AZ EN RU

“Müasir dövr və rəqəmsal iqtisadiyyat” mövzusunda elmi konfrans olub

    “Naxçıvan”  Universitetinin  və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyin Bağırsoylu bildirib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasına dair tədbirlər planının müvafiq bəndinə uyğun olaraq “Naxçıvan” Universitetində aidiyyəti dövlət orqanları ilə birlikdə müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
    Vurğulanıb ki,  muxtar respublikamızın bütün regionları sürətli internet və elektron ödənişlərin həyata keçirilməsi üçün lazımi vasitələrlə təmin edilib. Buna görə də universitetin  professor-müəllim heyətinin, tələbələrinin yaradılmış şəraitdən və bu xidmətlərdən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində keçirilən maarifləndirici seminarlar, konfranslar xüsusi əhəmiyyət kəsb edir.
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin bölmə rəisi Ülvi Qurbanov məruzəsində bildirib ki, hazırda ölkəmizdə aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Naxçıvan Muxtar Respublikasında vergi sisteminin inkişafına daim diqqət göstərilib, dövlət idarəçiliyinin müasir standartlara uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələr aparılmaqla vergi orqanları ilə vergiödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlər görülüb.
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev bildirib ki, rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə, iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamına əsasən təsdiq olunan “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ı  üzrə qarşıya qoyulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi nəticəsində 2019-cu illə müqayisədə 2021-ci ildə nağdsız ödənişlərin həcmində 73 497 827 manat artım müşahidə olunub. 1 mart 2022-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 116-ya, POS-terminalların sayı 1554-ə, ödəniş terminallarının sayı isə 56-sı MilliÖn ödəniş terminalı olmaqla, 150-yə çatdırılıb.
    Sonda suallar cavablandırılıb. 

“Naxçıvan”  Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 01.04.2022 20:04