AZ EN RU

Möminə xatın türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

Son günlər bəzi media subyektlərində Möminə xatın türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib.

"Şərq qapısı" qəzeti xəbər verir ki, açıqlamada Naxçıvanın simvollarından biri olan Möminə xatın türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunur. Bildirilir ki, Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb.

Xidmət tərəfindən qeyd olunub ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də aparılacaq. Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq.

Nəşr edilib : 18.03.2024 22:16