AZ EN RU

MM Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçirilməsini təsdiqləyib

Azərbaycanla Qazaxıstan arasında müxtəlif təhsil səviyyələri üzrə hər il 12 tələbə mübadiləsi həyata keçiriləcək.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, iki ölkə arasında imzalanan protokola əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi həyata keçiriləcək.

Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə 3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil edəcək.

Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinin və Qazaxıstanın ali (və ya) ali təhsildən sonrakı təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün səyləri göstərəcək.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq qəbul edilib.

Nəşr edilib : 21.05.2024 12:39