AZ EN RU

Mövsümü uğurla başa vuran nümunəvi təsərrüfat adamları...

    Avqustun 23-də Kəngərli rayonunda keçirilən “Taxıl istehsalının inkişafı ilə bağlı 2023-cü ilin yekunları və cari ildə payızlıq taxıl əkinləri üçün qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə əkinçiliyin inkişafda olan aparıcı sahəsi üzrə əldə olunan nailiyyətlərdən danışılıb, mövcud vəziyyət, görülən işlər təhlil edilib, nöqsanların aradan qaldırılması yollarından söhbət açılıb. Qeyd olunub ki, taxıl istehsalında məhsuldarlığa görə muxtar respublikada Şərur və Sədərək rayonları ən yüksək, Ordubad, Culfa və Şahbuz rayonları isə aşağı nəticə əldə ediblər. Taxıl istehsalçıları sırasında ən yüksək göstərici Şərur rayonunun Çomaxtur kəndindən olan Tağı Məmmədova məxsusdur. O, 0,47 hektar ərazidən 5 ton məhsul əldə edib. Məhsuldarlıq 106,4 sentner olub. Müşavirədə nümunəvi taxıl istehsalçıları kimi 8 təsərrüfat adamı əldə etdikləri yüksək məhsuldarlığa görə fəxri fərmana layiq görülüb. Onlardan Tağı Məmmədov və Zaur Cəfərovun təsərrüfat fəaliyyətləri barədə qısaca söhbət açmaq istərdik... 

