AZ EN RU

Möhkəm təməl və formalaşan baza

İdmançılarımızın uğurları ildən-ilə artır

    Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Vətənimizin həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması müstəqillik illərində daha geniş vüsət alıb. Hər il müxtəlif beynəlxalq yarışların, turnirlərin Azərbaycanda keçirilməsi hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə müsbət imic qazandırıb. Sürətlə kütləviləşən müxtəlif idman növləri gənclərimizi daha böyük qələbələrə ruhlandırmaqla yanaşı, gələcəyə hesablanmış idman siyasəti böyük idmançı ordusunu formalaşdırıb. Təbii ki, bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Ölkəmizin bütün bölgələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. Naxçıvan Muxtar Respublikasında da idman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, zallarının, komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. İdmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, il ərzində müxtəlif təlim-məşq toplanışlarının keçirilməsi idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr qazanmasını təmin edir. Başa çatmaqda olan ildə muxtar respublikanı ölkədaxili və beynəlxalq arenalarda təmsil edən idmançılarımız böyük uğurlara imza atıblar. Onların çoxunun yeniyetmə olması isə Naxçıvanda mühüm idmançı bazasının formalaşdırılmasından xəbər verir.
    Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Ələkbər Əsgərov 2022-ci ildə bir çox uğura imza atıb. 2009-cu il təvəllüdlü sərbəst güləşçimiz artıq 5 ilə yaxındır, bu idman növü ilə məşğuldur. Bir sıra ölkədaxili və beynəlxalq turnirlərin mükafatçısı olan Ələkbər üçün cari il yaddaqalan olub. Belə ki, ilin əvvəlində Masallı Olimpiya İdman Kompleksində  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə açıq turnirdə iştirak edən idmançımız yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanıb: “Həmin turnirə ciddi hazırlaşmışdım. Bir çox rəqiblərimlə görüş çətin keçsə də, sonda qələbəni bayram edə bildim. Lakin həlledici qarşılaşmada etdiyim müəyyən səhvlərdən sonra məğlub oldum və ikinci yerlə kifayətləndim. Bundan sonra məşqlərdə etdiyim səhvlər üzərində çalışdım və növbəti beynəlxalq turnirdə qalib adını qazandım”. Ələkbər Əsgərov İran İslam Respublikasının Urmiya şəhərində İran İslam İnqilabının mübarək Fəcr ongünlüyü münasibətilə keçirilən güləş üzrə beynəlxalq turnirdə Naxçıvan komandasının heyətində yer alıb. O, keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

    Bakı şəhərində “Şuşa ili”nə həsr olunan “Şuşa 270” adlı yunan-Roma və sərbəst güləş üzrə “Çempion” kəməri uğrunda açıq turnirdə isə idmançımız bürünc medal qazanıb. Bununla yanaşı, o, cari ildə təşkil edilən muxtar respublika və şəhər birinciliklərində mükafat qazanmağa müvəffəq olub: “2022-ci ildə qazandığım uğurlarla kifayətlənmək istəmirəm. Qarşıdakı yarışlara ara vermədən hazırlaşıram və 2023-cü ildə daha böyük uğurlar qazanacağıma inanıram”.
    Artıq 4 ildən çoxdur, kikboksinq ilə məşğul olan Oğuz Məmmədli yaşının az olmasına baxmayaraq, kifayət qədər uğurlu nəticələr əldə edib. Dəfələrlə keçirilən muxtar respublika və şəhər birinciliklərinin mükafatçısı olan 13 yaşlı idmançımız ölkədaxili yarışlarda da Naxçıvanın idman ənənələrini layiqincə təmsil edib. 2022-ci il onun üçün uğurlu olub, – desək, yəqin ki, yanılmarıq. Cari ilin mart ayında Şağan Olimpiya İdman Kompleksində keçirilən MMA, pankration və qrepplinq üzrə Bakı şəhər açıq birinciliyində federasiyanın sədri, məşqçi Xəyal Abdullayevin rəhbərliyi altında Oğuz Məmmədli 12-13 yaş kateqoriyasında 42 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İdmançımız həmin yarışda 1 qızıl və 1 gümüş medal qazanmaqla, ona göstərilən ümidləri doğruldub: “Qazandığım uğurlarda məşqçimin rolu böyükdür. Hər zaman bizimlə yaxından maraqlanan məşqçimiz, yarışlarda məğlub olmağımıza baxmayaraq, həmişə bizə dəstək olur. Uzun müddətdir, bu idman növü ilə məşğulam və bir çox uğur qazanmışam. Ancaq bununla kifayətlənmək fikrində deyiləm. Məqsədim böyük turnirlərdə qalib olmaq, bayrağımızı dalğalandırmaqdır. Bilirəm ki, bu hər bir idmançının arzusudur. Bunun üçün də gərək daim çalışam, məşqlərə ara verməyəm”.

    Cari ilin may ayında Bolqarıstanın Albena Kranevo şəhərində keçirilən 12-ci Avropa Şotokan Çempionatı karateçilərimiz üçün uğurlu alınıb. Karatenin “kata”, “şobu ippon”, “şobu sanbon”, “WKF kumite” üslublarında qaliblərin müəyyənləşdiyi qitə birinciliyində idmançılarımız 7-si qızıl, 7-si gümüş, 16-sı bürünc olmaqla, 30 medal qazanıblar ki, bu da tarixi nəticədir. Həmin idmançılardan biri də Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Bağırovdur. O, 14-15 yaş kateqoriyasında (-57 kiloqram çəki dərəcəsi) “WKF kumite” üzrə birinci, digər üslublarda isə ilk üçlükdə qərarlaşıb. Məşqçi-müəllim Nizami Bağırovun yetirməsi olan Məhəmməd 11 dəfə muxtar respublika birinciliyinin qalibi olub. Bununla yanaşı, o, 2021-ci ilin noyabr ayında İstanbul şəhərində keçirilən 11-ci Şotokan dünya çempionatının gümüş mükafatçısıdır: “Ən böyük arzum Azərbaycan yığmasının heyətində Olimpiya oyunlarında iştirak etmək və uğur qazanmaqdır. Bunun üçün çoxlu çalışmalı, məşq etməli və keçirilən turnirlərdə nailiyyət əldə etməliyəm. Qarşıda bizi daha böyük yarışlar gözləyir. İlk olaraq onlara hazırlaşır, məşqlərimə ara vermirəm. İnanıram ki, bir gün böyüklər arasında dünya və Avropa çempionu olacağam. Bunu təsəvvür etmək belə gözəl hissdir”.

    Bu gün muxtar respublikada belə uğurlara imza atan idmançılarımızın sayı hədsizdir və bu, qürurvericidir. Bu, eyni zamanda ölkəmizdə idmanın dinamik inkişaf tempinin, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Təbii ki, qeyd edilən nailiyyətlərin əsasında idmana dövlət tərəfindən göstərilən yüksək qayğı, gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına göstərilən xüsusi diqqət dayanır.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 20.12.2022 20:10