AZ EN RU

Müasir Azərbaycan Heydər Əliyev siyasətinin bəhrəsidir

Dünya təcrübəsi göstərir ki, hər bir xalqın öz müstəqil dövlətini qurması, ilk  növbədə, lider amili ilə bağlı olur və onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində gerçəkləşir. Bütövlükdə millətin taleyində tarixi dönüşə zəmin yaradan taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin şəraitdə belə çıxış yolu tapmaq məharəti ilə seçilən fitri istedada malik insanlardır. Milli tariximizə bu kimi keyfiyyətləri ilə öz adını əbədi həkk etmiş insan Ümummilli Lider Heydər Əliyevdir. Məhz bu dahi şəxsiyyət XX əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüş, onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Ulu Öndər Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcəkdir.

Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Ulu Öndər Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı bu gün hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.

Ümummilli Liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər saldıqda bir daha aydın olur ki, Ulu Öndər respublikaya rəhbərliyinin hələ birinci dövründə ölkəmizdə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi  xalqı milli müstəqilliyə doğru aparan işıqlı yola çıxartdı. Haqq-ədalət uğrunda mücadiləni özünün həyat kredosuna çevirən Ulu Öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla, ədalətli və qanunpərəst rəhbər olduğunu təsdiqləmişdi. Dərin zəkası, lider xarizması, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman xalqının önündə olan Ulu Öndər hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə qarşı apardığı prinsipial mübarizə ilə nüfuz qazanmışdı.

Milli-mənəvi dəyərlərə bağlı olan Ulu Öndər Heydər Əliyev həmin illərdə rus dilinin zorla ittifaq xalqlarına qəbul etdirilməsi cəhdləri ilə barışmamış, ana dilinin təbliği və yayılması baxımından əlindən gələni əsirgəməmişdir. Hələ 1 noyabr 1969-cu ildə o zamankı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş tədbirdə bütün qəlibləri, ideoloji-siyasi sədləri aşaraq ana dilimizdə səlist çıxış edən Ulu Öndər Heydər Əliyev milli təfəkkür və iradənin daşıyıcısı, əzmkar müdafiəçisi olduğunu nümayiş etdirmiş, xalqın özünəməxsusluğunun ifadəsinə çevrilmiş dövlətçilik rəmzlərinə və atributlarına həssas münasibətini ortaya qoymuşdu. Ulu Öndər həmin dövrdə rəsmi nitqlərinin böyük əksəriyyətini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən də qətiyyətlə tələb edirdi. 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiya layihəsi qəbul edilərkən Ulu Öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbit olunması və qorunub-saxlanması sahəsində nümayiş etdirdiyi prinsipiallığı da bunu bir daha təsdiqləyir.

Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Həmin illərdə respublikada milli müstəqilliyə etibarlı zəmin yaradan, sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit formalaşdıran Ulu Öndər xalqın məhz bu möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu dahi şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı və Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində aparılan tədbirlər təkcə siyasi müstəvidə getmirdi, həmçinin yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Həmin dövrdə Araz çayı üzərində qısa müddətdə “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı, Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi. Bu mənada 1990-1993-cü illər Naxçıvanının siyasi, mədəni və iqtisadi tarixindən Ulu Öndər Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərdə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Bu mənada Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalqla işləməyi bacarmaq nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəldilmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilas yolunun başlanğıcı idi.

1991-ci ilin 18 oktyabrından 1993-cü ilin iyun ayınadək cərəyan edən xaotik və gərgin proseslər təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən əvvəl insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu Öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil.

Zəngin iqtisadi bilik və təcrübəsi əsasında yeni  neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Ölkəmizə son  illərdə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti respublikanın malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına da yönəlmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, həm də dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir.

Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər  olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu Öndərin gələcək nəsillərə misilsiz töhfəsi idi.                 

Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.

Qürur hissi ilə deyə bilərik ki, Ümummilli Liderimizin əsasını qoyduğu möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti artıq sürətli inkişaf dövrünü yaşayır. Sevindirici haldır ki, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı cənab İlham Əliyev haqlı olaraq bəyan edib ki, hər hansı ölkənin sabit və davamlı inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Bu mənada ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan artıq bölgənin aparıcı dövlətinə çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının bütün regionları sürətlə inkişaf edir. Muxtar respublikamız da bu inkişafdan öz payını almışdır. Naxçıvan Muxtar Respublikasında aparılan və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, artıq qədim diyarımız Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfələrini verir. Naxçıvanda aparılan abadlıq-quruculuq işləri Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanan inkişaf proqramının əməli nəticələridir. Buna görədir ki, qədim tarixə, mühüm siyasi-iqtisadi və strateji əhəmiyyətə malik muxtar respublikamız sürətli inkişaf dövrünü yaşayır.

Azərbaycan zəngin ölkədir. Onun istedadlı insanları, tükənməz təbii sərvətləri var. Lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir.  Bəli, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan var olduqca xalqımız dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsini görəcəkdir.

Xəyal EYVAZOV

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası 

Ədliyyə Nazirliyinin

Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri  

Nəşr edilib : 15.06.2024 15:30