AZ EN RU

Monitorinq qruplarının üzvləri üçün təlim

    Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  rayon, şəhər icra hakimiyyətləri yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri üçün təlim keçirilib.
    Təlimi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova təlimin əhəmiyyətindən bəhs edərək bildirib ki, müvafiq qanunvericiliyə uyğun olaraq Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. Bu məqsədlə cari il ərzində muxtar respublikanın rayon (şəhər) icra hakimiyyətləri yanında məişət zorakılığının qarşısının alınmasına məsul olan dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupu yaradılmış və fəaliyyətə başlamışdır. Çıxışda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin əhəmiyyətindən bəhs olunub.
    Sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva təlimin keçirilməsində yaradılan şəraitə görə minnətdarlıq edib. “Məişət zorakılığından zərərçəkmiş şəxslərlə sosial işin aparılması prinsipləri”  mövzusunda çıxış edərək bildirib ki, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu  beynəlxalq təcrübələrə əsaslanaraq yaradılan Azərbaycan modelidir. Ceyran Rəhmətullayeva sosial işin vacibliyini vurğulayaraq qeyd edib ki, bu sahə Naxçıvan Muxtar Respublikasında yeni olduğuna görə daha böyük, daha geniş akademik səviyyədə olan işçi qüvvəsi, yəni sosial işçi tələb olunur və pedaqoqlar, müəllimlər və psixoloqlar yaxşı sosial işçilərdir. Ümumiyyətlə, açıq formada zorakılıq hallarının olmadığını bildirən aparat rəhbəri latent formada, yəni gizli formada olan tərəflərin, qarşısının alınması üsulları barədə məlumat verib. 
    Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda slayd vasitəsilə  çıxış etdi. Çıxışda bildirilib ki, məişət  zorakılığı və onun növləri, qanunun şamil edildiyi şəxslər, cinayət xarakterli olmayan məişət zorakılığı barədə şikayət və onların aparılması, yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində zorakılıqla bağlı təyin olunan cərimələr, təkrar zorakılıq, mühafizə orderi – qısamüddətli və uzunmüddətli orderlərin təyin olunması ilə bağlı sosial xarakterli, qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi, broşürlərin hazırlanması, panellərin reklamı şərtdir. Eyni zamanda yardım mərkəzlərinin vacibliyi, orada qalma müddəti, təhlükəsizliyin təmin olunmasını qeyd edən Taliyə İbrahimova  Məlumat Bankının əhəmiyyəti haqqında ətraflı məlumat verib. 
    Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri  Səbinə Abbasova Babək rayonunda görülən işlər haqqında ətraflı çıxış edib. 
    Təlim iştirakçıları tərəfindən müvafiq məsələlər ilə bağlı geniş müzakirələr aparılıb, mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb, təlim iştirakçıları gələcəkdə bu sahədə səmərəli fəaliyyət göstərəcəklərini bildiriblər.

Gülcamal TAHİROVA

Nəşr edilib : 25.10.2023 21:10