AZ EN RU

“Molla Nəsrəddin” jurnalının 116-cı idönümü ilə bağlı dəyirmi masa keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Molla Nəsrəddin” jurnalının 116-cı ildönümü ilə bağlı “Molla Nəsrəddin” jurnalının muzeylər vasitəsi ilə təbliği” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Aləmzər İbrahimova açaraq bildirmişdir ki, Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixini öyrənməyin böyük rolu vardır.

Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova “Molla Nəsrəddin” jurnalının tarixi mübarizəsi”, Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlama üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva “Molla Nəsrəddin” jurnalında karikaturalar və illüstrasiyalar”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş fond mühafizi Günel Novruzova “Molla Nəsrəddin” jurnalının “Qoca əmi”si M.Ə.Sabir”, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva “Molla Nəsrəddin” jurnalında qadın azadlığı məsələsi”, Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində Xatirə Muzeyinin baş fond mühafizi Şahmar Babayev “Molla Nəsrəddin” jurnalında ana dili məsələsi” mövzularında çıxış etmişlər.

Daha sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi Nərmin Yaqublu “Molla Nəsrəddin” jurnalında nəşr olunmuş felyetonlardan nümunələr səsləndirmişdir.

Sonda isə demokratik fikirli yazıçı Cəlil Məmmədquluzadəyə və “Molla Nəsrəddin” jurnalına həsr olunmuş guşəyə baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 11:07