimai-siyasi proseslər gənc nəslin mənəvi-psixoloji sarsıntısına səbəb olmuşdur. Əbədi müstəqilliyin işığını gənclərdə görən Heydər Əliyevin səyləri ilə gənclərin formalaşması və inkişafında yeni mərhələnin əsası qoyuldu. Ölkəmizdə gənclər gününün təsis edilməsi, bu sahədə qanunlar, sərəncamlar və Dövlət proqramları öz nəticəsini verməyə, gənclik sağlam gələcəyə inamla addımlamağa başladı. Çox da uzun müddət keçməmiş, dövlət-gənclər siyasətinin bəhrəsi kimi Azərbaycanın taleyinin tapşırıldığı gənclik ölkəmizin adını elm, texnologiya, incəsənət, musiqi, idman və bir sıra digər sahələr üzrə birinciliyə yüksəltməyə nail olmuşdur. Xalqla bütünləşmiş ömrü Azərbaycana həsr etmiş dahi liderin bizə miras buraxdığı yüksək dəyərlərin mahiyyəti hamımıza məlumdur. Amma daxilən, bir gənc kimi heyifsilənirəm ki, elə böyük liderin, fədakar rəhbərin dövrünə şəxsən şahidlik edib, Onu canlı görə bilməmişəm. Çünki hər birimiz çox yaxşı bilirik ki, ölkəni idarə etmək kimi ağır məsuliyyət daşıyan bir şəxs qayğıkeş ata, ailə başçısı kimi öz ailəsindən – xalqından diqqət və qayğısını əsirgəmir, xalqla bir olub dərdlərinə, sevinclərinə şərik çıxırdı. O dövrə şahidlik edən kimdən soruşsan, hökmən onun haqqında şirin bir xatirə danışar. Fərqli zaman dilimləri, fərqli yerlər və görüşlərin fərqli səbəbləri.. Amma söhbətlərin bəxş etdiyi hissiyyat dəyişməyir. Danışanların üzündə təbəssüm, həmsöhbət olmağın verdiyi qürur və belə bir şəxsiyyəti itirməyin verdiyi hüzn... Bir dəfə kəndimizdəki yaşlı nənə deyirdi ki, “Vəzifədən və işdən asılı olmayaraq, hər bir rəhbər öz tabeliyində olana məsuliyyət, çalışqanlıq və daha çox uğur arzulayır. Amma Heydər Əliyev bizim kəndin gənc üzümçü qızları ilə görüşmüş, söhbət etmişdi. O, gənclərə öz qızı kimi yanaşaraq qızlara işlərində müvəffəqiyyətlə yanaşı, qadın xoşbəxtliyi, səadət dolu ömür, gözəl ailə arzu etdi. Bir anlıq düşünürsən ki, bir dövlət başçısı ilə deyil, öz doğma qohumunla, qardaşınla söhbətləşib, dərdləşirsən.” Mənzərə budur: xalq Ulu Öndəri sevir, Ulu Öndər də xalqa könüldən bağlıdır.
    İllər uzunu aparılan gənclər siyasəti çərçivəsində minlərlə gənclə görüşlər keçirilir, Ulu Öndər gənclərin problemlərinə, gələcək hədəflərinə işıq tutmağa davam edir. Ulu Öndər dünyasını dəyişdikdən sonra da bu istiqamətdə işlər davam etdirilir. Bu gün müasir Azərbaycan gəncinin yaradıcı düşüncələri, innovativ ideaları ilə beynəlxalq mühitə açılması, onların fiziki və intellektual inkişafının dəstəklənməsi, cəmiyyətdə özlərinə yer tutması Ümummilli Liderin gənclərlə bağlı ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurlu davamının bariz sübutudur. Danılmaz faktdır ki, artıq gənclər, sözün əsl mənasında, dahi rəhbər Heydər Əliyevin arzuladığı situasiyadadır. Düşünən, araşdıran, öyrənən və öyrədən... Öz haqqını bilən, cəmiyyətə faydalı və yüksək bacarıqlı gənclər layiq olduğu bütün mövqeləri əldə edir. Beynəlxalq yarışlarda, konfranslarda, olimpiadalarda himnimizi səsləndirib, bayrağımızı qaldırırlar. Bu bizim üçün böyük qürur mənbəyidir. Qeyd etmək yerinə düşərdi ki, hələ bir neçə gün öncə, Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi öz layihəsi ilə qardaş Türkiyədə keçirilən dünyanın ən büyük “Robotex” festivalında birinci yeri tutaraq bütün Azərbaycanın qürur və sevincinə səbəb olmuşdur. Əslində, bu festivalda biz yalnız Ümummilli Liderin gənclərə yönəlmiş ümidlərinin doğrulmasına şahid olmadıq. Sosial şəbəkələrdə cənab Prezidentimizin yayılan görüntüsü bir daha sübut etdi ki, o, yalnız dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətini deyil, yüksək mənəvi keyfiyyətlərini də ən gözəl şəkildə öz xislətində daşıyır. Festivalda cənab İlham Əliyevin öz yerini 8-10 yaşlı balaca qıza verməsi Ulu Öndərin uşaqlarla olan sevgi və qayğısını gözlər önünə gətirdi. 
    Yenə də sözlərimi dahi liderin biz gənclərə ünvanlanan sözləri ilə bitirmək istəyirəm: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Əminik ki, Azərbaycanımızın gələcəyi etibar olunan əllərdə sonsuz xoşbəxtlik, rifah və səadət içində var olacaq. 

Aysel YUSİFZADƏ
Məqalə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 
anadan olmasının 100 illiyi münasibətilə keçirilən 
“Dahilik zirvəsi” esse müsabiqəsinə təqdim edilir.

Nəşr edilib : 05.05.2023 23:56