AZ EN RU

Molla Pənah Vaqifin məzarı başında...

Gözəl bir yaz səhəri Şuşada Azərbaycan ədəbiyyatına öz dəst xətti ilə möhür vuran Molla Pənah Vaqifin məzarı başında dayanmışam. Sanki baxışlarımız qarşılaşır və fikrimdə, düşüncəmdə bir anlıq onunla həmsöhbət oluram:

Qarabağ xanlığının ən vəfalı, düşüncəli, xalqını sevən vəziri, Azərbaycanın söz ustadı, illərlə ruhun narahat gəzəndə Şuşanın düşmən əsarətində olan küçələrində, inşasına özün nəzarət etdiyin məscidlər, hamamlar, bulaqlar dağıdılanda, ürəyin yananda Tanrıya əl açıb dualar etdiyin həmin günlərdən sonra Tanrı da haqqımızı haqq elan etdi, – deyirəm.

Oğullarına elə bir güc verdi ki, keçilməz yolları keçib, aşılmaz uçrumları aşıb, düşmənlə əlbəyaxa döyüşdülər. Qalib olub ruhunuzu azad etdilər. Zəfər qazanıb şanlı tarix yazdılar. Cənnət Şuşanı bizə qaytarmaqla həm də illər öncə tapdalan namusumuzu təmizləyib, əbəbiyyatımızı, tariximizi, milli dəyərlərimizi azad etdilər.

Onlar Cıdır düzündən keçib döyüşə-döyüşə düşmənin xarabaya çevirdiyi məzarını azad edəndə şəhidlik zirvəsinə yüksələn oğulların son nəfəsini duyanda, igidlər son sözünü sənə deyəndə vüsallarını, arzularını, xəyallarını bir qarış torpağa qurban edəndə, xalqın tarixini dəyişən öz qanları ilə qızıl səhifə açan oğullar gözlərin önündə Vətənə can qurban verəndə qürur hissi keçirdin. Axı, özünün də canı düşmənlər tərəfindən alınmışdı. Sən də Qarabağa qurban etmişdin canını. Məhz ona görə yüz illərdir, sözün, imzan yaşayır.

Xatırlayırsanmı, 1903-cü ildə Firudin bəy Köçərli yazırdı ki, “Hal-hazırda Vaqifin qəbri çox acınacaqlı bir vəziyyətdədir və heç kəs onu qaydaya salmağın qeydinə də qalmır”, xalq şairi Səməd Vurğunun sovet ittifaqının qanlı illərində məzarının acınacaqlı vəziyyətini görüb dilə gətirdiyi “Qalxacaq, şairim, bir gün heykəlin, Bizim Qarabağın Cıdır düzündə” arzusu həmin illərdə xalqımızın böyük oğlu tərəfindən yerinə yetirildi. Məzarın üzərində abidə və türbə tikilməsi ilə əlaqədar müvafiq göstərişi verən dahi rəhbər 1982-ci ilin yanvar ayının 14-də qarlı bir qış günündə məqbərənin açılışında iştirak edərək Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponata tamaşa etdi. Yadına gəlirmi, 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya günləri keçirilmişdi. Bu poeziya bayramı həmin tarixdən etibarən hər il avqust ayında Qazaxdan başlayıb Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı. Taki həmin qanlı ilə kimi. 1992-ci ilin həmin gününə kimi....

Ulu Öndərin açılışında iştirak etdiyi Şuşada məzarın üzərində ucaldılan məqbərən 29 illik işğal dövründə düşmən tərəfindən xarabaya döndərilsə də, igid oğullarımız azad etdi ruhunu da, məzarını da. Qüdrətli Sərkərdə ATA vəsiyyətini yerinə yetirərək həm əziz Şuşanı, həm də sizin ruhunuzu əsirlikdən xilas etdi. 40 il sonra həm Ulu Öndərin həm xalqının sevimli şairinin ruhu şad oldu.

 Ulu Öndərin layiqli davamçısının göstərişi ilə abadlaşdırıldı məqbərə. Müzəffər Ali Baş Komandan illər əvvəl Ümummilli Liderin məqbərənə gəldiyi həmin günün 40-cı il dönümündə məzarını ziyarətə gəldi, 40 il sonra Vaqif Poeziya günü keçirildi məqbərənin önündə. Həmin gün səsləndirilən hər cümlə sənin şərəfinə idi. Həmin gün xalqımız üçün bayrama çevrildi. Sevincin iki qat oldu o günlərdə, həsrətlə gözləyirdin dağıdılan məzarının bərpa olunmasını, əzizlərinin ziyarətini. Artıq 4 ildir ki, hər doğan Günəş, ay azad ruhunu işiqlandırır. Azadlığın ərtini duyursan, əzizlərin addım səslərini eşidirsən.

İllərlə narahat ruhun Şuşanın dumanlı səmasında dolaşmaqdan yorulmuşdu. Bu gün o azad göylərdə üç rəngli, ay-ulduzlu Azərbaycan bayrağı dalğalandıqca, Şuşanın azadlığı uğrunda canından keçən igid oğulların ruhu ağ göyərçinə dönüb qanad çaldıqca sənin də ruhun sevinir. Xalqımız bunu görür və əmindir ki, bu, əbədi zəfərdir. Hələ bundan sonra çox üfüqlər doğulacaq Şuşa səmasında, günlər, illər keçəcək bu xalq onun tarixində, ədəbiyyatında iz qoyan Vaqifini də, Vətəni uğrunda canından keçib bizi yenidən gözəl yurdumuza qovuşduran igid oğullarını da unutmayacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 19.04.2024 14:16