AZ EN RU

Müasir Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin həyat amalının təntənəsidir

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına Vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.
    Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı, ilk növbədə, onları yetirən millətin xoşbəxtliyidir və Ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Çünki Ulu Öndərin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır.
    Dahi rəhbərin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmək olub. Bütün bunlar isə Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən müdrik insan deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən demişdir: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
    Görkəmli dövlət xadimi Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından məharətlə çıxararaq qoruyub saxlamışdır. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. 
    Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyət ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illərboyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.
    Ümummilli Lider Heydər Əliyev dünyanın nadir insanlarından olmaqla hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik dahi Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu gün qürur duyuruq ki, təkcə Azərbaycanda deyil, bütün dünyada bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəslənilir. 
    Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Ümummilli Lider Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”, – deyən dahi şəxsiyyət millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Şükürlər olsun ki, Ulu Tanrı xalqımıza Heydər Əliyev kimi böyük şəxsiyyət qismət edib. Bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada xalqımızın böyük oğlunun izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.
    Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadimi ölkəyə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu, bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından aldığını söyləyirdi. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq dahi rəhbərə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə “Xalq-Heydər, Heydər-Xalq” birliyi də belə yaranıb. 
    Sirr deyil ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Ümummilli Liderimiz kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.
    Görkəmli dövlət xadiminin fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Həmin illərdə Ulu Öndər Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, müstəqil Azərbaycanı bəxş etdi.
    Öz əlləri ilə qurduğu Azərbaycanın sabahını da düşünən dahi siyasətçi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən, ilk növbədə, xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi.
    Sevindirici haldır ki, bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə Ulu Öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi.
    Dahi şəxsiyyətin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub-yaradanların daim xatırlanacağını göstərdi. Ulu Öndərin “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” sözləri bir ömrün hesabatıdır.
    Heydər Əliyev öz əməli fəaliyyəti ilə Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir. Ulu Öndər müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli Lider dəfələrlə xatırladırdı: “İnsan üçün, hər şeydən əvvəl, onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu Vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq”. Bu sözlər Azərbaycanın dövlətçilik tarixinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin – Heydər Əliyevin nəsillərə müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də, tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. 
    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir”.
    Ulu Öndər Heydər Əliyevin dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində reallığa çevrildiyi kimi, digər arzuları da çin olacaq. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.

    Əldə etdiyimiz inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim xalqın maraqlarına xidmət göstərir və Azərbaycan öz inkişafında bu illərdə qazandığı uğur və nəticələrə dayanaraq daha möhtəşəm tarixini yazmağı, miqyaslı və nəhəng vəzifələrin həllini hədəf götürür. Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı cənab İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”

Yazgül RZAYEVA
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 13.10.2023 20:42