AZ EN RU

“Müasir dövrdə media etikası və hüquq” adlı beynəlxalq simpozium keçirilib

    Naxçıvan Dövlət Universitetində Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə Jurnalistika və Hüquqşünaslıq ixtisasları üzrə  20 ildən artıq müddət ərzində kadr hazırlandığı nəzərə alınaraq bu sahə üzrə perspektivlərin dəyərləndirilməsi labüddür. Rektor  Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə məzunlarının qardaş ölkədən bugünkü simpoziuma qatılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. 
   Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov “Molla Nəsrəddin” jurnalında jurnalist etikası məsələləri” mövzusundakı çıxışında qeyd edib ki, Şərqin ilk satirik jurnalı olan bu mətbu orqan hər zaman həqiqətə xidmət, dəqiqlik və obyektivlik prinsiplərini rəhbər tutub.
    “Beynəlxalq media sistemində diffamasiya anlayışı” adlı çıxışında Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva bildirib ki, KİV-də diffamasiya hüquq pozuntusudur. Artıq bir çox ölkələrin qanunvericiliyində diffamasiya cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir. Çıxışda jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyi vurğulanıb. 
    Simpoziumun onlayn iştirakçısı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professoru Nazira Taşpulatova “Özbəkistanın milli jurnalistikasının qanunvericilik sistemi” mövzusunda çıxış edərək öz ölkəsində mövcud olan jurnalistin etik qaydaları barədə danışıb. Professor bu mövzuda nəşr etdirdiyi “Media hüququ” adlı kitabı haqqında məlumat verərək vurğulayıb ki, gələcəkdə bu sahə ilə bağlı birgə əməkdaşlıq aparıla bilər. 
    Tədbirə onlayn qoşulan Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə məzunları olmuş Türkiyənin Atılım Universitetinin dosenti, İctimaiyyətlə əlaqələr və reklamçılıq bölməsinin rəhbəri  İlqar Seyidov “Rəqəmsal etikada nəzəri müzakirə: problemlər və təkliflər”, Türkiyə Respublikasının Milli Media Qrupunun Xarici siyasət departamentinin redaktoru, siyasi analitik Kazım Kazımov isə “Qloballaşma və mediada etika” mövzusunda çıxış  ediblər. Çıxışlarda rəqəmsal medianın müasir cəmiyyətimizdə formalaşdırdığı müsbət və mənfi tendensiyalara nəzər salınıb, sərhədsiz informasiya mübadiləsi və yüksək səviyyəli informasiya texnologiyalarının inkişafından bəhs olunub.
    Simpozium ənənəvi və onlayn bölmədə 25 çıxışla yekunlaşıb. Simpoziumun ənənəvi bölməsində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, AMEA Naxçıvan Bölməsinin, onlayn bölmədə isə  Bakı Dövlət, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan universitetlərinin, İstanbul Universitetinin, Özbəkistan Jurnalistika və  Kütləvi Kommunikasiyalar Universitetinin professor-müəllim heyətinin çıxışları dinlənilib.

Səadət ƏLİYEVA

Nəşr edilib : 17.11.2022 21:43