    Tağı Məmmədov Şərur rayonunun Çomaxtur kəndinin sayılıb-seçilən ailə təsərrüfatçılarındandır. Ömrünün 74-cü baharını yaşayan bu kənd adamı ötən əsrin 90-cı illərindən, daha dəqiq desək, 1994-cü ildə torpaq islahatından sonra ona düşən pay ərazidə əkin-biçin işləri ilə məşğul olmağa başlayıb. Yaşının ahıl çağları olmasına rəğmən bu gün də övladlarını, nəvələrini başına yığaraq hər gün “çörək ağacı”nın nazını çəkməyə tələsir. Bu barədə böyük şövqlə danışır: – Özümü dərk edəndən torpaq mənim əsas iş yerim olub, ailəmin gündəlik azuqəsini, güzəranımızı əkin-biçin işləri ilə təmin etmişəm. Kolxoz, sovxoz ləğv olunub torpaqlarımız qaytarıldıqdan sonra isə bu işə daha həvəslə, könüldən can yandırmışam. Halal zəhmətimlə ev-eşik sahibi olub, oğul-nəvə böyütdüyüm üçün özümü xoşbəxt hiss edirəm. Pay torpağımız yaşadığımız evin lap yaxınlığında yerləşir. Buna görə işimiz daha rahatdır. Vaxtlı-vaxtında əraziyə baş çəkirik, mal-heyvan zərər verməsin deyə, necə deyərlər, daha yaxından göz-qulaq oluruq. Bu gün mətbuatdan oxuyur, televiziya ekranlarından tez-tez eşidirik ki, dünyada qlobal istiləşmə gedir, su problemi vardı. Naxçıvanda da bu il havalar çox isti keçir, quraqlıq halları qaçılmazdır. Ancaq şükürlər olsun ki, təsərrüfatımız su barədə problem yaşamır. Dövlətimizin dəstəyi ilə fermerlərin səmərəli fəaliyyəti üçün əkin-biçin ərazimizə yaxın yerdə artezian quyusu qazılıb. Biz də bu sudan rahat şəkildə istifadə edirik. Təcrübəmə əsaslanıb deyim ki, taxıl susevərdi, payızda əkilən ərazini məhsul yığımınadək 5 dəfə suvarmalısan. Təzə əkiləndə torpaq, cücərəndə ikinci, boy göstərəndə üçüncü, daha sonra isə çiçək və dən suyu verilir. 
    Təcrübəli təsərrüfatçı qeyd edir:  – Məhsuldarlığın yüksək olması üçün ərazini vaxtlı-vaxtında suvarmaqla yanaşı, əkində keyfiyyətli toxumdan istifadə etmək, eyni zamanda gübrələmə prosesini düzgün aparmaq da vacibdir: – Əvvəllər bir neçə buğda sortunu əkib-becərsəm də, artıq iki-üç mövsümdür ki, Türkiyədən gətirdiyim “Ceyhan 99”a üstünlük verirəm. Keyfiyyətinə söz ola bilməz, zərərvericilərə qarşı da dözümlüdür. Ancaq, necə deyərlər, işini etibarlı tutmaqda fayda var, vaxtı çatanda gübrəni verməlisən. Dövlətimiz var olsun ki, təsərrüfatçıları gübrə ilə təmin edir. Əlavə subsidiya da verilir ki, bu da torpağı şumlamaqda, biçində, tədarükdə kifayət qədər maddi dəstək olmaqla bizi taxılçılığa daha da həvəsləndirir. İstehsal etdiyim məhsulun bir qismini həyətimizdə bəslədiyimiz toyuq-cücə üçün saxlayır, qalanını isə Arpaçayın kənarında yerləşən dəyirmanda üyüdərək un kimi məişətdə istifadə edirik. Sağ olsun dövlətimizi ki müşavirədə əməyimizə qiymət verdi, fəxri fərmana layiq görüldüm. Öz təcrübəmi digər təsərrüfatçılarla paylaşdım. Orada da qeyd olunduğu kimi, başa çatan mövsümdə ən yüksək nəticəni bizim təsərrüfat göstərib, 0,47 hektar ərazidən 5 ton məhsul əldə etmişəm. Məhsuldarlıq 106,4 sentner olub. Müqayisə üçün bildirim ki, keçənilki nəticə bundan az idi. İnanıram ki, gələn mövsümlərdə daha çox məhsul istehsal edib həm ailə büdcəmizi zənginləşdirəcək, həm də rayon iqtisadiyyatına töhfə verə biləcəyik. 
    Zaur Cəfərov Babək rayonunun Kərimbəyli kəndində yaşayır. Ailə təsərrüfatçısıdır. Kiçik yaşlarından atası Musa kişidən əkinçiliyin qaydalarını görüb-götürüb. İndi də çətinliyə, dara düşən kimi valideynindən məsləhət alır. Cari mövsümdə rayonun uğur qazanan təsərrüfatçılarından olan zəhmətkeş insan fəaliyyəti barədə deyir: – Bəzən birinin xarakteri barədə soraq alanda, “yolyoldaşı olmamışam nə deyim” cavabı verilir. Fikrimcə, bu nümunəni təsərrüfat işinə də aid etmək olar. Yəni uğur qazanmaq üçün bu yolda bir xeyli addımlamalı, zamanla işin dilini, yolunu, nəyin doğru, nəyin yanlış olduğunu öyrənməlisən. Kiçik uğursuzluğa görə də qətiyyən həvəsdən düşmək olmaz. Əsas odur ki, təcrübədən düzgün nəticə çıxarmağı bacarasan. Mən bu işə başladığım ilk zamanlarda çətinlik çəksəm də, vaxt ötdükcə əkin-biçinə daha dərindən bələd olmağa çalışmışam. Məhsuldarlığın yüksək olduğu mövsüm də çox olub, aşağı olanı da. Öyrənə-öyrənə bugünkü nəticəyə nail olmuşam. Ümumilikdə, 4-ü özümün, 4-ü icarə olmaqla, 8 hektar sahədə əkin işləri görürəm. Təcrübəyə arxalanıb deyə bilərəm ki, əkinçilikdə yaxşı məhsul əldə etmək istəyirsənsə, birinci görülməli iş şumdan qabaq torpağı yaxşıca qüvvətləndirməkdir. Mən özüm hər il yaxşı məhsul əldə etməkdən ötrü əraziyə xeyli miqdarda quş peyini verirəm. Elə buna görədir ki, cari mövsümdə 2 dəfə suvarma aparmaqla yüksək nəticə əldə etmişəm. Suvarmanın azlığı, təbii ki, mövcud şəraitdən asılıdır. Yəni bu gün hamıya yaxşı məlumdur ki, Babək rayonunda su cəhətdən qıtlıq halları hökm sürür. Düzdür, ərazimdə öz hesabıma             2 artezian quyusu qazdırmışam, ancaq təbii olaraq quyu suyu axar suyun effektini vermir. Toxum olaraq isə “Ceyhan 99”dan istifadə edirəm. Məhsuldar buğda sortudur. Ərazidə buğda ilə yanaşı, qoyun-quzunu yaxşı bəsləməkdən ötrü arpa və yonca da əkirəm. Ümumilikdə, məhsuldarlıq ürəyimcədir. Cari mövsümdə 7 ton arpa, 10 ton buğda və 700 kip yonca tədarük etmişəm. 
    Fermer bildirir ki, dövlətimiz tərəfindən hər hektara görə subsidiyanın verilməsi, eləcə də gübrə ilə təminat maddi cəhətdən işini xeyli yüngülləşdirib: – Bu gün kəndlinin məhsuldar fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Toxuma, şuma, biçinə xərclədiyin vəsaiti dövlət qarşılayır, geridə qalan tək problem, çətinlik su ilə bağlıdır. O da ki bütün dünyada vardır, qlobal məsələdir. Texnika barədə müraciətimizə də müsbət cavab verilib. İnanıram ki, növbəti mövsümlərdə məhsulumuz daha da bol və keyfiyyətli olacaq. Fürsətdən istifadə edib, əməyimizi yüksək qiymətləndirdiyinə görə dövlətimizə bir daha öz minnətdarlığımı bildirirəm.
    Əsrlərin sınağından keçib öz təsdiqini tapmış “İş insanın cövhəridir”, “Əmək insanı ucaldır” ifadələri vətəndaşının kiçik əməyini yüksək qiymətləndirən dövlətimiz və Tağı Məmmədov, Zaur Cəfərov kimi nümunəvi təsərrüfat fəaliyyətləri ilə məşğul olan halal zəhmətkeşlərin sayəsində bu gün də prinsipiallığını, aktuallığını qoruyub saxlayır. Növbəti mövsümlərdə də bu prinsiplə daha çox təsərrüfatçının böyük uğurlar, nailiyyətlər əldə etməsi arzusu ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 06.09.2023 18:21